İqtisadçı: “Bahalaşma əhalini əlavə 3,1 milyard manat xərcə salıb”

Bahalaşma, lunopark/Shutterstock

İlin sonunadək rəqəmlərin daha da artacağı gözlənilir

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 10,4 milyard dollarlıq mal idxal edib.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada belə deyilir.

Dövlət Statistika Komitəsi isə elan edib ki, idxal malları 21,4 faiz bahalaşıb.

İqtisadçı Nemət Əliyev iki göstərici əsasında hesablama aparıb. Məlum olub ki, 10,4 milyard dollarlıq idxal malının 1,8 milyard dolları bahalaşma hesabına əmələ gəlib:

“Mərkəzi Bankın rəsmi məzənnəsi ilə manata çevirsək, 3,1 milyard manat alınar. Odur ki, yalnız idxal mallarının bahalaşması səbəbindən əhali bu ilin 11 ayında 3,1 milyard manat əlavə xərcləyib. İlin sonunadək bu itki məbləği 3,4 milyard manata qədər artacaq”.

İqtisadçı bildirib ki, Prezident sərəncamları isə əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artıb:

“Bütün artan ödənişlərin cəmi 1,4 milyard manat edir. Bu zaman da sual yaranır: Bəs aradakı 2 milyard manatlıq fərqi kim kompensasiya edəcək? Çünki idxal bahalaşmasının əhaliyə yaşatdığı 3,4 milyard manatlıq itkinin cəmi 1,4 milyardı geri qaytarılır. Bəs qalan itkilər?”

Nemət Əliyev deyib ki, bütün bu olub-keçənlərdən sonra hökumət dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və maliyyə yardımı alan bir sıra müəssisələrdə çalışanların əmək haqlarının, həmçinin ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün gələn il üst-üstə 1,441 milyard manat vəsait nəzərdə tutub.

“Aydın olur ki, Prezident İlham Əliyevin son sərəncamları hələ yalnız idxal bahalaşmasının bu il əhaliyə yaşatdığı itkilərin heç 43 faizini kompensasiya etməyə kifayət etməyəcək. Bəs yerli malların, ödənişli xidmətlərin, ictimai iaşənin bahalaşmasından doğan əlavə 3 milyarddan çox itkiləri kim qarşılayacaq? Bəs gələn il davam edəcək bahalaşmanın törədəcəyi əlavə fəsadlar nəyin hesabına neytrallaşdırılacaq?” – deyə o bildirib.

Nemət Əliyev
Foto: Meydan Tv

İqtisadçıya görə, buradan çıxan nəticə odur ki, əməkhaqlarının, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin artırılması üçün verilən prezident sərəncamları əhalinin əhəmiyyətli dərəcədə pisləşmiş həyat səviyyəsini nəinki yaxşılaşdırmayacaq, heç onu əvvəlki vəziyyətində bərpa etməyə də yetməyəcək:

“Çünki gələn ilin dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsait bahalaşma fırtınasının ölkədə yaratdığı milyardlarla itkiləri kompensasiya etmək gücündə deyil. Bu səbəbdən gələn il həyat səviyyəsinin yaxşılaşacağına dair verilən rəsmi, qeyri-rəsmi vədlər reallıqdan çox uzaqdır. Hər kəs hesabını düzgün aparmalı, özünü gələn ilin çətinliklərinə hazır tutmalıdır”.

Təkcə idxal malları yox, meyvə-tərəvəz və digər məhsulların qiymətlərində də artım müşahidə edilib: “Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin ilk 10 ayında infilyasiya 6.2 faiz olub. Bu, 2017-ci ildən sonra ən yüksək illik rəsmi infilyasiya göstəricisidir.

Rəsmi statistikaya əsasən, ilin bütün ayları üzrə əvvəlki aya nisbətən illik infilyasiya səviyyəsi daha yüksək olub. İlə rəsmi 2.7 faizlik illik infilyasiya ilə başlanılsa da bu rəqəm 10 ayda 3 dəfə artıb.

Komitənin hesablamalarına görə, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib.

İnfilyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4, qeyri-ərzaq məhsulları üzrə 104,8, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub.

Noyabrda qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1 faiz çox olub.

Ana səhifəSosialİqtisadçı: “Bahalaşma əhalini əlavə 3,1 milyard manat xərcə salıb”