İcra hakimiyyətində əməliyyat keçirildiyi deyilir, şikayətçilərə zəng edilib

“Əsas problem müavinlər, mənzil kommunal təsərrüfatı idarəsinin müdiri və baş memarla bağlıdır”.

Source: Specify Source


Sakin: "Dedilər, kimin icra başçısından şikayəti varsa, gəlib izahat versin"

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu dəfə Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi bildirilir.

Bu barədə Meydan TV-yə Şəmkir sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, bu gün, aprelin 26-da rayon icra hakimiyyəti binasında yoxlama aparılıb.

Adının açıqlanmasını istəməyən və uzun müddətdir icra başçısından şikayətçi olan mənbə Meydan TV-yə bildirib ki, ona zəng ediblər: "Dedilər ki, rayon sakinlərindən kimin icra başçısı, icra hakimiyyəti barədə nə şikayəti var gəlsin, izahat versin. Mən kənardayam. Mənə atam zəng edib dedi ki, şikayətçi insanların izahatlarına ehtiyac var”.

Digər bir sakin də Meydan TV-yə icra hakimiyyətində əməliyyat keçirildiyini deyib: "Əsas problem müavinlər, Mənzil Kommunal Təsərrüfatı İdarəsinin müdiri və baş memarla bağlıdır. Onların etdikləri qanunsuzluqların heç birindən icra başçısı xəbərsiz olmaz. Yəqin, onu da sorğu-sual edərlər”.

DTX məsələ ilə bağlı məlumat yaymayıb.

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov barəsində daha öncə Meydan TV-də şikayətlər gedib. Həmin şikayətlərdən biri də Şəmkirdə fəaliyyət göstərən "Azforel" MMC ilə bağlı

idi

.

“Azforel” rəhbərliyi ilə yaxın münasibəti olan və adının açıqlanmasını istəməyən mənbə o vaxt Meydan TV-yə müəssisənin icra başçısı Alimpaşa Məmmədovun oğluna məxsus olduğunu bildirmişdi. O demişdi ki, orada 18 göl, 220-dən artıq hovuz var. Gölün birinin qiyməti isə 750 min manatdır: “Bunu hər yerindən duran qura bilməzdi. Dövlətə də iş yeri, sahibkarlıq obyektinin olması sərf edir, səs çıxarmırlar. Onlar da istədiklərini edirlər. Hovuzlardan 150 dənəsi 25 metr uzunluğunda, 4 metr enində, qalanı isə xırda 8 metrlikdir. Burada yetişdirilən balığın kilosunu minimum 8 manatdan satırlar. Ən kiçik balığı çəkisi 300 qram, böyüyü də 1-1,5 kilo olur. Obyekti bu gün satsalar, nə az, nə çox – 50 milyon manatlıq qiyməti var”.

Şəmkirin Mehrili kəndində yerləşən “Azforel” MMC-nin qanuni təmsilçisi Şahin Nizami oğlu Cavadovdur.

Vergilər Nazirliyindən belə qeydiyyatdan keçirilib. Eyni zamanda, MMC 2017-ci il avqustun 28-də dövlət qeydiyyatına alınıb.

Şahin Cavadov 2011-2015-ci illərdə Rusiyada iqtisadiyyat təhsili alıb. Sosial şəbəkə hesablarından birində “Azforel” MMC-də icraçı direktor olduğunu qeyd edib.

EoPHrq3XUAAtMqU.jpg
Dövlət Təhlükəsizliyi Xidməti

2018-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətindən

bildirilib

ki, burada 1000 nəfər çalışacaq, amma ilkin olaraq 110 nəfər işlə təmin olunacaq: “Yerli sahibkar tərəfindən yaradılan “Azfarel” MMC balıqyetişdirmə və emalı zavodunun layihə dəyəri 43 milyon manatdır”.

DTX 2020-ci il fevral ayında Neftçala Rayon İcra Hakimiyyətində də əməliyyat keçirib. Daha sonra Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açılıb.

Fevralın 22-də Səbail Rayon Məhkəməsi Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Təqdimatı Dövlət Təhlükəsizlik Xidməti verib.

Keçmiş başçıdan başqa onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, Mərkəzi Xəstəxananın baş həkimi Telman Zahidov və Təhsil şöbəsinin müdiri Əjdər Kərimov haqqında da eyni qərarın verildiyi bildirilir.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə, rüşvətalma, rüşvətvermə ilə bağlı faktlara görə həbs ediliblər.

Ötən il aprelin 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Baş Prokurorluğun (RP) birgə yaydığı məlumatda bildirilirdi ki, İsmayıllı rayonunda əməliyyat-axtarış tədbiri nəticəsində İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov həbs edilib.

Aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Bir gün sonra, aprelin 30-da da icra hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçilib.

O, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham edilir.

Prezident İlham Əliyevin mayın 6-da imzaladığı sərəncamla İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev vəzifəsindən azad olunub.

2019-cu il dekabrın 19-da isə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Ağstafa rayonunun İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlandı. Daha sonra onların hər ikisi məhkəməyə çıxarılaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar rüşvət, mənimsəmə və başqa oxşar əməllərdə ittiham edilirlər.

Dövlət Təhlükəsizlik Xidməti Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının kabinetində və başqa yerlərdə çəkildiyi bildirilən görüntülər də yaymışdı.

Ana səhifəSiyasətİcra hakimiyyətində əməliyyat keçirildiyi deyilir, şikayətçilərə zəng edilib