İlham Təhməzova qarşı Cinayət Məcəlləsinin ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsilə hökm çıxarılıb
2017-ci ildə baş vermiş Tərtər hadisələrinin (yüzdən artıq hərbçiyə işgəncə verilməsi və onların bir neçəsinin ölməsi) ictimailəşməsində fəal iştirak edən şəxslərdən biri – hüquqşünas İlham Təhməzov (Aslanoğlu) həbs edilib. Bu barədə politoloq Ərəstun Oruclu sosial media hesabından məlumat yayıb.
“Tərtər qətliamı”nın araşdırılması üçün təyin olunmuş təkrar istintaqın ayyarımlıq fəaliyyəti ilkin nəticəsini verdi: cinayətin açılması üçün əlindən gələni edən hüquqşünas İlham Aslanoğlu xüsusi ittiham qaydasında 5 ay müddətinə azadlıqdan mərhum edildi.
Nəsə başqa bir şey gözləmirdik. Çünki Tərtər qətliamını törədən hakimiyyət başqa cür edə də bilməz. Amma bu, heç də illərdir mübarizə aparanları geri çəkilməyə məcbur edə bilməz və bilməyəcək. Bütün həbslərə, təhdidlərə, pozuculuq əməllərinə baxmayaraq, “Tərtər cinayəti” açılacaq. Çünki o, sadəcə, cinayət deyil, xalqın mövcudluğuna qarşı törədilmiş qəsddir”, – Ərəstun Oruclu bildirib.
İlham Təhməzov yanvarın 28-də məhkəmə zalında həbs olunub. Hadisə Yevlax Rayon Məhkəməsində baş verib. Xəbəri Meydan TV-yə məhkəmədəki mənbə də təsdiqləyib.
“İlham Təhməzova qarşı Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə hökm çıxarılıb. Hökmü məhkəmənin sədri Toğrul Əliyev çıxarıb. Bu iş üzrə birinci dəfə məhkəmənin hazırlıq iclası yanvarın 24-də keçirilib. İkinci dəfə də bu gün bir iclas keçirilib. Bu gün (yanvarın 28-də-red.) genorta saat 12 radələrində də məhkəmə zalında hökmün elanıyla həbs edilib”, – mənbə bildirib.
Onu 44 günlük müharibədə həlak olmuş Vasif Quliyevin atası Tahir Quliyev xüsusi ittiham qaydasında məhkəməyə verib. Səbəb isə budur ki, İlham Təhməzov Vasif Quliyevin 2017-ci ildə Tərtər hadisələri zamanı baş leytenant Adil Sabirliyə işgəncə verdiyini deyib.
Adil Sabirli işgəncə nəticəsində ölən hərbçilərdən biridir.