"Bir daş gətirdilər. Dedilər ki, qiyməti 2 milyona yaxındır"
Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Metropoliteni" QSC-nin keçmiş rəhbəri Tağı Əhmədovun adı keçən cinayət işinə baxılıb.
Hakim Zeynal Ağayevin sədrliyilə araşdırılan bu işdə zərərçəkmiş qismində tanınan Soltan Əliyev Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini olmaqla yanaşı, həm də Tağı Əhmədovun dostudur.
Bu işdə təqsirləndirilən şəxs qismində üç nəfər tanınıb – Səadət Xəlilov, Sahib Abuşov və Qulu Muxtarov. Onlardan yalnız Səadət Xəlilov həbsdədir.
İttihama görə, adıçəkilən şəxslər Soltan Əliyevdən birgə mərmər biznesi adıyla üç dəfəyə 2 milyon pul alıb, onu aldadıblar.
Təqsirləndirilən şəxslər isə dələduzluq ittihamını qəbul etmirlər.
Onlar bildiriblər ki, pul Tağı Əhmədovundur və onlara aylıq 1.5-2 faizlə verilmişdi.
Soltan Əliyev Tağı Əhmədovla dost olduğuna görə pulu sabiq metropoliten rəisindən onun vasitəsilə götürüblər.
Məhkəmədə bu dəfə zərərçəkmiş qismində Soltan Əliyev dindirilib.
O bildirib ki, təqsirləndirilən Səadət Xəlilovla çoxdan tanışdılar. Hələ mərmər məsələsindən illər əvvəl ona birlikdə işləməyi təklif edib. Birgə işləsələr də, son nəticədə Səadət Xəlilov ona borclu qalıb. Lakin üstündən 5-6 il keçəndən sonra borcunu qaytarıb. Bu da ona olan etimadını artırıb: "Fikirləşdim ki, 5-6 il sonra da olsa, borcu qaytarır. Onda dedi ki, vəziyyətim yaxşılaşıb, başqalarına da borcum vardı, qaytarmışam. Bir gün də küçədə təsadüfən görüşdük. Onda dedi ki, Bakının bir nömrəli mərmərçisiyəm. İrandan, Qazaxıstandan mərmər gətirib satmaqla məşğul olur. Mənə də bu sahədə birgə işləməyi təklif elədi, dedi ki, çox sərfəlidir. Hətta bildirdi ki, imkanlı dostların var, onlardan pul al, şərik olaq, sən də payını götür".
Soltan Əliyevin sözlərinə görə, birinci dəfə Səadət Xəlilova 200 min manat pul verib. Bunun müqabilində ayda 4000 manat qazanc alıb. Sonra onu Sahib Abuşovla tanış eləyib.
Ona deyiblər ki, sifarişlər çoxdur, məbləği artırmaq lazımdır: "Düzü, ikinci dəfə yuxarı məbləğ dedilər, mən tərəddüd elədim. 1 daş gətirdilər. Dedilər ki, qiyməti 2 milyona yaxındır. Xaricə çıxarmaq olsa, auksionda 9-10 milyona satılar. Onda 1 milyon istəyirdilər, mən də verdim. Üçüncü dəfə 800 min verdim. Cəmi 2 milyon oldu”.
2-3 ay sonra nə qazanc, nə verilən pulu ala bilmədiyini deyən Soltan Əliyev bildirib ki, sonradan onların başqa adamlara da borclu olduğunu, hətta buna görə məhkəməyə verildiyini eşidib. Verilən qiymətli daşı da yoxlatdıranda məlum olub ki, təmiz daş deyil.
Zərərçəkmiş istintaq zamanı üzləşdirmədə isə deyib ki, pulu Tağı Əhmədovdan alıb, hazırda təqsirləndirilən şəxs qismində tanınan adamlara sələmlə verdiyini deyib. Sonradan ifadəsində isə Tağı Əhmədovdan pulu borca alıb, Səadət Xəlilova iş qurmaq adıyla verdiyini bildirib.
Professor Soltan Əliyevin dindirməsi növbəti məhkəmə iclasında da davam edəcək.
Cinayət işinin materiallarından aydın olur ki, pula görə Səadət Xəlilovla Tağı Əhmədov arasında dəfələrlə telefon danışıqları olub.
Təqsirləndirilən şəxslər də ifadələrində bildiriblər ki, pulu YAP-ın Yasamal təşkilatının yanında Tağı Əhmədovdan götürüblər.
Tağı Əhmədov uzun illər YAP-ın Yasamal təşkilatının sədri olub.
Sentyabrın əvvəlində bu vəzifədən çıxarılıb.