O, məhkəməsində bir neçə dəfə ağlayıb
Özünü vloger kimi təqdim edən, ayrı-ayrı şəxsləri hədələyib, onlardan pul tələb etməkdə ittiham olunan Ata Abdullayevin məhkəməsi başa çatıb. Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hakim Fikrət Qəribovun sədrliyilə çıxarılan hökmə əsasən, Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə – Masazır qəsəbəsinin icra nümayəndəsi Şahlar Həsənov, keçmiş MTN əməkdaşı, hazırda bina tikintisi ilə məşğul olan Elçin Əliyev də daxil olmaqla, 4 nəfər şəxsdən onlar haqqında rüsvayedici video yaymamaq üçün pul tələb etməkdə, birindən isə “iPhone” markalı telefon almaqda təqsirli bilinib.
Dekabrın 28-də məhkəmədə əvvəlcə Ata Abdullayevin vəkili Telman Talıbov çıxış edərək, müvəkkili haqqında bəraət hökmü çıxarılmasını istəyib. O, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittihamların əsassız olduğunu, ortaya heç bir sübut qoyulmadığını bildirib. Onun sözlərinə görə, ittihamlar söz yığınından ibarətdir.
Zərərçəkmiş qismində tanınan şəxslər Ata Abdullayevin onlar haqqında video yayıb, pul tələb etdiyini bildirirlər, lakin bunu təsdiqləyən heç bir sübut ortaya qoymurlar:
“Bu şəkildə hamı çox rahat şəkildə başqasını şərləyə bilər. Mən də deyə bilərəm ki, kimsə məndən pul tələb etdi. Bəs sübut hanı? Zərərçəkmişlərdən biri keçmiş MTN əməkdaşıdır. O ki əməliyyatlarda istifadə olunan qurğular, üsullar barədə məlumatlıdır. Bəs niyə Ata Abdullayev ondan pul tələb edəndə səsini yazmayıb?”
Vəkil əlavə edib ki, zərərçəkmiş qismində tanınan şəxslərin dördünün də aylar sonra Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) şikayətçi olması suallar yaradır:
“Axı polis, prokurorluq vətəndaş üçün daha əlçatandır, niyə DTX-ya şikayət elədilər, həm də aylar sonra?”
Ata Abdullayev son sözünü deyərkən dəfələrlə ağlayıb. O bildirib ki, bu cinayət işində zərərçəkmiş qismində tanınan 4 nəfərin heç birindən nə pul tələb edib, nə də pul alıb. Onun sözlərinə görə, başqa nə səhvə yol verdiyini bilir və buna görə dəfələrlə üzr istəyib. Bundan sonra 100 dəfə də üzr istəməyə hazırdır. O, narazılıq edib ki, vaxtilə Heydər Əliyev və İlham Əliyevin ünvanına xoşagəlməz fikirlər səsləndirənlər hazırda hökumət tədbirlərində iştirak edir, mükafatlandırılır, özü isə həbsdədir:
“Vaxtilə Heydər Əliyevi, İlham Əliyevi təhqir edənləri hökumət tədbirlərində görürəm, fikirləşirəm ki, bunların 100 sifəti var. Heç ingilis bayrağı da deyillər belələri. Mənim isə bir üzüm var, Heydər Əliyev ideologiyasıyla yaşayan adamam. Mən 8 aydır 4 divarı görürəm, bir də balaca yerdən yuxarıda quşlar uçanda onları. Arzularımı da quşlara deyirəm. Mən bu gün aldığım nəfəsə görə də göydə Allaha, yerdə cənab prezidentə, Mehriban xanıma borcluyam. Kiminsə sözünü kəsmişəmsə, hansısa balacanın, prezidentin yaxınlarının xətrinə dəymişəmsə, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam. Mənim üç babam var, iki atam. Heydər Əliyev mənim babam, cənab prezident isə mənəvi atamdır”.
O bildirib ki, 2001-ci ildə mərhum prezident Heydər Əliyevlə, 2019-cu ildə isə Vyanada hazırkı dövlət başçısı İlham Əliyevlə görüşə bilib. Ata Abdullayevin sözlərinə görə, prezidenti Vyanadan əvvəl də bir neçə dəfə görüb. Bunlardan biri 90-cı illərdə “Neftçi” futbol klubunun bazasında, ikincisi də İmişlidə şəkər zavodunun açılışında olub:
“O zaman mənim 13-14 yaşım vardı, cənab prezidenti onda Heydər Babanın oğlu kimi tanıyırdım. Gəlib orada futbol oynayırdı. Mən də çay aparırdım. Mən özüm də futbolçu olmuşam, Şahin Diniyevin vaxtında “Qarabağ”da oynamışam. Düzdür, əsas heyətdə deyildim, amma 24-lükdə var idim. “Şahdağ”da oynamışam. İkinci dəfə cənab prezident İmişliyə zavodun açılışa gəlirdi, orada gördüm. Gəlməmişdən iki saat əvvəl dedilər ki, avtobusun üstündə olan reklam sökülməlidir. Bu dırnaqlarımla sökdüm onu. Sonra prezident hara gedirdisə, mən də bilet alıb gedirdim. Cənab prezident demirdi ki, “Ata, arxamca gəl, məni aparan ona olan sevgi idi. Mən o ölkələrə gedəndə özümlə pal-paltar aparmırdım. Hava limanında əşyalarımı yoxlayanlar da təəccüblənirdi. Mən corabımı axşam yuyub, səhər geyinirdim. Amma əvəzində cənab prezidentlə Mehriban xanımın şəkillərini aparırdım. Həmin şəhərlərdə hər yerdə nümayiş etdirirdim. Mən dünyanın xoşbəxt adamıyam ki, 2019-cu ildə Vyanada görüşə bildim, əlini çiynimə qoydu. Mənə də o dəmir yumruğu öpüb gözümün üstünə qoymaq qismət oldu”.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanla Milanda necə görüşməsi barədə də ətraflı danışıb. Deyir ki, Paşinyanın kilsəyə gələcəyini öyrənəndən sonra bir azərbaycanlı tələbə ilə ora gedib, gözətçiyə özünü gürcü jurnalist kimi təqdim edib. Müəyyən qədər gözləyəndən sonra bir neçə nəfər qadına qoşulub, kilsəyə daxil olub. Orada sual verəndə azərbaycanlı olduğunu biliblər.
Ata Abdullayev martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, bundan əvvəl də hərbi xidmətdən yayınma və onlayn şəkildə kartlardan oğurluq edib təyyarə biletləri alıb başqalarına satmağa görə məhkum edilib.