“Bayram günlərində də qəddarlıqdan əl çəkmirlər”

Valideynləri Niyaməddin Əhmədovla əlaqə yarada bilmir

Source: Foto: sosial şəbəkə


Valideynləri Niyaməddin Əhmədovla əlaqə yarada bilmir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi olmuş Niyaməddin Əhmədov ötən ilin aprelindən həbsdədir. Ötən bir ilə yaxın müddətdə onun ailə üzvlərilə telefon danışığına icazə verilməyib.

AXCP-dən Meydan TV-yə bildirilib ki, 9 aya yaxın onun telefon zənglərilə yanaşı, ailə üzvlərilə görüşlərinə də qadağa qoyulmuşdu: “Yalnız yanvar ayında ilk dəfə atasıyla görüşə icazə verdilər. İndiyədək atası cəmi iki dəfə onunla görüşə bilib”.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 19.7 maddəsində yazılıb ki, həbsdə olan şəxslərin həftədə iki dəfə 15 dəqiqəyə qədər telefonla danışmaq hüququ var. Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı həbs edilmiş şəxsin, onun qohumlarının vəsaiti hesabına ödənilir.

“Baxmayaraq ki, həftədə iki dəfə ailə üzvlərilə danışmaq hüququ var, bu qəddar hakimiyyət, hətta bayram günlərində də Niyaməddin Əhmədova yaşlı və xəstə anası ilə danışmağa imkan vermir. Bayram günlərində belə, qəddarlıqdan əl çəkmirlər”, – AXCP-dən bildirilib.

Niyaməddin Əhmədovun atası Arif Əhmədov Meydan TV-yə bildirib ki, həyat yoldaşı ötən bir ilə yaxın müddətdə oğlunu nə görüb, nə də səsini eşidib: “Biz Tovuzda, kənddə yaşayırıq. Anası xəstədir, gedə bilmir. Səsini eşitməyə də qoymurlar. Xəstəlik bir tərəfdən, günahsız oğlunun heç nədən həbsdə saxlanması o biri tərəfdən anasını taqətdən salıb. Yanvara qədər dəfələrlə getmişdim, məni də görüşməyə qoymamışdılar. Bir dəfə yanvarda görüşə bildim, bir dəfə də martda. Martın 2-də təcridxanada görüşdüm, Bakıda qalıb, 3-də də məhkəməsinə getdim. Sonra mənim də vəziyyətim yaxşı olmadı, nə məhkəmələrinə gələ bildim, nə də yanına gedə bildim. Bayramda gözləyirdik ki, bəlkə zəng eləyər, elə gözləyə-gözləyə qaldıq…”

Niyaməddin Əhmədovun həm atası, həm də vəkili dəfələrlə Penitensiar Xidmətə, prokurorluğa, Ombudsman Aparatına, məhkəməyə müraciət edib. Lakin heç bir nəticəsi olmayıb. Niyaməddin Əhmədovun işi üzrə istintaqı aparan Baş Prokurorluğun İstintaq İdarəsindən rəsmi cavab verilib ki, onlar telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasıyla bağlı heç bir göstəriş verməyiblər. Penitensiar Xidmət də müraciətlərə cavab olaraq bildirilib ki, Niyaməddin Əhmədovun qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqları, o cümlədən ailə üzvlərilə telefonla danışmaq və görüşmək hüququ təmin olunur. Ona görə də vəkil bir müddət əvvəl sorğu göndərərək, cavab istəyib ki, Niyaməddin Əhmədov 2020-ci ilin mayında Bakı İstintaq Təcridxanasına gətiriləndən sonra bu ilin yanvar ayına qədər ailə üzvlərilə neçə dəfə görüşüb, neçə dəfə telefonla danışıb? Amma vəkil bu sorğusuna hələ cavab ala bilməyib.

Vəkil Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi şəxsin telefon danışığı və görüş hüququnun təmin olunmasına yardım üçün Ombudsman Aparatına da üz tutub. Lakin oradan cavab gəlib ki, şikayətlə əlaqədar müvafiq qurumlara müraciət olunub. Həmin qurumlar isə Niyaməddin Əhmədovun hüquqlarının məhdudlaşdırılmadığını bildiriblər. Bu cavabdan sonra vəkil Ombudsman Aparatına təkrar müraciət edərək, istintaq təcridxanasında Niyaməddin Əhmədovla görüşüb, məsələnin onun özü ilə dəqiqləşdirilməsini, həmçinin Bakı İstintaq Təcridxanasından dustaqların telefon zənglərini əks etdirən qeydlərin alınmasını xahiş edib.

“Məhkəmələr də şikayətimizə baxmaqdan imtina edir. Vəkil üç dəfə Sabunçu Rayon Məhkəməsinə, iki dəfə apelyasiya məhkəməsinə şikayət verib. Hakimlər bu işə baxmaqdan imtina edirlər. Bilmirəm ki, nə düşmənçilikdir? Cavan canını orada çürüdürlər, necə işgəncələr veriblər, daha nə istəyirlər, bilmirəm…“, – deyə Arif Əhmədov bildirib.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti, o cümlədən prezident və ailəsinin ünvanına sərt ifadələr səsləndirən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə Niyaməddin Əhmədova pul göndərib.

Niyamədiin Əhmədov isə ittihamı rədd edir, Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. Qabil Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən Niyaməddin Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub. O bildirib ki, Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) işgəncələrə məruz qalıb.

Ana səhifəSiyasət“Bayram günlərində də qəddarlıqdan əl çəkmirlər”