Deputatın məhkəməsinə jurnalistlər buraxılmır

Foto: Report.az

Növbəti prosesdə prokurorun ittiham aktını elan edəcəyi gözlənilir

Xaçmazda “Starıy dvor” restoranında polisi döyməkdə təqsirləndirilərək həbs olunan deputat Eldəniz Səlimovun məhkəməsi başlayıb. Onun işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyilə baxılır.

Noyabrın 5-də məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə prosesi rəsmən açıq keçirilsə də, media nümayəndələri məhkəməyə buraxılmayıb. İctimaiyyətin diqqətində olan bu məhkəmə prosesinin faktiki qapalı keçirilməsinin səbəbi haqda isə heç bir izahat verilməyib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, hazırlıq iclasında təqsirləndirilən deputatın anket məlumatları dəqiqləşdirilib. Onun ev dustaqlığına buraxılması istənilsə də, hakimlər bu vəsatəti təmin etməyib.
Deputatın işi üzrə məhkəmə baxışı noyabrın 17-nə təyin edilib. Həmin gün prokuror ittiham aktını elan edəcək, ardınca dindirmələr başlayacaq.

Eldəniz Səlimov avqustun 3-də həbs olunub. 45 yaşlı deputat iyulun 29-da qohumuna məxsus restoranda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həmçinin 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də əlavə cəza kimi bu maddədə əksini tapıb.

Eldəniz Səlimov əməlinin yanlış olduğunu etiraf edərək, avqustun 2-də üzr istəsə də, yaydığı açıqlamada bu nəticəyə gətirib çıxaran səbəblər olduğunu vurğulamışdı: “Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəb, təhdid və təzyiqlər də olub”.

1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, 2020-ci ilin fevralında keçirilən son oarlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunub. Amma bu ilin yayında məlum qalmaqaldan sonra o, YAP-dan çıxarılıb.

Ana səhifəXəbərlərDeputatın məhkəməsinə jurnalistlər buraxılmır