Feministlər qadın qətllərinə, şiddətə qarşı çağırış etdilər
Martın 8-də Azərbaycan Feminist Hərəkatının təşkilatçılığı ilə Bakının mərkəzində, Fəvvarələr Meydanında aksiya keçirilib.
“8 Marş – susa bilmirik” aksiyası iştirakçıları bildiriblər ki, Azərbaycanda qadına qarşı şiddət şikayətləri lazımi şəkildə araşdırılmır, polis şikayət edən qadını həyat yoldaşı ilə barışdırıb, evinə dönməyi məsləhət bilir.
“Barışdırma, araşdır”, – şüarı səsləndirən aksiya iştirakçıları bu hala etiraz ediblər. Eyni zamanda, bildiriblər ki, heç bir zorakılıq halı, ölüm hadisəsinin haqlı tərəfi olmur. Odur ki, bu kimi halların sorğulanması cəmiyyət üçün təhlükəlidir.
“Şiddətin haqlısı yoxdur!”, “Birləşsin qadınlar, susmaq yoxdur, üsyan var!”, – deyərək bu hallara da etiraz ediblər.
Aksiya keçirilən əraziyə çoxsaylı polis qüvvələri cəlb edilsə də, onlar əvvəlki illərdə olduğu kimi aksiyaya müdaxilə etməyiblər. İştirakçılar mərkəzi küçələri gəzə-gəzə Feminist Hərəkatının himnini və şüarlar səsləndiriblər.
Sonda isə aksiyanın bəyanatını oxuyublar.
Həmin bəyanatda bildirilir ki, qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirilməlidir. Qadınlara qarşı baş verən cinayətlər qanunauyğun və ədalətli şəkildə araşdırılmalı və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır:
“İstanbul Konvensiyası qəbul edilməlidir. Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələr aradan qaldırılmalıdır. Gender və cinsi oriyentasiyasından asılı olmayaraq, hər kəsin bərabər hüquqları təmin edilməlidir”.