Tbilisidə döyülən telekanal əməkdaşı ölüb

Leksoya “Shame” Hərəkatının ofisində çəkiliş apardığı zaman hücum olub.

Source: ‘jkl;


Lekso Laşkarava aldığı xəsarətlərdən sonra əməliyyat olunmuşdu

İyulun 5-də Tbilisidə radikal qruplar tərəfindən döyülən gürcü tele-operator Lekso Laşkarava həyatını itirib.


“Jam News”

yazır ki, “Pirveli” telekanalının operatoru Lekso Laşkarava iyulun 11-də evində ölü tapılıb.

Gürcüstan paytaxtının küçələrində iyulun 5-də homofob qruplar jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı zorakılıq törədiblər. Tbilisinin mərkəzi küçəsinə toplanan minədək insan planlaşdırılan “Pride Marşı” önləmək üçün gəldiklərini bildiriblər. Eyni zamanda, bura toplananlar hadisəni işıqlandırmaq üçün gələn 53 nəfər reportyor və operatora hücum ediblər. Ümumilikdə 55 nəfər xəsarət alıb və xəstəxanalıq olub.

Leksoya “Shame” Hərəkatının ofisində çəkiliş apardığı zaman hücum olub. Operator güclü xəsarətlər alıb, üzünün sümükləri sınıb və elə həmin gün əməliyyat olunub. Daha sonra müalicəsinin davamı üçün o, evə buraxılıb. Həmkarlarının sözlərinə görə, iyulun 11-də səhər anası onu yataqda ölü tapıb, onun burnundan qan gəlib.

Operatorun ölüm səbəbi hələlik rəsmi açıqlanmayıb, araşdırma aparılır.

Həmin gün Lekso Laşkarava ilə birlikdə işləyən jurnalist Miranda Baqaturiya döyülmənin səhəri günü, iyulun 6-da danışıb:

“Onlar ofisə girəndə əvvəlcə mənə təpik vurdular. Sonra keşiş mənim saçlarımı yolmağa başladı və bu zaman deyirdi: “Bəlkə heç olmasa indi susarsan?” Bizim operator Lekso onu dayandırmağa çalışdı və ona “Sən nə edirsən, axı biz jurnalistik”, – dediyini eşitdim. Elə bu vaxt iyirmiyə yaxın radikal ona hücum etdi.

Biz Lekso ilə orada tamam müdafiəsiz qaldıq. Orada yalnız bir polis vardı və o, bizi xilas edə bilməzdi. Leksonu izdihamla, amansızca döyürdülər, o, qan gölməçəsinin içində idi. Mən qışqırırdım, ağlayırdım və yalvarırdım: “Bizi öldürməyin”. Bu zaman məni də döyməyə və təpikləməyə başladılar”.

Miranda Baqaturiya deyir ki, əvvəlcə onun səsini eşidirmiş, sonra isə Lekso susub:

“Mən düşündüm ki, vəssalam, onu öldürdülər”.

İyulun 8-də Lekso Laşkarava və Miranda Baqaturiyaya qarşı zorakılığa görə iki nəfər həbs edilib. Onlar ilkin həbs müddətindədirlər, istintaq gedir.

İyulun 5-də Tbilisidə əsas Rustaveli prospektində Pride Həftəsinin yekun tədbiri olan Ləyaqət Marşı keçirilməli idi. Amma bunun əvəzinə bütün günü prospektdə radikal homofob və ultra-sağ qrupların görünməmiş zorakılıqları yaşandı.

Bir neçə saat ərzində daşlarla və dəyənəklərlə silahlanmış yüzlərlə radikal jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını döyüb. Onlar Tbilisinin müxtəlif yerlərindən yürüşlə keçir, qeyri-hökumət təşkilatlarının ofislərində axtarış aparır, dağıdır və talan edirdilər, LGBTQ+ bayraqlarını yandırırdılar.

Həmin zaman Avropa İttifaqının bayrağı da nümayişkaranə şəkildə yandırılıb.

55 nəfər, o cümlədən də 53 jurnalist bu iğtişaşlardan sonra xəstəxanalıq olub. Homofob qruplar isə bundan sonra parlament qarşısında bayram təşkil edib, rəqs ediblər.

Jurnalistlər və ekspertlər bildirirlər ki, iyulun 5-də baş verən zorakılığın təşəbbüskarı Gürcüstan Patriarxlığı, təhrikçisi isə hökumət olub. “Bu hadisələr vətəndaş cəmiyyətinə, demokratiyaya və Avropa dəyərlərinə qarşı müharibə kimi təsbit edilməlidir”, – qeyri-hökumət təşkilatları və jurnalist qurumları bəyan edib.

Hazırkı mərhələdə iş üzrə 25 nəfər, o cümlədən də 19 jurnalist və operator zərərçəkmiş qismində qeydə alınıb. İndiyə qədər 13 nəfər saxlanılıb.

İyulun 5-də Rustaveli prospektinə toplananlar arasıda Bodbe yepiskopu Jakob da

olub

.

O, jurnalistlərə açıqlamasında LGBTQ + vətəndaşların “Qürur Yürüşü”nün keçirilməsini Abxaziya və Tsxinvali bölgəsinin Rusiya tərəfindən işğal edilməsindən daha pis olduğunu bildirib: “Gürcüstan yenə də bu bölgələr üzərində nəzarəti bərpa edəcək. Ancaq belə yürüşlər Gürcüstan xalqının mənəviyyatına, ənənələrinə düzəlməz zərər verəcək”.

Hələ yürüşdən öncə Baş nazir İrakli Qaribaşvili paytaxtın mərkəzində keçirilməsi planlaşdırılan “Qürur Yürüşü”nü məqsədəuyğun saymamışdı.

Bildirmişdi ki, yürüş vətəndaş qarşıdurmasına səbəb ola bilər: “Bura Gürcüstandır, bizim ənənələrimiz, qaydalarımız var”, – deyə nazir bildirmişdi.

O əlavə etmişdi ki, əhalinin əksəriyyəti aksiyaya qarşıdır, amma bütün vətəndaşların konstitusion hüquqları qorunacaq.

Ana səhifəDünyaTbilisidə döyülən telekanal əməkdaşı ölüb