Əsgər Rüfət Novruzovun müraciəti müsbət cavablandırıldı
Təhsil Nazirliyi hazırda cəbhə bölgəsində xidmətini davam etdirən Rüfət Novruzovun müraciətini müsbət cavablandırıb.
Bu barədə nazirlik rəsmi
açıqlama
yayıb.
Açıqlamada bildirilir ki, əsgər Rüfət Novruzovun sosial şəbəkələrdə yayımlanan videomüraciətini araşdırıblar.
Məsələnin müsbət həlli ilə bağlı müvafiq tapşırıq verilib: “8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Xocalı şəhəri üzrə təsərrüfat qrupunun agenti Rüfət Novruzov 2020-ci il sentyabrın 10-dan 6 ay müddətinə ödənişsiz məzuniyyətlə bağlı 8 saylı ƏMHM-nin rəisinə müraciət edib. Ona məzuniyyət verilib. Ancaq Rüfət Novruzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına çağırılıb, lakin ödənişsiz məzuniyyətdə olması səbəbindən hərbi xidməti dövründə onun maaşı ödənilməyib. Rüfət Novruzovun Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Onun 3 aylıq maaşı məbləğində maliyyə yardımı Təhsil İşçiləri Həmkarlar Komitəsinin büdcəsindən artıq ödənilib”.
Nazirlik həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman təhsil işçiləri Təhsil Nazirliyinin daimi diqqətindədir və bu istiqamətdə davamlı olaraq müvafiq addımlar atılır.
Sosial şəbəkələrdə əsgər Rüfət Novruzovun
videomüraciəti
yayılmışdı.
O, müraciətində Prezident İlham Əiyevə bildirirdi ki, kresloda oturan məmur əsgərin haqqına girir: “Ailəliyəm, 2 övladım var. Gəncədə, Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindəki iş yerinin əməkdaşıyam. Döyüşdəyəm və 2 aydır ki, maaşımı ala bilmirəm. Halbuki siz əsgərlərə güzəştlər edilməsi ilə bağlı göstəriş vermisiniz”.