Müharibə iştirakçısının intihar etdiyi bildirilir

Babakişiyev İsmət. Mənbə: Facebook

Keçmiş əsgərin post travmatik stress pozuntusundan əziyyət çəkdiyi ehtimal olunur

İkinci Qarabağ Müharibəsi iştirakçısı İsmət Namiq oğlu Babakişiyevin intihar etdiyi bildirilir. Hadisə gecə saatlarında Gədəbəy rayonunun Çanaqçı kəndində baş verib.

Yaxınlarının sözlərinə görə, 22 yaşlı İsmət Babakişiyev ailə üzvləri yatdıqdan sonra özünü asıb.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

İsmət Babakişiyev Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşüb, Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və “Şücaətə görə” medalları ilə təltif olunub. Hadisə baş verən günü onun 22 yaşı tamam olurdu.

Keçmiş əsgərin post travmatik stress pozuntusundan əziyyət çəkdiyi ehtimal olunur.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) bu il, yanvarın 31-də yaydığı hesabata görə, Azərbaycan müharibədən sonra ən azı 110 hərbçisini itirib. Ümumilikdə 85 nəfəri qeyri-döyüş şəraitində ölüb. Onlardan 12-si intihar edib.

Ana səhifəSiyasətMüharibə iştirakçısının intihar etdiyi bildirilir