“MİDA-nın evlərini almaq üçün sistemə canlı bot qoşurdular”

Foto: Banker.az

Güzəştli mənzil almaq istəyənlərə İT mütəxəssisləri qiymət oxuyur

Artıq bir neçə ildir ki, Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ev növbəsində olan minlərlə aztəminatlı ailə üçün güzəştli mənzillərin satışını həyata keçirir.

Bu il martın 30-da daha 500-ə yaxın güzəştli mənzil satışa çıxarıldı. Bu mənzilləri almaq istəyənlərin sayı isə 9 minə yaxın olub.

Satışdan sonra sosial şəbəkələrdə narazılıqlar, şikayətlər yayıldı. Onların əksəriyyətində bildirilirdi ki, mənzillərin hamısı 4-5 saniyə içində satıldı və bu işdə bir yanlışlıq var.

“Qeydiyyatı 10 saniyəyədək tamamlamağı öyrəndik”

Meydan TV-yə bu barədə danışan 32 yaşlı Samirə İsayeva (ad şərtidir) və həyat yoldaşı da illərdir ev almağı planlayır. Yalnız aylıq gəlirləri onlara güzəştsiz şərtlərlə mənzil almağa imkan vermir. Odur ki, bu il MİDA-nın güzəştli mənzil kampaniyasına qoşulmaq qərarı veriblər.

Gənc qadın deyir ki, 2 gün əvvəldən test ediblər. Məşqlər zamanı bütün prosesi 10 saniyədək etməyi öyrəniblər. Həmin gün isə prosesi 10 saniyədən tez tamamlayıblar, lakin sonda bircə evin də qalmadığını görüblər.

“Məncə, prosesdə nəsə qanunsuzluq olub”

“Mən hər gün kompüter arxasındayam, sürətli yazıram. Alacağımıza əmin idim. Heç 10 saniyə də olmadı, 8-9 saniyə böyük zaman deyil, yəni biz gecikmədik. Düşünürəm ki, prosesdə nəsə qanunsuzluq olub”.

Samirə birinci mərhələdən bütün prosesi bölüşür. Deyir, mənzil lotereyasına hamı müraciət edə bilməz. Müəyyən kateqoriyadan olan insanlar qoşula bilər. Ən azı 3 il elmi işdə çalışmalısan, eyni zamanda, çalışdığın yer MİDA-nın siyahısında olmalıdır. Bunlar qaydasındadırsa, sonra müəyyən sənədlər toplamaq mərhələsinə keçə bilərsən.

Müraciət üçün nə lazımdır?

Bura iş yerindən arayış, maaşla bağlı məlumat, MİDA-nın saytından yüklənən ərizə, əmək müqaviləsinin sürəti və s daxildir. Bunların hamısını ASAN Xidmət notarial qaydada təsdiqləyir və bu sənədlər əsasında şəxsə hökumət portalında şəxsi kabinet açılır.

“Sonra banka yaxınlaşırsan. Onların siyahısında “Kapital Bank”, “Rabitə Bank” və “Azərtürk Bank” var idi. Bank aldığım maaşa əsasən mənə nə qədər kredit verə biləcəyini bildirdi. Bu razılığı alandan sonra sistemə daxil olub, imzaladım. Bununla da birinci mərhələ bitdi”.

“8-9 saniyəyə bir mənzil də qalmamışdı”

Samirə İsayeva deyir ki, növbəti mərhələ lotereya oyunudur. O da martın 30-da baş tutub:

“Düz saat 11 tamamda sistemə daxil olduq. Orada 3 cür seçim var: Ünvan, parametr və xəritə üzrə. Bunlardan birini seçdik və növbəti seçim mənzillə bağlı idi. Biz bütün prosesi 10 saniyədən tez bir müddətə etdik. Gördük ki, heç bir mənzil belə yoxdur”.

Samirə deyir ki, sonra lotereyanın ikinci mərhələsi də olub. Lakin onlar buna heç cəhd də etməyiblər:

“8-9 saniyəyə 500-ə yaxın mənzildən birini də ala bilmədik. Növbəti mərhələdə ev almış və ondan imtina etmiş insanların mənzilləri satışa çıxarılır. Bu da 99 faiz nisyə söhbətdir. Heç adını da tutmadıq”.

“Hamı IT mütəxəssis məsləhət görürdü”

Samirə və həyat yoldaşı bu yola girəndən dost-tanış, daha öncə güzəştli şərtlərlə mənzil almış insanlardan “bunu özünüz etsəniz, mümkün olmayacaq” sözlərini çox eşidiblər. Onlara bu sahəni bilən IT mütəxəssisə müraciət etmələri tövsiyə edilib. Hətta bir neçə belə mütəxəssis adı, nömrəsi də verilib.

“Maraq üçün əlaqə saxladıq. Həmin mütəxəssislər 3 otaqlı evin alışı üçün 10 min, 2 otaqlı ev üçün 6-7 min, 1 otaqlı ev üçünsə 3-5 min arası ödəniş istədilər. Biz bunun absurd olduğunu düşündük. Adı üstündə, bizim bu qədər imkanımız olsaydı, özümüzə indiyədək ev alardıq. Həm evin məbləği, həm də bu vəsaiti veririksə, bunun harası güzəştli mənzil olur? Nə isə, biz imtina etdik və düşündük ki, onsuz da 10 saniyəyə işi tamamlaya bilirik. Sürətli yazmaq üçün IT mütəxəssisi olmaq lazım deyil”.

“Burada sürətli yazmaq rol oynamır”

Ailə indi anlayır ki, məsələ heç də sürətli yazmaqda deyilmiş:

“Burada sürətli yazmaq rol oynamır. İşin içində nəsə fırıldaq var. Onu da deyim ki, bu mütəxəssislər öncədən pul istəmirlər. Evi alandan sonra haqlarını tələb edirlər. Yəni özlərinə bu qədər əmindirlər”.

“Deyildi ki, 2 saatlıq işdir, 1500 manat alacaqsan”

Meydan TV bu məsələni araşdırarkən bu sahədə IT xidməti göstərən qrupdan iş təklifi alan bir nəfərlə də danışıb. Gündəlik işi kompüter sahəsində olan Rüfət Məmmədov (ad şərtidir) 2 ay öncə bir tanıdığının vasitəçiliyi ilə iş təklifi alıb. Ona maaşın yüksək olacağı, işin isə cəmi bir neçə saatlıq olduğu bildirilib.

“Əvvəlcə mənə deyildi ki, özünlə bərabər, sürətli yazı yazan insanlar da tanıyırsansa, onlara da de. Bir neçə saatlıq işdir və 1500 manat maaş veriləcək. Daha sonra dedilər ki, 2-3 dəfə klaviaturada “PrtSC” düyməsini vurursan, 500 manat sənindir”.

“Sistemə canlı bot qoşurlar, çünki birbaşa bot uğursuz ola bilər”

Rüfət deyir ki, əvvəlcə elə bilib adi işdir, razılaşıb. Sonra işin nədən ibarət olduğunu biləndə, rədd edib:

“Mən də elə bilirəm vakansiya var, sən demə, şəbəkə qurublar. İnsanlar da bilmir, pula görə qoşulur bunlara. Sən demə, işləri MİDA-nın satışa çıxardığı evləri almaq üçün onlara müraciət edən vətəndaşlara ev alıb, onlardan minlərlə manat pul qoparmaq imiş. Sistemə canlı bot qoşurlar, çünki birbaşa bot uğursuz ola bilər. Ehtiyatlarını alırlar, əvvəlcə düymə ilə evi udmağa çalışırlar, əgər set tutulursa, o zaman sürətli yazmaq işə düşür. Hər tərəfdən işlərinin ehtiyatını tutublar. Deyirlər, artıq 3-cü ildir belə edirlər. Amma bu dəfə daha genişmiqyaslı”.

Etirazlara cavab: Satış qaydasında keçirilib

Rüfət deyir ki, ona bu işi təklif edən IT işi ilə məşğul olan biri olub: “Adamları o tapıb, qohum-əqrəba hamısını cəlb edib işə. Məni dəvət etdikləri yerdə də xeyli insan toplaşmışdı. Hamı iş adı ilə gəlmişdi”.

Yüzlərlə vətəndaş sosial şəbəkələrdə bu prosesə etiraz etsə də, MİDA rəsmi açıqlama verib bildirdi ki, seçimlər hamısı qaydasında gedib və satış uğurlu olub.

Meydan TV etirazlarla, satışla bağlı MİDA-dan açıqlama ala bilməyib. Yalnız qurum satışın səhərisi günü bəyan edib ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 mənzil ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satılıb.

Satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb. Satış prosesində hər hansı qayda pozuntusu olmayıb.

Ötən il sosial evlərə 44.7 milyon manat kredit ayrılıb

2021-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına Azərbaycanda 356.1 milyon məbləğində 5 min 293 kredit verilib.

Bu barədə hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Sənəddə qeyd edilir ki, dövlətin verdiyi ipoteka kreditlərinin 253.8 milyon manatı (3 min 425) adi, 102.3 milyon manatı (1 min 868) isə güzəştli olub.

2020-ci ildə müqayisədə Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi təxminən 38 faiz artıb. Həmin il Fondun vəsaiti hesabına 257.5 milyon manatlıq 3 min 783 kredit verilib.

Ötən il güzəştli ipoteka kreditlərinin 44.7 milyon manatı və yaxud 1 min 66-sı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) satdığı mənzillərin (sosial evlər) alınmasına verilib.

İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasına görə isə, indiyə kimi 37 min 984 ipoteka krediti verilib. Verilən ipoteka kreditinin məbləği isə 2 milyard 89 milyon 803 min 614 manat təşkil edib.

İpoteka kreditləri adi qaydada 8, güzəştlə isə 4 faizlə verilir.

Ana səhifəSosial“MİDA-nın evlərini almaq üçün sistemə canlı bot qoşurdular”