“Məndən və Nemət Kərimlidən əlavə məlumatlar aldı”
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və vəkili Nemət Kərimli fevralın 10-da ABŞ-nın Azərbaycandakı səfiri Li Litzenbergerlə görüşüb.
Bu barədə Tofiq Yaqublu məlumat paylaşıb.
O bildirib ki, səfirlə görüşündə işgəncəyə məruz qalması ilə bağlı hadisə də müzakirə olunub.
Tofiq Yaqublunun sözlərinə görə, səfir həmçinin bu hadisənin diqqətlə izlənildiyini deyib:
“Məndən və Nemət bəydən bu haqda əlavə məlumatlar aldı. Bundan əlavə ölkədəki ictimai-siyasi vəziyyət haqqında geniş fikir mübadiləsi apardıq”.
2021-ci ilin dekabrın 1-də “Fəvvarələr bağı”nda Saleh Rüstəmova azadlıq tələbiylə keçirilən aksiyada saxlanılan siyasi fəal Tofiq Yaqublu işgəncələrə məruz qalıb.
Bu barədə T.Yaqublu özü Meydan TV-yə açıqlama vermişdi.
Fevralın 7-də T.Yaqublu onun işgəncə şikayəti üzrə cinayət işi başlamaqdan imtina edən Səbail Rayon Prokurorluğunun qərarından məhkəməyə şikayət verib.
Belə ki, prokurorluq T.Yaqublunun sosial mediada yayılan görüntülərində işgəncə əlamətlərinin olmadığı nəticəsinə gəlib.
Prokurorluq Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 (cinayət təqibini istisna edən hallar – cinayət hadisəsi olmadıqda) maddəsinə istinad edərək, siyasi fəalın şikayəti üzrə cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edib.