“Onun imperiya qurmaq arzusu heç vaxt həyata keçməyəcək”
“Homo Sapiens” və “Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari “The Guardian”da Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə barədə köşə yazıb.
Harari qeyd edib ki, müharibə bir həftədən də az müddətdir başlayıb, amma Vladimir Putinin tarixi məğlubiyyətlə üzləşdiyi artıq aydın görünür: “Putin bütün döyüşlərdə qalib gələ bilər, amma müharibəni uduzur. Onun Rusiya imperiyasını bərpa etmək arzusu hər zaman Ukraynanın real ölkə olmadığı, ukraynalıların real xalq olmadığı, Kiyev, Xarkov və Lvov əhalisinin Moskvaya tərəf can atması kimi yalanlar üzərində qurulub”.
Tarixçinin sözlərinə görə, Putin hərbi münaqişəyə başlayan zaman bilirdi ki, Rusiya hərbi baxımdan Ukraynanı kölgədə qoyur: “Lakin Ukrayna xalqı Rusiya rejimini qəbul etməyəcək. Bir ölkəni zəbt etmək, onu əldə saxlamaqdan daha asandır. Putin müharibəyə başlayanda bilirdi ki, NATO Ukraynaya kömək üçün qoşunlarını göndərməyəcək”.
“Avropanın Rusiya neft və qazından asılılığı Almaniya kimi ölkələri sərt sanksiyaların tətbiqindən çəkindirəcəyini də təxmin edirdi. Onun planı Ukraynaya ağır və sürətli zərbə vurmaq, hökuməti devirmək, Kiyevdə oyuncaq rejim qurmaq və qərb sanksiyalarından yayınmaq idi. Putin bununla böyük riskə girdi”, – deyə o bildirib.
“Rusiya imperiyasının ölüm şəhadətnaməsində Qorbaçovun deyil, Putinin adı olacaq”
Harari hesab edir ki, qarşıda hələ çox qaranlıq günlər var: “Ruslar hələ də bütün Ukraynaya nəzarət edə bilərlər. Lakin Ukraynanın işğalı, xalqın onlara icazə verəcəyi təqdirdə mümkündür. Hansı ki bu da artıq inandırıcı gəlmir. Hər bir rus tankı məhv edildikcə, bir rus əsgəri öldürüldükcə, xalqın müqavimətdə cəsarəti daha da artır”.
“Daha çox ukraynalı qanı tökən Putinin imperiya qurmaq arzusu heç vaxt həyata keçməyəcək. Rusiya imperiyasının ölüm şəhadətnaməsində Mixail Qorbaçovun deyil, Vladimir Putinin adı olacaq”, – deyə tarixçi qeyd edir.
Onun sözlərinə görə, Qorbaçovdan sonra ruslar və ukraynalılar özlərini qardaş xalqlar kimi hiss etdilər: “Putin isə onları düşmənə çevirdi. Təəssüf ki, bu müharibənin uzun müddət davam edəcəyi ehtimalı var. Amma ən mühüm məsələ artıq həll olunub. Ukrayna bütün dünyaya sübut etdi ki, əsl dövlətdir. Ukraynalılar əsl xalqdır və onlar mütləq hakimiyyət altında yaşamaq istəmirlər”.
Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.
Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.