Türkiyədə məktəb yaxınlığında silahlı hücum olub, 11 nəfər yaralanıb

Manisadakı məktəb faciəsi – Foto: Video screenshot

Sentyabrın 22-də Türkiyənin Manisa vilayətində məktəbin yaxınlığında silahlı hücum baş verib. Səhər saatlarında baş verən hadisə nəticəsində azı 11 nəfər yaralanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, yaralananların hamısı şagirddir. Onlardan ikisinin vəziyyəti ağırdır. 

Manisa Valiliyi hücumda şübhəli bilinən şəxsin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını açıqlayıb. Yerli mətbuata görə, şübhəli şəxs 15 yaşlı şagirddir. 

Hücumun ov tüfəngi ilə törədildiyi, şübhəlinin isə hadisədən sonra ərazidən qaçdığı və daha sonra saxlanıldığı bildirilir. Təhlükəsizlik kameralarına düşən görüntülərdə tüfənglə silahlanmış şəxsin küçə ilə hərəkət etdiyi və daha sonra hadisə yerindən uzaqlaşdığı görünür.

İstintaq çərçivəsində şübhəlinin anası, atası və babası da saxlanılıb.

Hücumun motivi hələlik müəyyən edilməyib. Türkiyə rəsmiləri hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

Türkiyə Prezidentinin müavini Cövdət Yılmaz deyib ki, daxili işlər naziri Mustafa Çiftçi və milli təhsil naziri Yusuf Tekin hadisə ilə bağlı Manisaya yollanıblar. Yılmaz həmçinin iki yaralının vəziyyətinin ağır olduğunu açıqlayıb.

Hadisə Türkiyədə məktəblərin təhlükəsizliyi ilə bağlı yeni tədbirlərin müzakirə edildiyi bir vaxtda baş verib. Bundan bir gün əvvəl Daxili İşlər Nazirliyi ilə Milli Təhsil Nazirliyi arasında məktəb təhlükəsizliyinə dair yeni əməkdaşlıq protokolu imzalanmışdı.

Türkiyədə bu il məktəblərdə baş verən üçüncü belə silahlı atışmadır. Aprelin 14-də Şanlıurfada məktəbdə baş verən hücumda 16 nəfər yaralanıb. Ertəsi gün Kahramanmaraşda məktəbdə baş verən atışmada isə üç şagird və bir müəllim ölüb, 20 nəfər yaralanıb. Bu hadisələrdən sonra Türkiyə rəsmiləri məktəblərin təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirləri müzakirə edib və tətbiq etməyə başlayıb.

Ana səhifəDünyaTürkiyədə məktəb yaxınlığında silahlı hücum olub, 11 nəfər yaralanıb