Qarabağda sülhməramlıların komandan dəyişikliyi: “Yetərincə narazılıq var”

Andrey Volkov, Foto: https://eadaily.com/

Andrey Volkovun yeni rəhbər təyin olunacağı deyilir

Yanvarın 11-dən Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkovun rəhbərlik edəcəyi bildirilir.

Bu barədə “Sputnik Ermənistan” – Dağlıq Qarabağdakı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, komandirin dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, artıq işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.

General-mayor Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandiri olan general-leytenant Rüstəm Muradovun müavini olduğu qeyd edilir.

Hazırda A.Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin RChBZ qoşunlarının rəisidir.

2021-ci ilin sentyabrından Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini Rusiya qəhrəmanı, general-leytenant Gennadi Anaşkin tutub.

Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yaymayıb.

Üzeyir Cəfərov: “Putinin təlimatları lazımi şəkildə yerinə yetirilmir”

Hərbçi-ekspert Üzeyir Cəfərov son bir ildə sülhməramlıların rəhbərliyindəki dəyişiklikləri belə qiymətləndirib:

“Rüstəm Muradovdan sonra Moskvanın gözləntiləri özünü doğrultmur. General-mayor Mixail Kosobokov 3 gün vəzifədə oldu. Ardınca Gennadi Anaşkinin, indi də Volkovun təyinatı o deməkdir ki, Vladimir Putinin təlimatları lazımi şəkildə yerinə yetirilmir. Məsələn, Putin yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin rəhbərlərinin video-konfransında Qazaxıstana təyin olunan general-polkovnik Serdyukovu təriflədi. Yəni Rüstəm Muradov və Serdyukov vaxtilə Putindən təyinat alan hərbçilərdir. Əslində, sülhməramlılarla bağlı Azərbaycan və Ermənistan tərəfdən yetərincə narazılıq var”.

Üzeyir Cəfərov
Foto: Üzeyir Cəfərovun şəxsi arxivi

Onun fikrincə, Andrey Volkov təyin olunsa da, Rüstəm Muradovun təsiri qalacaq:

“Faktiki olaraq, Rüstəm Muradov yenə qeyri-rəsmi rəhbər kimi qalacaq. Ümumiyyətlə, Muradov özünü Qarabağı qubernatoru hesab edir və onun ermənilərlə biznes münasibətləri var”.

Fazil Mustafa: “Onlar rus əsgərlərinə də hücum edib öldürə bilərlər”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa informasiya qıtlığı səbəbindən yalnız ehtimallarla danışmağın mümkünlüyünü bildirib:

“Güman ki, səbəblərdən biri Rusiya üçün Dağlıq Qarabağ sürgün bölgəsi kimi qəbul olunur. İkinci, bölgədə normal şərtlərlə xidmətdən yox, ekstrimal xidmətdən söhbət gedir. Yaxud ailə vəziyyəti və ya səhhətlə bağlı da problemlər ola bilər. Bir daha deyirəm, bölgənin hərbi komandanı ekstrimal şəraitdə olan vəzifədir. Qarabağda xeyli terrorçu da var. Onlar rus əsgərlərinə də hücum edər, ya da təxribat törədib öldürə bilərlər. Bu mənada qayda müəyyən ediblər ki, 5-6 aydan bir dəyişilsin”.

Foto: Meydan TV

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətQarabağda sülhməramlıların komandan dəyişikliyi: “Yetərincə narazılıq var”