“İki dəfə vurub döşəməyə yıxdılar, gödəkçəmi cırdılar”
Reportyor Fatimə Mövlamlı fevralın 15-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində döyüldüyünü bildirib.
Bu barədə F.Mövlamlı Meydan TV-yə danışıb.
O bildirib ki, Prezident Administrasiyası qarşısında etiraz aksiyasını çəkərkən həmkarı Sevinc Sadıqova ilə birgə saxlanılıb.
Jurnalistin sözlərinə görə, ondan çəkilişi silməyi tələb ediblər: “Bizi Prezident Administrasiyasının qarşısında saxladılar. Telefonlarımızı almaq istədilər və çəkilişi silməyi tələb etdilər. Sevinc Sadıqovanı polis maşınına mindirəndə belindən təpiklə vurdular. Məni isə 9-cu bölmədə rəhbərliyin gözü qarşısında iki dəfə vuraraq döşəməyə yıxdılar. Ayağımda izləri də qalır. Onlar mənim gödəkçəmi cırdılar”.
F.Mövlamlı onu döyən polislərdən birini tanıdığını deyib: “Elşən adlı polisdir. Bir azdan sosial şəbəkədə hər iki polisin şəklini paylaşacağam”.
O, polislərin hərəkəti ilə bağlı məhkəməyə şikayət edəcəyini bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elşad Hacıyev isə Fatimə Mövlamlının iddialarını qəbul etmir.
DİN sözçüsü Meydan TV-yə deyib ki, jurnalistin iddiaları əsassızdır.