Sahil Babayev: 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub

“Dövlət başçısı bu proqramın cari ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəyini bildirib”

Sahil Babayev, Foto: Azərtac


Nazir evlərin müharibədə həlak olanların yaxınlarına veriləcəyini bildirib

“Azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən iclasda belə deyib.

Nazir bildirib ki, bu il şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin edəcəklər.

Bütövlükdə isə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib.

Sahil Babayev bildirib ki, ötən il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, artıq yaxın günlərdə bu planın icrası tam başa çatacaq: “Dövlət başçısı bu proqramın cari ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəyini bildirib. Bu tapşırığın icrası ilə bağlı işlər Nazirlik tərəfindən yüksək səviyyədə yerinə yetiriləcəkdir”.

Ötən il özünüməşğulluq proqramının daha da genişləndirilərək 12 min şəxsi əhatə etdiyini deyən nazir 2021-ci il üçün proqrama bundan daha çox olmaqla 16 min şəxsin cəlb olunmasının planlaşdırıldığını bildirib: “Ötən il daha bir DOST mərkəzi, müasir tələblərə uyğun qurulmuş 6 reabilitasiya müəssisəsi açılıb. Ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşlərdə yaralanmış qəhrəman insanlarımızın müalicə tədbirlərindən sonra kompleks tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmaları üçün müasir reabilitasiya sistemi yaradılıb”.

Sahil Babayev Nazirliyin e-arayış xidmətlərinin sayının daha da artaraq 61-ə (o cümlədən proaktiv xidmətlərin sayının 34-ə) çatdığını da deyib: “Son bir ildə 95 min pensiya, müavinət, təqaüd təyinatı elektron qaydada, proaktiv şəkildə aparılıb. Ünvanlı dövlət sosial yardım proqramı genişləndirilib. Bu il də eyni istiqamətdə yeni mühüm işlər aparılacaq”.

İclasda Prezident İlham Əliyevin tapşırıqlarının icrası olaraq görüləcək işlər ətraflı müzakirə olunub.

Ana səhifəSosialSahil Babayev: 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub