Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə 12-15 il həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb.
Toplum TV xəbər verir ki, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin verdiyi 8 vəsatətin heç biri müzakirəyə çıxarılmayıb. Müşavirədən qayıdan məhkəmə heyəti vəsatətlərin rədd edildiyini elan edib.
Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli məhkəmə zalında mikrofonun işləməməsinə etiraz edib və səhhətindəki problemləri xatırladıb:
“Mikrofon işləmədiyinə görə ucadan danışmağa məcburam, amma səhhətimə görə ucadan danışa bilmirəm. Mən şərlənib həbsə düşəndən bəri dörd növ xroniki xəstəliyə tutulmuşam. Hazırda da bu vəziyyətim davam edir”.
Məmmədli 30 illik hüquq fəaliyyəti ərzində belə məhkəmə prosesi görmədiyini deyərək hakimlərə müraciət edib:
“Onsuz da siz bilirsiniz ki, bu iş gec-tez geri qayıdacaq, bu işə nə vaxtsa yenidən baxılacaq. Siz öz vəzifənizi elə yerinə yetirin ki, o zaman gələndə bu davranışlarınıza görə məsuliyyət daşımayasınız”.
İclas zamanı məhkəmə heyəti ilə təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb. Buna hakimin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanova “sən” deyə müraciət etməsi səbəb olub. Qurbanov hakimdən nəzakət qaydalarına riayət etməsini tələb etdikdən sonra məhkəmə zalından çıxarılıb.
III Respublika Platformasının qurucu heyətinin üzvü Ruslan İzzətli çıxışında məhkəmə prosesinin aparılmasını və hakimlərin davranışını tənqid edib. Bundan sonra onunla hakim arasında mübahisə yaranıb və hakim İzzətliyə “tərbiyəsiz” deyib.
Ələsgər Məmmədli hakimin bu ifadəsinə etiraz edib:
“Sizin ‘tərbiyəsiz’ dediyiniz şəxs bu ölkə uğrunda döyüşüb və prezident tərəfindən medal alıb”.
Təqsirləndirilən digər beş nəfər isə onlarla həmrəylik nümayiş etdirərək zalı tərk edib. Təqsirləndirilən şəxslərdən yalnız Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və Toplum TV əməkdaşı Elmir Abbasov zalda qalıb.
Növbəti məhkəmə iclası oktyabrın 5-i saat 15:30-a təyin edilib.
İyulun 27-də Toplum TV əməkdaşlarına hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaqla, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Elmir Abbasov məhkəmə zalında həbs olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.