Yevlaxın keçmiş icra başçısının cəzası azaldılıb

Foto: Yevlax şəhər İcra Hakimiyyəti

Qoca Səmədovun bir neçə gün əvvəl Mərkəzi Klinikaya köçürüldüyü və orada ürəyindən ikinci dəfə əməliyyat olunduğu bildirilir

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov apelyasiya şikayəti verərək, səhhətindəki problemlərin nəzərə alınıb barəsindəki hökmün dəyişdirilməsini, ona verilmiş 7 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının həbslə bağlı olmayan başqa cəza ilə əvəzlənməsini istəmişdi. Şəki Apelyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Sabiq icra başçısının şikayəti qismən təmin edilib – 63 yaşlı Qoca Səmədov haqqında Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Onun səhhətindəki problemlər nəzərə alınaraq, cəzası 7 il 3 aydan 6 ilə endirilib. Lakin həbsdən buraxılmayıb.

Qoca Səmədovun vəkili Elnur Vəliyev bildirmişdi ki, sabiq icra başçısı hələ 2019-cu ilin dekabrında həbs olunmamışdan əvvəl açıq ürək əməliyyatı keçirib. Müdafiəçinin sözlərinə görə, o, ürək xəstəliyilə yanaşı, hipertoniya və şəkərli diabetdən də əziyyət çəkir. Bu üzdən həbsdə saxlandığı dövrdə durumu dəfələrlə pisləşib, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, bir müddət ona orada tibbi yardım göstərilib.

Vəziyyəti nisbətən düzəlsə də, problem həll olunmadığına görə sonralar yenidən səhhətində ağırlaşmalar müşahidə edilib.

Qoca Səmədov səhhətindəki problemlərlə əlaqədar 2021-ci il sentyabrın 14-də Şəki Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edərkən ev dustaqlığına buraxılsa da, 15 gün sonra – sentyabrın 30-da hökm çıxarılıb və o, məhkəmə zalında təkrar həbs olunub.

Sabiq icra başçısının bir neçə gün əvvəl Mərkəzi Klinikaya köçürüldüyü və orada ürəyindən ikinci dəfə əməliyyat olunduğu bildirilir.

1959-cu il təvəllüdlü Qoca Səmədov 2005-2006–cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–cı illərdə birinci müavini vəzifələrində işləyib. 18 fevral 2011-ci ildən 2019-cu ilin noyabrına qədər isə rayonun icra başçısı olub.

Qoca Səmədov həbsindən bir müddət əvvəl 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ana səhifəSiyasətYevlaxın keçmiş icra başçısının cəzası azaldılıb