Nazir: “2021-ci ilin dövlət büdcəsi layihəsində düzəlişlər edilməlidir”
“Gələn ilə hazırlanmış dövlət büdcəsi layihəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurulması ilə bağlı düzəlişlər daxil ediləcək”.
“Report”a
açıqlaması
nda maliyyə naziri Samir Şərifov belə deyib.
“2021-ci ilin dövlət büdcəsi layihəsində müvafiq düzəlişlər edilməlidir”
Nazir bildirib ki, elan olunmuş hərbi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hələlik, Milli Məclisin müzakirəsinə təqdim edilməməsi anlaşılandır.
Samir Şərifov 2021-ci il üzrə hazırlanmış dövlət büdcəsi layihəsində müəyyən düzəlişlərin ediləcəyini də söyləyib: “İşğaldan azad olunan bütün ərazilərdə yenidənqurma işləri aparılacaq. Sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturu və yurdlarına qayıdan vətəndaşların yaşayışı və işgüzar fəaliyyəti üçün şərait qurulacaq. Eyni zamanda, ərazilərdə təhlükəsizlik tədbirləri görülməlidir. Bütün bunların təşkili üçün maliyyə lazımdır. Bunun üçün 2021-ci ilin dövlət büdcəsi layihəsində müvafiq düzəlişlər edilməlidir”.
“2-3 milyard manata yaxın əlavə xərc tələb olunacaq”
Nazirin açıqlaması bir sıra suallar yaradır. Məsələn, düzəliş büdcənin mövcud vəziyyətinə necə təsir edəcək? İşğaldan azad edilmiş rayonların bərpası üçün büdcəyə ciddi güc düşəcəkmi? Bu, ölkənin iqtisadi inkişafına, xərclərə hansı təsirləri göstərəcək?
İqtisadçı Natiq Cəfərli deyir ki, əslində, büdcə layihəsi parlamentə oktyabrda təhvil verilməli, ictimai müzakirələrə açıq olmalı idi. Görünür, büdcənin təhvil verilməsinin yubadılması Qarabağda gedən işğaldan təmizləmə əməliyyatına görədir: “Gələn ilin büdcəsinin xərc hissəsinin artırılacağı gözlənir. Çünki işğaldan azad olunmuş ərazilərin bərpasına başlanacaq. Düzdür, bu, mərhələli şəkildə həyata keçiriləcək. Gələn il görüləcək ilk işlər minalardan təmizləmə, təhlükəsizlik təminatı, sərhədlərin möhkəmlənməsi olacaq. Bundan sonra infrastrukturun, yolların bərpasına baxılacaq. Bunun üçün təxminən 2-3 milyard manata yaxın əlavə xərc tələb olunacaq”.
“Əsas problem büdcənin gəlir hissəsindədir”
İqtisadçı əlavə edir ki, əsas problem büdcənin gəlir hissəsidir, yəni büdcənin doldurulması: “Çünki pandemiya iqtisadi aktivliyin azalmasına səbəb olub. Hətta ilin sonuna Ümumi Daxili Məhsulun (ÜDM) 4 faizə qədər azalması gözlənilir. Bütün bunlar büdcənin gəlir hissəsinə mənfi təsir edir. Neftin qiymətinin düşməsi də ciddi problem yaradıb. Ona görə də əsas məsələ xərc hissədə deyil, onu artırmaq asandır. Əsas problem büdcənin gəlir hissəsindədir ki, əlavə mənbələr tapılmalıdır”.
“Vergi və gömrük rüsumlarında da enmələr müşahidə olacaq”
Natiq Cəfərli bildirib ki, Azərbaycan reallığını nəzərə alsaq, büdcənin doldurulmasının həmişə 3 istiqaməti olub. Bunlar Neft Fondu, gömrük və vergidir: “Məsələn, bu il 58 faiz büdcə birbaşa neft fondundan təmin edilib. Halbuki fondun builki gəlirləri xərclərindən 2 dəfəyədək azdır. Yəni daha az qazanıb, amma xərcləri artıb. Bu ilin sonu, gələn ilin əvvəlləri vergi və gömrük rüsumlarında da enmələr müşahidə olacaq. Çünki iqtisadi aktivlik zəifdir. Obyektlərin bir çoxu bağlıdır, hərbi vəziyyət elan olunub, daha öncə pandemiya ilə əlaqəli karantin rejimi tətbiq edilmişdi və s. Yəni büdcənin gəlir hissəsində hardan baxsan problem var”.
“Ya neft fonduna yük, ya da devalvasiya”
İqtisadçı əlavə edir ki, dövlət bunun öhdəsindən gəlmək üçün ciddi qərarlar verməlidir. Məsələn, özəlləşmə qərarı. Dövlət müəssisələri özəlləşdirməyə çıxarıla bilər. Bununla büdcəyə əlavə gəlir gələr: “Amma biraz çətin prosesdir. Bunun üçün zamana ehtiyac var. Həm də xarici investorlarla danışmaq lazımdır. Çünki daxildə milyardlarla vəsait qoyacaq investor, ölkədə rəsmi milyoner yoxdur. Bu da problemdir. Ona görə də etməli 2 yol qalır: Ya Neft Fondundan daha çox vəsait götürülməlidir (bu il 6,4-6,5 milyard götürülmüşdüsə, gələn il 10-12 milyard kimi), ya da dekabrın sonuna yaxın büdcənin formalaşması dəqiqləşərkən devalvasiyaya gedilməlidir. Yəni bu, hökumətin verəcəyi qərardan asılı olacaq, ya neft fonduna yüklənəcək, ya da devalvasiyaya gedəcək”.
“İqtisadi qanunlar işləmir”
İqtisadçının sözlərinə görə, birinci qərar neft fonduna yükdür. Manatın 15-20 faiz ucuzlaşması ilə neft fondundakı valyutaya biraz qənaət etmək olar: “Hökumətin hansı yolu tutacağını demək çətindir. Çünki Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Bizdə iqtisadi qanunlar işləmir. Odur ki, proses hökumətin verəcəyi siyasi qərardan asılı olacaq. Mənsə güman edirəm ki, devalvasiya qaçılmazdır. Buna qonşularımızda milli valyutaların dəyərdən düşməsinin də təsiri olacaq. Bizdə idxal stimullaşıb. İndi xaricdən gətirmək daha asan və ucuz başa gəlir. Düşünürəm ki, devalvasiya məsələsinə görə də büdcənin qəbulunda parametrlərin açıqlanmasında yubanmalar var”.
Xatırlatma
Artıq işğaldan azad edilmiş ərazilərdə bəzi işlərin görülməsinə başlanıb. Füzulidən Şuşaya yol çəkilir. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da var.
Sərəncamda bildirilir ki, Şuşaya çəkiləcək yolun uzunluğu 101,5 kilometr olacaq. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.
1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri 2020-ci il noyabrın 8-də, 27 il sonra işğaldan azad edilib.