“Azərxalça” yarım milyon manat büdcə vəsaitini fəhlənin hesabına niyə köçürüb?

Vidadi Muradov, Foto: Azərtac

“Məni Şamaxıda vergi də aldatdı…”

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbsdən ev dustaqlığına buraxılandan 5 gün sonra – noyabrın 5-də vəfat etmiş Vidadi Muradova qarşı 21.6 milyonluq yeyinti ilə bağlı məhkəmə araşdırmaları davam edir. Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Dekabrın 15-də hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə prosesində şahidlər dindirilib.

Şahidlərdən biri də “Azərxalça” ASC-də ip almaq üçün tenderin qalibi elan edilmiş və hesabına 457 min manat pul köçürülmüş şirkətin rəhbəri Durhəsən Rzayevdir. Lakin o, məhkəmədə bildirib ki, nə şirkətin fəaliyyətindən xəbəri var, nə də 457 min manatı görüb. Heç ip satışının nədən ibarət olduğunu da bilmir.

Məhkəmə zalına daxil olan Durhəsən Rzayev elə bilib ki, təqsirləndirilən şəxslərin saxlandığı kabinədə dayanıb, hakimlərə cavab verməlidir. Elə ora istiqamət alanda hakim Əfqan Hacıyev onu dayandırıb.

O bildirib ki, oxuyub-yazma bacarığı yoxdur:

“Oxuya bilmirəm, amma Allaha and olsun, burada düzünü danışacağam. Mən onun-bunun əlinin altında fəhlə işləyən adamam. Tanışlardan biri dedi ki, iş var, razılaşdım. Mənə dedilər ki, bəzi sənədləri imzalamalıyam, mən də “Nərimanov” metrosunun yaxınlığına getdim, imzaladım. Bildim ki, adıma şirkət yaradılırmış. Sonra məni Şamaxı şəhərindəki vergi idarəsinə apardılar. Yazıblar ki, guya mən mayın 10-da ip satmışam, ya da ip almışam. Vallah, xəbərim yoxdur. Məni Şamaxıda vergi də aldatdı…”

Prokuror şahidin nəzərinə çatdırıb ki, onun adına açılan şirkətə “Azərxalça”dan 457 min manatdan artıq pul köçürülüb.

“Mən nə ip görmüşəm, nə də pul. Mən heç Sumqayıt yolunu tanımıram. O ifadədə yazılan adamlardan heç birini tanımıram. Lənət şeytana, bu nə dərddi mən düşmüşəm…”, – Durhəsən Rzayev bildirib.

“Azərxalça” ASC-də anbardar işləmiş Emin Xəlilov da şahid qismində dindirilib. O bildirib ki, bəzi hallarda tenderlər keçirilirdi, bəzi hallarda isə yox.

“Azərxalça” ASC-nin Sumqayıt və İsmayıllıdakı müəssisələrində işləmiş Afər Soltanov bildirib ki, onlar verilən göstərişləri icra ediblər:

“Mən Sumqayıtdakı obyektdə nəzarətçi işləmişəm. Bundan sonra isə İsmayıllıya getdim. Mən aparılan işlərdə çatışmazlıq müşahidə etməmişəm”.

Dövlət ittihamçısı isə bildirib ki, ortada kifayət qədər böyük məbləğlərin yoxa çıxması faktı var. Bu yeyintilər Afər Soltanovun işlədiyi müəssisələrə də aiddir: “Özünüz yazmısınız ki, bir yerdə guya termometrlər quraşdırılıb, amma yoxdur. İşlədiyiniz şirkətlərin birindən 3 milyon 452 min manat, o birindən 400 mindən artıq pul yoxa çıxıb”.

Şahid prokurorun dediklərinə cavab verməyib.

Məhkəmə prosesi dekabrın 17-də davam edəcək.

65 yaşlı Vidadi Muradov 21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə ittiham olunur. O, Vidadi Muradov 2021-ci ilin yanvarında həbs edilib. Vidadi Muradova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 213.3 (xüsusilə külli miqdarda vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İttihama əsasən, Vidadi Muradov öz şirkəti “Azər-İlmə” MMC-nin Bakıda yerləşən binasını dövlət şirkəti olan “Azərxalça” ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. “Azərxalça” ASC-nin xalça ipi alınması məqsədilə nəzərdə tutulan vəsaiti formal olaraq, müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb geri qaytarıblar. “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu cinayət işinin materiallarında əksini tapıb.

Prezident İlham Əliyev Vidadi Muradovu 2016-cı ilin martında “Şöhrət” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.

Vidadi Muradovun oğlu Cavid Muradov paytaxtın Sabunçu rayon Polis İdarəsinin rəisidir. Bundan əvvəl isə o, Səbail rayon Polis İdarəsinin rəisi idi.

Ana səhifəSiyasət“Azərxalça” yarım milyon manat büdcə vəsaitini fəhlənin hesabına niyə köçürüb?