Spirtli içki və siqaretə tətbiq edilən aksiz dərəcələri artırıla bilər

Foto: Canva

Milli Məclis Vergi Məcəlləsinə təklif edilən dəyişiklikliyi müzakirəyə çıxarıb

İçməli spirt, araq, likör, konyak və siqaretə tətbiq edilən aksiz dərəcələri artırıla bilər.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materialları hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdır. Artımdan sonra bu məbləğ 4 manat təşkil edəcək.

Xəbəri APA yayıb.

Bildirilir ki, eyni zamanda tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.

Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.

İqtisadçı Qubad İbadoğlu aksiz dərəcələri artırılarsa, əhalinin nə qədər xərcə düşəcəyini hesablayıb.

Onun sözlərinə görə, burada söhbət əhalinin əlavə 207,8 milyon manat ödəyəcəyindən gedir.

“Gələn ildən həm rüsum artımı, həm də aksiz dərəcələrinin yüksəlməsində əhalinin əlavə ödənişləri 400 milyon manatı ötəcək. 226 adda dövlət rüsumlarının qaldırılması əhaliyə gələn il üçün əlavə olaraq 193,5 milyon manat xərc yaradacaq. Belə ki, 2021-ci ilin büdcəsində dövlət rüsumlarının məbləği 170 milyon manat proqnozlaşdırıldığı halda, gələn il bu mənbədən 363 milyon 500 min manat vəsait toplanması planlaşdırılır”, – deyə iqtisadçı bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli iclasdakı çıxışı zamanı Vergi Məcəlləsinin tələblərə cavab vermədiyini deyib.

O bildirib ki, Vergi Məcəlləsi dəyişikliklərə görə “Ginnesin Rekordlar Kitabı”na düşə bilər: “Vergi Məcəlləsinin qəbul edildiyi vaxtdan 20 ildən çox vaxt keçir. İqtisadi inkişaf modeli tamamilə fərqlidir. Ancaq Vergi Məcəlləsi qəbul ediləndən onun mürəkkəbi qurumamış ona əlavələr və dəyişikliklər edilməyə başlayıb. Ona görə də bu Məcəllədə qeyri-müəyyənliklər kifayət qədərdir. Bu, xarici investorları da qorxudur. Ona görə təklif edirəm ki, 2030-cu ilə qədər yeni bir Vergi Məcəlləsi hazırlansın”.

Ən son 2018-ci ilin noyabrın 30-da Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə edilib. Həmin il yanvarın 23-də qüvvəyə minən qərarla Azərbaycan ərazisinə gətirilən tütün, pivə və alkoqollu içkilərə, həmçinin avtomobillərə tətbiq edilən aksiz dərəcələri artırılmışdı.

Ana səhifəİqtisadiyyatSpirtli içki və siqaretə tətbiq edilən aksiz dərəcələri artırıla bilər