Mirvari Qəhrəmanlı: İki dövlət qurumunun məsuliyyətsizliyinin cəzasını neftçilər çəkir

“İki dövlət qurumunun məsuliyyətsizliyinin cəzasını neftçilər çəkirlər”.

Foto: SOCAR


“43 gün əvvəl evdən çıxan neftçilərin ərzağı da bitmək üzrədir”

“Dənizdə işləyən neftçilər problemlə qarşılaşırlar, lakin SOCAR problemi yaradanları cəzalandırılmır. Neftçilər taleyin ümidinə buraxılıb”.

Neftçilərin Hüquqlarını MüdafiəTəşkilatının sədri Mirvari Qəhrəmanlı belə deyir.

Hüquq müdafiəçisinin sözlərinə görə, dekabrın 31-də «Abşeronneft» Neft-Qazçıxarma İdarəsinin işçiləri növbəni dəyişməli idilər, amma bu baş verməyib:

“Təşkilata müraciət edən neftçilər bildiriblər ki, 2 gün ərzində gözləsələr də, növbəni dəyişməyiblər. Neftçilərə deyiblər ki, muqavilə bağlanılmayıb, yəni SOCAR “Xəzər Dəniz Gəmiçiliyi” ilə müqavilə bağlamayıb, buna görə də gəmilər dənizə çıxmır. Neftçilər artıq 43 gündür evdən çıxıblar. Onların özləri ilə götürdükləri ərzaqları da bitmək üzrədir. İki dövlət qurumunun məsuliyyətsizliyinin cəzasını neftçilər çəkirlər".

38566
Mirvari Qəhrəmanlı

Qəhrəmanlı xatırladıb ki, 31 dekabr günü Neft Daşlarına növbə dəyişməyə gedən 160 nəfər işçini köhnə ( 1983-cü ildə inşa olunmuş) General Əsədov gəmisində 19 saat saxlayıblar. Hansı ki, bu işçilər 40 gün də ağır dəniz şəraitində işləməlidirlər.

Adlarının açıqlanmasını istəməyən 2 neftçi də təşkilat sədrinin dediklərini təsdiqləyib. Onların sözlərinə görə, Neft Daşlarına yola düşməzdən əvvəl 1 həftə Atletlər Kəndində karantində saxlanılıblar. Onlar saatlarla ac-susuz və yuxusuz qaldıqlarını deyirlər.

İş günü olmadığından Meydan TV SOCAR-dan məsələyə münasibət öyrənə bilməyib.

Ana səhifəSosialMirvari Qəhrəmanlı: İki dövlət qurumunun məsuliyyətsizliyinin cəzasını neftçilər çəkir