Nazir müavini: Azərbaycanda vaksinasiya strategiyası hazırdır

“Eyni zamanda, ikitərəfli danışıqlar da aparılır”.

Source: google.az


Viktor Qasımov: "İlk dövrlərdə vaksinlər pulsuz həyata keçiriləcək"

Dekabrın 15-də Operativ Qərargahın brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, Azərbaycanda vaksinasiya strategiyası hazırdır.

O, yaxın günlərdə hökumətin strategiyanı təsdiqləyəcəyini bildirib: "Azərbaycanda vaksinasiya strategiyası hazırdır və yaxın günlərdə bu strategiya təsdiqlənəcək".

Nazir müavini əlavə edib ki, ilk dövrlərdə vaksinlər pulsuz həyata keçiriləcək: “Bizim ölkədə koronavirusa qarşı vaksinasiya pulsuz həyata keçiriləcək və artıq risk qrupları müəyyənləşib. İlk növbədə, onların vaksinasiyası həyata keçiriləcək”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, COVİD-19 əleyhinə inaktiv yolla, RNT əsasında hazırlanan və canlı virus üzərində hazırlanan vaksinlər var:

“Müxtəlif şirkətlər tərəfindən təklif olunan vaksinlər var. Vaksin seçimində bir neçə parametr önə çıxır. Biri saxlama şəraiti, digəri qoruyuculuq, effektivlik xüsusiyyəti, üçüncüsü isə təhlükəsizlikdir. Hazırda mövcud olan 5 vaksində təhlükəsizliklə bağlı tədqiqatlar yekunlaşmaq üzrədir, digər iki element isə tam məlumdur. Bunlardan biri Almaniya və ABŞ-ın birgə hazırladığı “BioNTech/Pfizer” vaksinidir. Burada saxlanma şəraiti bir qədər çətindir. Dünyanın əksər ölkələrində səhiyyə infrastrukturları buna hazır deyil və bu istiqamətdə işlər gedir. Bu vaksin -70 dərəcədə saxlanılır və effektivliyi 95 faiz olduğu barədə məlumatlar artıq məqalələrdə nəşr olunub. Digəri Rusiya Federasiyasında Gamaleya İnstitutunda hazırlanan “Sputnik V” vaksinidir. Bu vaksin -20 dərəcə temperaturda saxlanılmalıdır və effektivliyinin 95 faiz olduğu barədə məlumatlar var. Bundan başqa, Oksford Universitetində “AstraZeneca” şirkəti ilə birgə İngiltərə və İsveç alimlərinin birgə hazırladığı, -4 dərəcədə saxlanıla bilən vaksin ön plana çıxıb. Bu vaksinin də effektivliyinin 70 faiz olduğu barədə məlumatlar var. Ancaq bu vaksinin ikinci dozası ilə bağlı yenidən tədqiqatlara başlanılıb. Hazır olan vaksinklərdən Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcə Selsidə 3 ilə qədər saxlamaq mümkündür. İlkin nəticələrə görə, bu vaksinin effektivliyinin 95-97 faiz olduğu bildirilir”.

O, ilkin olaraq səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə koronavirua qarşı vaksinlərin vurulması nəzərdə tutulduğunu deyib və əlavə edib ki, vaksin alınan zaman büdcədən nə qədər vəsait ayrılacağı şəffaf şəkildə ictimaiyyətə açıqlanacaq.

1593528903_raml.jpg
Ramil Bayramlı

Ramil Bayramlı Azərbaycana vaksinlərin alınmasının 2 platforma ilə həyata keçiriləcəyini söyləyib:

“Artıq Azərbaycan GAVİ təşkilatının müzakirələrinə qatılıb. Eyni zamanda, ikitərəfli danışıqlar da aparılır. İkitərəfli danışıqlar istiqamətində Türkiyə ilə çalışırıq. Çünki Türkiyədə aparılan 3-cü faza tədqiqatlar bizim üçün daha əlçatandır. Təhlükəsizlik və effektivliyə əmin olmağımız əsas məqamlardan biridir. Üçüncü fazanın nəticələri bir neçə ölkə tərəfindən açıqlanan sonra biz daha rahat qərar verə biləcəyik. Dünyanın bir sıra ölkələri vaksinləri təcili qeydiyyata alaraq öz ölkələrində vurmağa başlayıblar. Biz də qeydiyyat prosesini izləyirik. Türkiyədə müxtəlif laboratoriyalar vaksinlərin təhlükəsizliyi üçün tədqiqatlar aparır. Vaksinlərin bütün seriyası üzərində bu tədqiqatlar aparılmalıdır. Yəni hər partiya üçün bunlar sınaqdan keçirildikdən sonra istifadəsinə icazə verilməlidir. Analizlərin nəticələri bizim üçün çox vacibdir. Səhiyyə Nazirliyinin də Analitik Ekspertiza Mərkəzinin bunun üçün imkanları kifayət qədərdir. Müxtəlif qurumlar tərəfindən bu istiqamətdə işlər aparılır”.

Ana səhifəSosialNazir müavini: Azərbaycanda vaksinasiya strategiyası hazırdır