Deputatlar yenidən məzuniyyətə çıxdı
“Biz keçmişi yaddan çıxartmamalıyıq. Vaxt var idi ki, Azərbaycanda yol, qaz, işıq anlayışı yox idi”.
Milli Məclisdə 2020-ci ilin büdcəsinə dəyişiklik layihəsinin III oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə deyib.
“İndi isə 3 kənddə qazın olmaması davasını edirik. Mən yol kənarında ağacların kəsilməsini, quldur dəstələrin olmasını, ayrı-ayrı yerlərdə bəzi insanların quldur hərəkətlər etməsini xatırlayıram. Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır. Guya ABŞ-da problem yoxdur? Torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib. Onun nəticəsində bu gün kənd təsərrüfatının inkişafının şahidi oluruq. Bu gün rayonla şəhər arasında fərqi heç kim görə bilmir. Çünki abadlıq işləri davam etdirilir. Hər rayonda da yeni istehsal müəssisələri və iş yerlərinin açılmasını görürük. Dünənki çıxışında da ölkə Prezidenti bununla bağlı fikirlərini söylədi. Təbii ki, kim dərs götürəcəksə, işləyəcək. Götürməyənlər, əvvəlkilərin taleyini yaşayacaq”.
Komitə sədri bildirib ki, bu gün Azərbaycan təhlükəsizlik adasıdır: “Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbayacanı gözü götürməyən qüvvələr olacaq. Biz onlara qarşı birlikdə mübarizə aparmalıyıq”.
Soltan Məmmədov: “COVID-19 simptomları olan vətəndaşlar testlər pulsuz aparılıb”
Deputat Soltan Məmmədov COVİD-19 pandemiyası ilə bağlı testlərin qiyməti haqqında həmkarlarının dünən səsləndirdiyi fikirlərə münasibət bildirib.
O deyib ki, Azərbaycanda xəstəlik simptomları olan vətəndaşlar testlər pulsuz aparılıb:
“Dünya təcrübəsinə görə, yalnız xəstəlik simptomları olanlar testdən keçirilir. Ölkəmizdə də simptomları olan və müxtəlif risk qruplarına aid insanların analizləri dövlət tərəfindən ayrılmış vəsait hesabına pulsuz həyata keçirilir. Şübhəsiz ki, bəzi özəl müəssisələrdə də testlər aparılır. Lakin bütün dünyada olduğu kimi, bizdə də özəl müəssisələrin fəaliyyəti bazar iqtisadiyyatı qanunları ilə tənzimlənir. Bu laboratoriyalara yalnız şəxsi məqsədlərlə xarici ölkələrə səfər edənlər, bu və ya digər səbəblərdən testdən keçmək istəyənlər müraciət edir. Ona görə də bu məsələləri bir-birindən fərqləndirməliyik”.
Büdcə dəyişiklikləri səsvermə ilə təsdiqləndi
Müzakirələrdən sonra büdcəyə dəyişikliklər layihəsi III oxunuşda səsə qoyularaq təsdiqlənib.
“ 2020-ci il dövlət büdcəsi haqqında” qanun əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23336950,0 min manat, yerli gəlirləri 797550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26044596,0 min manat, yerli xərcləri 850104,0 min manat) məbləğində təsdiq edilmişdi.
Dəyişikliklə isə 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.
Layihədə dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 850,0 milyon manat və 30,0 milyon manat artırılır.
Cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur.
Bu isə ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.
Pandemiya ilə əlaqdar yaranmış vəziyyət və digər zəruri xərclərlə bağlı əlavə tələb olunan 1 371,5 milyon manat zəruri xərclərin müxtəlif istiqamətləri üzrə ayrılacaq.
2020-ci il yenidən baxılacaq dövlət büdcəsinin xərclərinin 18046,9 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcək.
Bu da təsdiq olunmuş proqnoza nisbətən 790,5 milyon manat və ya 4,6 faiz çoxdur.
7 719,1 milyon manatı və ya 28,1 faizi əsaslı xərclərə yönəldiləcək ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 91,0 milyon manat və ya 1,2 faiz, 1726,2 milyon manatı və ya 6,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcək ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 102,0 milyon manat və ya 5,6 faiz azdır.
Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,5 faiz-bənd artacaq, əsaslı xərclərin xüsusi çəkisi 1,0 faiz-bənd və dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.
2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri 4 milyard 825 milyon 508 min 800 manat həcmində təsdiqlənib.
Qanun layihəsində Fondun gəlir və xərcləri bərabər olmaqla 4 milyard 784 milyon 700 min manat həcmində təsdiqlənməsi qeyd edilib.
Bu isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır.
Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik layihəsinə əsasən, Fondun gəlir və xərcləri artırılır.
Qanun layihəsində təklif olunur ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.
2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənmişdi.
Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləği iki dəfə artırılaraq 10 milyon manata qaldırılması təklif edilir.
Deputatlar yenidən məzuniyyətə getdi
Növbədənkənar sessiyanın başa çatması ilə əlaqədar deputatları yenidən məzuniyyətə gediblər və avqustun 30-dək istirahətdə olacaqlar.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətdə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Parlamentin 59 deputatının növbədənkənar sessiyanın çağırılması barədə tələbini nəzərə alan Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalamışdı.
Bununla da qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılmışdı.
Növbədənkənar sessiya isə bu gün bitdiyindən deputatlar yenidən məzuniyyətə çıxıblar.
Milli Məclisin deputatları iyulun 15-də məzuniyyətə çıxmışdılar.