14.45.
Fövqəladə Hallar Nazirliyi məlumatları tamamilə əsassız sayan açıqlama yayıb.
Nazirlik bildirib ki, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada hər hansı hadisə baş verməyib:
"Xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış hadisəsi baş verməyib. FHN media nümayəndələrini bu cür xəbərləri yayarkən həssaslıq nümayiş etdirməyə, cəmiyyətdə çaşqınlıq və təşviş yaratmamağa, məlumatları nazirliklə dəqiqləşdirməyə çağırır”.
***
TƏBİB rəsmisi: "Xəstəxana FHN-in tabeliyindədir"
Dekabrın 17-də, gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığda yerləşən modul tipli xəstəxanasında yanğın olub.
Bu barədə Meydan TV-yə xəstəxanada çalışan və işini itirməmək üçün adının açıqlanmasını istəməyən mənbə bildirib.
O, yanğının oksigen balonunun partlaması nəticəsində baş verdiyini söyləyib.
Deyib ki, bundan sonra sistem sıradan çıxıb.
Nəticədə xəstələr saatlarla oksigensiz qalıb. Buna görə içlərində halları pisləşənlər, ölənlər olub.
Yanğınla bağlı sosial şəbəkələrdə xəstə yaxınları da məlumat paylaşıb.
Həmin məlumatlarda isə bildirilir ki, oksigensiz qalan 40-dək xəstə vəfat edib.
Yanğın isə ümumilikdə xəstəxananın 17, 18 və 19-cu korpuslarını əhatə edib.
Oksigen stansiyası sıradan çıxıb. Hazırda sistemdə yaranan nasazlığın aradan qaldırılması üçün iş gedir.
Məsələ ilə bağlı hələlik, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) hər hansı açıqlama verməyib.
TƏBİB-in ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış Meydan TV-yə bildirib ki, bu barədə açıqlama verə bilməzlər, çünki həmin xəstəxana FHN-in tabeliyindədir: “Oradakı tibbi personal da nazirliyin işçiləridir. Odur ki, bizim bu barədə nəsə açıqlama vermək səlahiyyətimiz yoxdur”.
FHN-dən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Nazirlik özünün rəsmi səhifəsində də bu barədə hər hansı açıqlama verməyib.
Xəstəxana 2277 çarpayıdan ibarətdir. Hazırda orada minlərlə xəstənin müalicə aldığı bildirilir.