Vətəndaşlar: Ekskursiya agentliyi pulu toplayıb, aradan çıxıb

“Dələduzluğa məruz qaldığımı anlayıb bu gün DİN 102 Xidmətinə məlumat verdim”.

Source: Specify Source


“İdem Travel” Ekskursiya Agentliyinə qarşı iddialar sosial şəbəkələrdə də yer alıb

“Biletlərin istifadə vaxtı yaya düşürdü. Pandemiyaya görə səyahət baş tutmadı. Agentliyin əməkdaşına zəng vurdum, dedi, narahat olmayın, səyahət baş tutmadığına görə biletlərin pulu geri qaytarılacaq. Aylardır məni süründürürlər, pulu qaytarmırlar. Artıq polisə də məlumat vermişəm, heç bir tədbir görülmür”.

Gəncə sakini Kamil Qasımov Meydan TV-yə danışır ki, ötən ilin dekabrında “İdem Travel” Ekskursiya Agentliyindən özünə, ailəsinə və yaxın qohumlarına ümumilikdə 12 səyahət bileti alıb. Hər biletə görə 50 manat ödəyib. Antalyaya səyahət bir neçə ay sonra – yəni ötən yay ərzində baş tutacaqmış. Ancaq pandemiya səbəbindən baş tutmayıb.


“Əvvəllər heç olmasa zəngə cavab verirdilər”

Kamil Qasımov ödədiyi pulu hələ də agentlikdən geri ala bilmədiyini deyir:

“Antalyaya səyahətə ailə üzvlərim və qohumlarımla gedəcəkdik, ona görə də 12 bilet almışdım, məlum səbəblərdən səyahətimiz baş tutmadı. 12 biletin pulunu geri ala bilmirəm. Agentlik əməkdaşı hər dəfə məni aldadır, deyir, pulu kart hesabına köçürmüşük, yoxlayıram, məlum olur ki, yenə aldadıb. Əvvəllər heç olmasa kimsə zənglərimə cavab verirdi, indi cavab verən də yoxdur”.

Kamil Qasımovun şirkətdən alacağı məbləğ 1020 manatdır. O, İqtisadiyyat Nazirliyi Yanında İntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Xidmətdən ona gələn məktubda bildirilib ki, şikayəti araşdırılacaq:

“Ancaq şifahi deyirlər ki, o turizm agentliyinin satdığı biletlər saxta olub, get, hüquq-mühafizə orqanlarına müraciət et. Polisə şikayət etmişəm, araşdırılmır”.

img_5875.jpg
Bakı Şəhər Baş Polis İdarəsinin cavab məktubu


“Əvvəl dedilər: “Gözlə”, sonra da yoxa çıxdılar”

“İdem Travel”dən şikayətçi təkcə Kamil Qasımov deyil. Bakı sakini Rza Rzayev deyir, ötən il dekabrın 27-də Türkiyəyə 4 bilet alıb. Səyahət 2020-ci ilin yayında gerçəkləşəcəkmiş. Mart ayında pandemiyaya görə agentliklə əlaqə saxlayıb biletləri geri qaytarmaq istəyib, ancaq qurum bunun mümkün olmadığını deyib:

“Agentlik işçisi bildirdi ki, biletləri geri qaytarmaq mümkün deyil, gözləyək, bəlkə yollar açıldı, səyahət baş tutdu. Sonralar daha bir neçə dəfə də zəng vurub biletlərin pulunu geri tələb etdim. Sonuncu dəfə avqustda söz verdilər ki, pul qaytarılacaq, yenə qaytarılmadı. Sonrakı zənglərimdə telefonları bağlı idi. Daha sonra təsadüfən zəng vuranda telefon açıq idi, dedilər, sentyabrın 30-da pul qaytarılacaq. Ondan sonra bir daha telefonlarına zəng çatmadı. Agentliyin mənə ödəməli olduğu məbləğ 340 manatdır”.


Daha bir müştəri polisə üz tutub

Mehriban Mirzəyeva da agentlikdən şikayətçidir. O da ötən il dekabrın 29-da iki bilet alıb. Eyni səbəbdən tur baş tutmayıb, pulu geri qaytarılmayıb:

“Dedilər, yollar açılanda tur baş tutacaq. Bu yaxınlarda düşündüm ki, xeyli vaxtdır gözləyirik, vəziyyətsə yaxın vaxtlarda düzələnə oxşamır. Zəng vurdum ki, biletləri ləğv etdirib pulumu geri istəyim. Telefonları bağlıdır. Sonra “İnstagram” səhifələrinə baxdım, gördüm hamı şikayətçidir, hamı pulunu geri tələb edir, yazırlar ki, dələduzlar adamlardan pul toplayıb, telefonları da bağlayıb, ortadan itib. Dələduzluğa məruz qaldığımı anlayıb bu gün DİN 102 Xidmətinə məlumat verdim”.

img_5877.jpg
“Bu yaxınlarda düşündüm ki, xeyli vaxtdır gözləyirik, vəziyyətsə yaxın vaxtlarda düzələnə oxşamır”


Ünvanda yox, sosial şəbəkədə yox, telefonlar da bağlı…

“İdem Travel” sosial şəbəkələrdə həm də “Ali Travel” adı ilə fəaliyyət göstərib. Ancaq həm “Facebook”, həm “İnstagram” səhifələrinə nəzər salanda məlum olur ki, agentlik çoxdandır aktiv paylaşımlar etmir. Köhnə paylaşımlarının altında rəy yazan xeyli vətəndaşsa agentlikdən pullarını tələb edir. Vətəndaşlar rəylərdə agentlik əməkdaşlarını dələduzluqda günahlandırır, onların əməllərindən hüquq-mühafizə orqanlarına şikayət etdiklərini yazırlar.

“İdem Travel”in fəaliyyətini əks etdirən rəsmi saytı yoxdur. İnternet üzərindən axtarış zamanı yalnız Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 200 ünvanda fəaliyyət göstərdiyi, 070-224-72-00 əlaqə nömrəsi qeyd olunub. Meydan TV müxbiri qeyd olunan ünvana da baş çəkib, lakin həmin ünvanda hər hansı “İdem Travel” Ekskursiya Agentliyinin ofisinə rast gəlməyib.

img_5874.jpg
“Dələduzlar adamlardan pul toplayıb, telefonları da bağlayıb, ortadan itib”.
Ana səhifəSosialVətəndaşlar: Ekskursiya agentliyi pulu toplayıb, aradan çıxıb