Təhsil eksperti: Nazirlər Kabinetinin bu qərarı korrupsiyaya yol açır

“Qərarda 3 istiqamət müəyyən edilib və ödəniş dövlət büdcəsindən deyil, müvafiq nazirliyə ayrılmış vəsaitdəndir. İstiqamətlərdən biri kollektivdə fərdi qaydada mükafatlandırmadır ki, biz kimin mükafatlandırılacağını bilmirik”

Source: google.az


"Əksəriyyət Azərbaycanda mükafatlandırılmanın hansı qaydada getdiyi bilir"

Təhsil işçilərinin vəzifə maaşlarına iki misli məbləğində əlavələr ediləcək.

Məsələ Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə qaydası”nda öz əksini tapıb.

Qərarda deyilir ki, aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir:

“Vəzifə maaşına əlavə işçinin əmək məzuniyyətində olduğu günlər, əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin, hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər hesablanır. Eyni zamanda, işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər”.

Qərarda daha sonra qeyd olunur ki, büdcədənkənar vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə xərclənir: İşçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi, işçilərə maddi yardımın göstərilməsi, işçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir: işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi, qanunla müəyyən edilmiş bayram günləri ilə, həmçinin, digər əlamətdar hadisələrlə əlaqədar işçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir”.

Qərarda işçilərin xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla biləcəyi qeyd edilir:

“Verilən mükafatların məbləği aylıq vəzifə maaşının iki mislindən çox olmamaq şərtilə müəyyən edilir. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər. İşçilərin fərdi mükafatlandırılması əmrlə rəsmiləşdirilir. İşçilərə aylıq vəzifə maaşlarının iki mislindən çox olmamaqla vəzifə maaşlarına əlavələr verilir”.

Təhsil eksperti Nabatəli Qulamoğlu qərarı müsbət qiymətləndirməyib və korrupsiyaya yol açdığı qənaətindədir.

O, bunun qəti yolverilməz olduğunu deyib: “Çünki qərar sosial narazılıq və korrupsiyaya yol açır, başqa heç nə deyil”.

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

Nabatəli Qulamoğlu Meydan TV-yə bildirib ki, qərarın müəyyən təhlükəsi var:

“Qərarda 3 istiqamət müəyyən edilib və ödəniş dövlət büdcəsindən deyil, müvafiq nazirliyə ayrılmış vəsaitdəndir. İstiqamətlərdən biri kollektivdə fərdi qaydada mükafatlandırmadır ki, biz kimin mükafatlandırılacağını bilmirik. Əksəriyyət Azərbaycanda mükafatlandırılmanın hansı qaydada getdiyi bilir. İkinci istiqamət işçilərin vəzifə maaşlarına əlavələrin verilməsidir, o da müdiriyyətin istəyindən asılı olacaq, yəni kimə istəsə, əlavə ayıracaq. Ücüncü istiqamət işçilərə maddi yardımın göstərilməsidir, bu da əvvəlki qəbildəndir. Bütün bu istiqamətlər subyektiv amillərin və korrupsiyanın geniş meydan almasına şərait yaradacaq”.

Ana səhifəSosialTəhsil eksperti: Nazirlər Kabinetinin bu qərarı korrupsiyaya yol açır