Parlamentin önündəki çadırlar da dağıdılıb
İyulun 5-də Tbilisinin əsas Rustaveli prospektində LGBTQ+ təsmsilçilərinin təyin etdiyi "Qürur Yürüşü"nə əngəl olmaq üçün toplaşan sağçı gənclər həm də Parlament binasının önündəki çadırları dağıdıb.
Gürcüstanın yerli
mediası
yazır ki, yürüşün əleyhinə olan onlarla sağçı gənclər Parlament binasının qarşısında qurulan çadırları sökərkən ərazidə polis gözə dəyməyib.
Civil.ge saytı yazır ki, həmin çadırlar bir neçə ay əvvəl müxalifət və vətəndaş fəalları nümayəndələri tərəfindən qurulmuşdu.
Onlar 2020-ci ilin oktyabrında Gürcüstanda keçən seçki və ondan sonrakı böhrana, eyni zamanda, fevralda müxalif “Vahid Milli Hərəkat” lideri Nika Meliyanın tutulmasına etiraz edirdilər.
Tbilisinin mərkəzi küçəsinə toplanan minədək insan planlaşdırılan yürüşü önləmək üçün gəldiklərini bildiriblər. Eyni zamanda, bura toplananlar hadisəni işıqlandırmaq üçün gələn bir neçə jurnalistə və operatora hücum edib.
Səbəb kimi ölkədə LGBTQ+ icmasını təbliğ etdiklərini bildiriblər.
"Radio Free Europe"un Gürcüstan bürosunun müxbiri Tornike Mandarianın burnu sınıb. Ümumilikdə 15 media nümayəndəsi xəsarət alıb.
Bu gün Rustaveli prospektinə toplananlar arasıda Bodbe yepiskopu Jakob da olub.
O, jurnalistlərə açıqlamasında LGBTQ + vərəndaşların “Qürur Yürüşü”nün keçirilməsini Abxaziya və Tsxinvali bölgəsinin Rusiya tərəfindən işğal edilməsindən daha pis olduğunu bildirib: “Gürcüstan yenə də bu bölgələr üzərində nəzarəti bərpa edəcək. Ancaq belə yürüşlər Gürcüstan xalqının mənəviyyatına, ənənələrinə düzəlməz zərər verəcək”.
Hələ yürüşdən öncə Baş nazir İrakli Qaribaşvili paytaxtın mərkəzində keçirilməsi planlaşdırılan “Qürur Yürüşü”nü məqsədəuyğun saymamışdı.
Bildirmişdi ki, yürüş vətəndaş qarşıdurmasına səbəb ola bilər: “Bura Gürcüstandır, bizim ənənələrimiz, qaydalarımız var”, – deyə nazir bildirmişdi.
O əlavə etmişdi ki, əhalinin əksəriyyəti aksiyaya qarşıdır, amma bütün vətəndaşların konstitusion hüquqları qorunacaq.
Bu gün Parlamentin qarşısında dağıdılan çadırlara gəlincə, bunlar yalnız müxalifət nümayəndələrinə və ictimai fəallara aid deyildi.
Burada 2017-ci ilin dekabrında antiterror xüsusi əməliyyatı nəticəsində öldürülən Temirlan Maçalikaşvilinin atası Malkhaz Maçalikaşvilinin və Baş keşiş Georgi Mamaladzenin qardaşının çadırları da var idi.
Onların hər ikisi yaxınlarının başına gələnlərlə bağlı ədalətli araşdırma tələb edirdilər.