Əfqan Muxtarlı: “Azərbaycan hakimiyyəti həmin adamlardan qisas alır”
Almaniyadan deport edilən daha bir mühacirin narkotiklə şərlənərək həbs edildiyi bildirilir.
Yaxınları Pünhan Kərimlinin 6 gün əvvəl saxlanıldığını söyləyir.
Ailəsi ondan 36 saat məlumat ala bilməsə də, sonradan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi saxladığı məlum olub.
Ona qarşı narkotik satışı ilə bağlı ittiham irəli sürülüb, hazırda isə Şüvəlan İstintaq Təcridxanasında saxlanılır.
“Artıq bir həftədir ki, həbs edilib, ancaq qardaşımla görüşə bilmirik”
Almaniyadan Azərbaycana deport olunan daha bir fəal Cəfər Mirzəyev isə yanvarın 27-də saxlanılıb.
Qardaşı Vüsal Mirzəyev Meydan TV-yə bildirib ki, o, narkotiklə şərlənərək həbs edilib: “Artıq bir həftədir ki, həbs edilib, ancaq biz qardaşımla görüşə bilmirik. Heç telefonda danışmaq da mümkün olmayıb. Vəkil bu günlərdə vəsatət qaldırmalıdır ki, ailəsi ilə görüşə bilsin. Eyni zamanda, qərardan apelyasiya şikayəti vermişik. İndi isə gözləyirik, görək nə olur”.
Cəfər Mirzəyevin bu günlərdə apelyasiya şikayətinə baxılacaq. O, narkotik satışında ittiham edilir. Özü və ailəsi bu ittihamları rədd edir, həbsinin siyasi olduğunu bildirirlər.
Bu günədək Almaniyadan deportasiya edilən 4 nəfər mühacir Azərbaycanda həbs edilib.
Mütəllim Orucov və Malik Rzayev də narkotik ittihamı ilə həbs edilənlərdəndir.
Vəkil: “Özlərinin dediyinə görə, onlara işgəncə verilib”
Həbs olunanlardan 3 nəfərin vəkili Nemət Kərimli deyir ki, aparılan istintaq işləri onu qane etmir.
Onun sözlərinə görə, Malik Rzayev və Mütəllim Orucovun işi ilə bağlı demək olar ki, heç bir istintaq işi aparılmır. Baxmayaraq ki, dindirilməsi barədə vəsatət verilib: “Həm Mütəllim Orucov, həm də Malik Rzayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət vermişəm. Heç biri qəbul edilməyib. Özlərinin dediyinə görə, onlara işgəncə verilib. Buna görə də həm Sumqayıt Şəhər Prokurorluğuna, həm də Quba Rayon Prokurorluğuna müraciət etmişəm”.
Vəkil bildirib ki, Quba Rayon Prokurorluğu səthi bir araşdırma aparıb. Onunla Quba Rayon Məhkəməsinə şikayət olunub.
Sumqayıt Şəhər Prokurorluğu isə ümumiyyətlə, araşdırma aparmayıb: “Mən Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdim. Məhkəmə ərizəni qanunsuz olaraq geri qaytardı. Bundan apelyasiya şikayəti veriləcək”.
Vəkil hələ Cəfər Mirzəyevlə görüşə bilməyib. Dediyinə görə, onunla bağlı verilən həbs qərarından apelyasiya şikayəti verilib.
Jurnalist: “Almaniyadan Azərbaycana min nəfərdən artıq adam deportasiya olunub”
Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlının sözlərinə görə, pandemiya səbəbindən 2 il idi ki, deport qərarı olan şəxsləri deportasiya edə bilmirdilər. Çünki yollar bağlı idi, uçuş yox idi və s.
O deyir ki, artıq bu problemlər aradan qaldırılıb. Odur ki, son zamanlar deport qərarı olan insanların deportasiyasına başlanıb: “Deportasiyalar BMT ilə Azərbaycan və Almaniya hökuməti arasında imzalanmış Redmissiya Sazışı əsasında həyata keşirilir. Vətənə dönüş proqramına BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nəzarət edir. Məsələ bundadır ki, Almaniya Miqrasiya Xidməti bir çox halda qaçqınlıq üçün müraciət edən adamların işini hərtərəfli araşdırmır. Görünür, onlara Azərbaycandakı etibarlı mənbələri düzgün məlumat vermir”.
Jurnalist bildirib ki, son bir neçə ay ərzində Almaniyadan Azərbaycana min nəfərdən artıq adam deportasiya olunub. Onlardan 4 nəfər deportasiya olunandan sonra həbs edilib: “Hər birinə qarşı narkotik ittihamı irəli sürülüb. Həmin şəxslərin hər biri Almaniyada olanda siyasi fəaliyyətlə məşğul olubar. Müxtəlif aksiyalar təşkil ediblər. Bura Azərbaycandakı siyasi məhbus problemləri, qanunsuz həbslər, işgəncələrlə bağlı etirazlar daxildir. Azərbaycan hakimiyyəti indi həmin adamlardan qisas alır”.
Əfqan Muxtarlı əlavə edib ki, artıq Azərbaycanda pandemiya ilə əlaqədar xaricindən gələn azərbaycanlılar karantində saxlanılmır.
Ancaq deportasiya olunan bütün insanları məcburi Atletlər Kəndində karantinə aparırlar. Bu dövr ərzində onlardan Baş Prokurorluq, polis, Dövlət Təhlükəsizliyi Xidməti izahatlar alır: “Daha doğrusu, bizdə olan dəqiq məlumatlara görə, hazır izahatlara qol çəkdirirlər. Eyni zamanda, hər bir adamın Almaniyadakı fəaliyyəti araşdırılır. Onların iştirak etdiyi aksiyaların videoları, şəkilləri var əllərində. Yazdıqları ilə maraqlanırlar və s. Bir sözlə, mühacirlər arasında aktiv olanları deportasiyadan sonra incidirlər”.
“BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyi bu qisasçılıq aktına biganə yanaşır”
Jurnalist deyir ki, doğrudur, Azərbaycandan Almaniyaya üz tutanların 99 faizinin siyasi fəaliyyəti olmayıb. Əsasən sosial problemlərdən bezib, Almaniyaya gediblər: “Azərbaycanda yaşamaq çətin olub. Uşaqlarının yaxşı təhsil, tibb xidmətindən istifadə edə bilməsi, bir sözlə, yaxşı yaşamaq üçün Almaniyaya gediblər. Hətta müalicə üçün də gedənlər var. Belələri ilə Azərbaycan hökumətinin hər hansı problemi olmur. O adamlara istədikləri izahatlara qol çəkdirib, buraxırlar. Bizdə olan məlumata görə, onlardan polis rüşvət istəyir, qiymətli əşyalarını, pullarını əllərindən alır. Ancaq siyasi fəallardan qisas alır. Bu qisasçılıq aktına BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyi biganə yanaşır, onlarla maraqlanmırlar”.
Jurnalist bildirir ki, əslində isə deportasiya olunan hər bir insanla maraqlanmalıdırlar. Evi olmayanlar sığınacağa yerləşdirilməli, gələnlər işlə təmin edilməlidirlər: “BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyi deyir ki, guya kənd yerlərində yaşayanlara heyvan veriblər, təsərrüfat qurmaq üçün orta həcmli dəstək olublar, biznes planlarının tərtib olunmasında kömək göstəriblər. Yalnız siyasi fəaliyyəti olan insanlar bura daxil deyil. BMT tənqidçilərlə maraqlanmır”.
Əfqan Muxtarlı deyir ki, hətta özü də dəfələrlə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyinə müraciət edib, lakin heç bir cavab ala bilməyib: “Bu, ciddi qanun pozuntusudur. Həmin təşkilatın Azərbaycan hökuməti ilə ciddi əməkdaşlıq etdiyinin göstəricisidir. Çünki konkret Azərbaycanın qara siyahısında olan insanları müdafiə etmirlər. Bu adamları taleyin ümidinə atıblar. Biz Avropada olan mühacir təşkilatları və mühacirlərin adından Azərbaycan nümayəndəliyinin işi ilə bağlı BMT-nin Baş Katibliyinə müraciət edəcəyik”.
Deportasiya məsələlərində Almaniya hökumətinin sərgilədiyi mövqe də mühacirləri qane etmir.
Əfqan Muxtarlı qeyd edib ki, Almaniya hökuməti yalnız müraciətlərin düzgün araşdırılmadığına görə günahkar deyil, həm də deportasiya olunan hər bir insanın taleyi ilə bağlı məsuliyyət daşıyır: “Siyasi fəaliyyətlə məşğul olan adamların heç birinin işinə düzgün baxmayıblar. Məsələn, Cəfər Mirzəyev qaçqın statusundan imtina edib. Buna “stop qoymaq” deyirlər. Belə olan halda o, istədiyi ölkəyə çıxıb gedə bilərdi. Ancaq alman polisi qanunu kobud şəkildə pozub və o insanı məcburi şəkildə Azərbaycana deport edib. Halbuki o insan deportasiya oluna bilməzdi. Ona təklif olunmalıydı ki, sən üçüncü bir ölkəyə, yaxud istədiyin ölkəyə gedə bilərsən. Amma bu adamı götürüb deport etdilər. Bu, qanunsuzdur”.
“Almaniya Miqrasiya Xidməti ilə bağlı məhkəməyə müraciət edəcəyik”
Jurnalist deyir ki, təqibə məruz qalan insanlar haqqında Almaniya hökumətinin Azərbaycan hökuməti qarşısında tələbləri var. Çünki deportasiya hər iki ölkənin qarşılıqlı razılığı əsasında həyata keçirilir: “Azərbaycan da həm Almaniya hökumətinin, həm də BMT-nin qarşısında öhdəlik götürüb ki, geri qaytarılanları təqibə məruz qoymayacaq. Almaniya hökuməti bu barədəki müraciətlərimizə də cavab verməyib. Səhv etmirəmsə, yanvarın 28-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev Almaniyaya səfər edib və oradakı həmkarı ilə görüşüb. Miqrasiya ilə bağlı memorondum imzalamaq haqqında razılığa gəliblər. Nədənsə 4 nəfər siyasi mühacirin həbs olunduğu, digərlərinin təqibə məruz qaldığı ölkəyə Almaniya insanların deport olunmasında israrlıdır”.
Muxtarlının sözlərinə görə, Almaniyada mühacir çoxdur, ölkə yüklənib, bu, başadüşüləndir. Ancaq bu, Almaniyanın imzaladığı beynəlxalq konvensiyalara əməl etməməsi anlamına gəlməməlidir: “O konvensiyaların altında Almaniyanın imzası var. Siyasi fəaliyyəti olan, həyatı təhlükədə olan insanları Almaniyada yerləşdirməlidirlər. Əksi beynəlxalq konvensiyaların ciddi şəkildə pozuntusu deməkdir. Bu faktlarla bağlı biz indi vəkillərlə məsləhətləşirik. Yəqin ki, Almaniya Miqrasiya Xidməti ilə bağlı məhkəməyə müraciət edəcəyik”.
Meydan TV səslənən ittihamlarla bağlı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinə (BMT QAK) informasiya sorğusu göndərib. Lakin hələ sorğuya cavab verilməyib.
Almaniyadan Azərbaycana deportasiya olunan aktivistlər Malik Rzayev və Mütəllim Orucov ötən ilin oktyabrında saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Lakin yaxınları onların tənqidi fikirlərinə, hökumətə qarşı aksiyalarda iştiraklarına görə şərlənərək həbs olunduğunu deyir.