Müsavatçı gənclər Rusiya səfirliyi qarşısında aksiya keçiriblər

Qətnamədə Rusiya rəsmi dairələrindən Şuşaya “İsgəndər M” raketlərinin atılması ilə bağlı izahat verilməsi tələb olunur.

Source: Specify Source


"Aksiya Rusiyanın Qarabağda işğalçı kimi davranışlarına etirazdır"

Aprelin 9-da Müsavat Partiyasının Gənclər Təşkilatı Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.

Müsavatçılar jurnalistlərə bildirib ki, aksiya Rusiyanın Qarabağda sülhməramlı mandatına aid olmayan fəaliyyətinə, işğalçı kimi davranışlarına etirazdır.

Aksiyada "Xankəndi Azərbaycandır","Xocalı Azərbaycandır", "Qarabağdan əlini çək" və başqa şüarlar səsləndirilib.

Polis aksiyaya müdaxilə etməyib.

Müsavatçıların səfirliyə təqdim etdiyi qətnamədə qeyd olunub ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları işğaldan azad edilən Şuşa şəhəri ətrafında “İsgəndər” raketlərinin qalıqlarını aşkarlayıblar: “Raket qalıqlarının Rusiyanın Ermənistana verdiyini rəsmən açıqladığı “İsgəndər-E” modifikasiyasına deyil, raket komplekslərinin daha uzaq mənzilli və nüvə başlığı daşıya bilən “İsgəndər-M” versiyasına aid olduğu ortaya çıxıb. Bu versiya 500 kilometr mənzilə malik orta mənzilli raketlər sinfinə aiddir. Həmin raketlərin ixracı 1987-ci ildə ABŞ ilə SSRİ arasında imzalanan “Yaxın və orta mənzilli raketlərin məhv edilməsi”nə dair müqavilənin tələblərinə tamamilə ziddir. ANAMA raketin identifikasiya nömrəsini və düşdüyü ərazinin coğrafi koordinatlarını da açıqlayıb. Bu identifikasiya nömrəsinin məhz Rusiyanın istifadəsində olan “İsgəndər-M” raket komplekslərinə aid olduğu həm Azərbaycanın, həm də Rusiyanın hərbi ekspertləri tərəfindən təsdiqlənib”.

Qətnamədə Rusiya rəsmi dairələrindən Şuşaya "İsgəndər M" raketlərinin atılması ilə bağlı izahat verilməsi tələb olunur.

Ana səhifəSiyasətMüsavatçı gənclər Rusiya səfirliyi qarşısında aksiya keçiriblər