Azərbaycanlılarla ermənilər arasında münaqişə niyə xarici ölkələrə daşınır?
“Bizə hücum səfirliyin önündəki parkda oldu. Əvvəlcə onlar 10, biz 4 nəfər idik. Hadisədən bir neçə dəqiqə əvvəl yaxın qohumum Tariyel Zahidovun maşınını yararsız hala salıb, bayrağımızı da yandırmışdılar. Bu hadisə bizə toxunmuşdu. Parkda 4 nəfərlə onlara cavab verirdik. Amma bir də gördük ki, 50-yə yaxın adam gəlir”.
Bu sözləri Meydan TV-yə açıqlamasında Azərbaycanın Brüsseldəki səfirliyinin yaxınlığında parkda ermənilər tərəfindən döyülən Cahandar Zahidov deyib.
Cahandar Zahidov bildirib ki, iyulun 23-də günün ikinci yarısında onlar Brüsseldəki səfirlik qarşısında Azərbaycan ordusuna dəstək aksiyası keçirməyi planlaşdırıblar və bu zaman hücuma məruz qalıblar:
“Onların çəkiliş aparatları olduğu üçün qarşılarından qaçmadıq, çünki sabah azərbaycanlıların qorxudan qaçdığını yayacaqdılar. Təsəvvür edin ki, biz 4 nəfər, onlar 50. Adama 10 nəfər düşürdü. Bütün vəhşiliklərini çəkdilər”.
ABŞ-ın Los Anceles şəhərində və Belçikanın paytaxtı Brüsseldə yaşayan azərbaycanlıların ermənilər tərəfindən hücuma məruz qalmaları ictimai-siyasi gündəmin əsas müzakirə mövzusuna çevrilib.
Ticarət mərkəzindən başlayan narazılıq
Digər ölkələrdə yaşayan azərbaycanlı və ermənilər arasında baş verən hadisələrin gözlənilmədən aqressiv axara yönəlməsi çoxlu sual yaradıb. Xarici ölkələrdə, ilk növbədə Rusiyada iki xalqın nümayəndələri arasında narazılıq ticarət mərkəzlərindən başlayıb. Azərbaycandan olan biznesmenlər Qod Nisanovla Zarax İliyevə məxsus “Food City” Ticarət Mərkəzi Ermənistandan gətirilən ərikləri qəbul etməyib. Bir neçə gün öncə isə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyan Rusiyanın “RBK” kanalına Araz Ağalarova məxsus “Sənin evin” Ticarət Mərkəzindən erməni məhsullarının “yoxa çıxdığını” bildirib. Səfir erməni məhsulları olan içki, mineral sular, konserv məhsullarının yerini Azərbaycandan gətirilən malların tutduğunu deyib. Ticarət Mərkəzi kanalın bu barədə sorğusuna şərh verməyib.
Mətbuatın yazdığına görə, məsələ o həddə çatıb ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Qod Nisanovu qəbul edib və onunla danışıqlar aparıb.
“Novaya qazeta” müstəqil Rusiya nəşrinin yazdığına görə, erməni furları ilə baş vermiş olayın ertəsi günü Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemerok bəyan edib ki, “Food Citi”də erməni mallarının satışı ilə bağlı artıq heç bir problem yoxdur.
“Brüsseldə 15 nəfər erməni saxlanılıb”
ABŞ-da isə Los Anceles şəhərində azərbaycanlılar ermənilərin hücumuna məruz qalıb. Azərbaycan Konsulluğu qarşısında 50-yə yaxın azərbaycanlı orduya dəstək nümayişi keçirən zaman yüzlərlə erməni onlara hücum edib. İkincilər azərbaycanlıları döyüb, bayraqları, fotoları, şüarları alaraq cırıblar. Oxşar hadisə Azərbaycanın Brüsseldəki səfirliyi yaxınlığında da olub. Dörd azərbaycanlı 50 erməni tərəfindən döyülüb. Hadisələrin video görüntülərini ermənilər sosial şəbəkələrdə yayıblar.
Cahandar Zahidovla birgə döyülən Tariyel Zahidov Meydan TV-yə deyib ki, maşınının yararsız hala salınması nəticəsində 4 min avro zərərə düşüb.
Cahandar Zahidov yerli hüquq-mühafizə orqanlarına şikayət etmədiklərini, bu işlə səfirliyin məşğul olduğunu bildirib:
“Məlumatımıza görə, 15 nəfər saxlanılıb. Biz onsuz da illərdir onların haqsızlığına və özbaşınalığına dözürük”.
Cahandar Zahidov Brüsseldəki Azərbaycan səfirliyinin onlarla maraqlandığını deyib:
“Səfirlik və burada olan azərbaycanlılar bizimlə əlaqə saxladılar, xəstəxana xərclərini ödəməyə hazır olduqlarını söylədilər. Onlar üzərilərinə düşən bütün vəzifələri yerinə yetirdilər”.
Azərbaycanlılara hücuma rəhbərlik edənlər arasında şübhəli bilinən Eduard Baqramyan isə sosial şəbəkədə video müraciət yayaraq hadisədə iştirakçı olmadığını iddia edib. O, haqqında yayılan məlumatları təkzib edib.
“Ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmaq mümkünsüzdür”
Los Ancelesdəki olaylarla bağlı ABŞ-ın Azərbaycankı səfiri Örl Litzenberqer iyulun 24-də Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.
XİN-in yaydığı məlumata görə, Xələf Xələfov xatırladıb ki, belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. İyulun 21-də Azərbaycanın Vaşinqtonda yerləşən səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib.
Nazir müavini ermənilərin Los Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq, Azərbaycana qarşı aqressiv formada təxribatçı şüarlarla müşayiət olunan etiraz aksiyası keçirdiyini bildirib. Aqressiv erməni nümayişçilərinin Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etdiyi və biri qadın olmaqla yeddi nəfər Azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.
Səfir Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dərin təəssüf hissi keçirdiyini bildirib.
Diplomat Los Anceles təxribatını bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu bildirib.
O, azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Örl Litzenberqer ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los Ancelesdə həyata keçirdiyi aksiyanın qaraguruhdan ibarət olduğunu qeyd edib. Səfir, bunun qəbuledilməz və ABŞ ərazisində baş verməməli bir hal olduğunu ifadə edib.
Diplomat Los Ancelesin yerli hüquq-mühafizə orqanları rəhbərliyinin baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq etdiyini, məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib.
Ermənistan XİN bəyanat verdi
Ermənistan Xarici İşlər Nazirliyi isə iyulun 24-də bəyanat yayıb. Bəyanatda bildirilir:
“Ermənistan vətəndaşları və erməni icmasının nümayəndələrinə qarşı zorakılıq halları son zamanlar dünyanın müxtəlif ölkələrində müşahidə olunur”.
Bəyanatda həm də qeyd edirlir ki, Ermənistanın müxtəlif ölkələrlə ticarət və iqtisadi əlaqələrinin pozulması üçün “irqi xarakterli addımlar atılır”.
Qeyd olunur ki, Azərbaycanın rəsmi şəxsləri tərəfindən bu addımların coğrafiyasının genişləndirilməsi həmin hərəkətlərin Azərbaycanın dövlət qurumları tərəfindən idarə olunduğuna dəlalət edir.
Öz bəyənatında Ermənistan XİN həmvətənlərini ayıq olmağa, təxribata uymamağa və hər hansı xoşağəlməz hadisə baş verərsə, yerli hüquq-mühafizə orqanlarına, erməni icması qurumlarına və Ermənistanın diplomatik nümayəndələrinə müraciət etməyə çağırır.
“Xaricdə yaşayan azərbaycanlılar soyuqqanlı olmalı, təxribatlara uymamalıdırlar”
Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva mövcud durumun 12 iyulda Rusiyanın təxribatı nəticəsində Tovuz istiqamətində atəşkəsin pozulmasından qaynaqlandığı qənaətindədir:
“Tovuz hadisəsi təxribat idi və bu dəfə atəşkəsin pozulmasında üçüncü ölkələrin marağı var idi. Əsasən Rusiyanın neft və qaz siyasəti, o cümlədən, siyasi təzyiqləri rol oynayıb. Onsuz da 30 ildir davam edən münaqişədə Rusiyanın rolu danılmazdır. Ermənistan və Azərbaycan regionda böyük oyunçu deyillər ki, Moskvanın təxribatlarına qarşı dayana bilsinlər. Təəssüf ki, Moskva problemlərin həllində silaha üstünlük verir, nəinki “yumşaq siyasət”ə”.
Xarici ölkələrdə erməni və azərbaycanlılar arasında qarşıdurmalara gəlincə, Arzu Abdullayeva qeyd edib ki, toqquşmalar olmasa da, gərginlik həmişə olub. Onun fikrincə, bu, diaspora təşkilalarının fəaliyyətində özünü göstərir.
Arzu Abdllayeva hesab edir ki, Brüssel və Los Anceles olayları ermənilər üçün yaxşı indikator deyil:
“Güman ki, ermənilər 12 iyulda istədiklərinə nail olmadıqlarından panikaya düşüblər. Yəqin ki, ermənilər dünyanın Azərbaycanın Dağlıq Qarabağ məsələsində haqlı tərəf saydıqlarından narahatdırlar. Fakt budur ki, nə Tovuzda atəşkəsin pozlmasında, nə də Brüssel və Los Ancelesdəki hadisələrdə Azərbaycanı suçlamaq üçün əsas yoxdur. Çünki sərhədimiz pozuldu və bir general daxil olmaqla 12 vətəndaşımızı itirdik. Onlardan biri mülki şəxs idi”.
Arzu Abdullayeva bildirib ki, indiki vəziyyətdə xaricdə yaşayan azərbaycanlılar soyuqqanlı olmalı, təxribatlara uymamalıdırlar:
“Aqressiv vəziyyətdə insan öz həddini aşır və bu, qarşı tərəf üçün bizə qarşı bayraq olur. Ona görə emosiyaları cilovlamaq və təşkilatlanmaq lazımdır. Azərbaycan Diaspora Komitəsi və Xarici İşlər Nazirliyi səfirliklər vasitəsilə indiki həssas durumda güclü iş qurmalıdır. Xarici mətbuatla işləyə bilən komanda qurulması vacibdir. Onsuz da onlar mediada yalan və təxribat yayan çıxışlar edirlər. Rusiya telekanallarını göstərmək yetər. Aqressiv olsaq, dünyada rəğbət qazana bilməyəcəyik və ermənilərin əlinə bəhanə verəcəyik. Təşkilatlanma olmasa, elm sahəsində olan şəxsləri önə verməsək, uğurlarımız da olmayacaq”.
“Öz milli maraqlarımız naminə bunu dayandırmalıyıq”
“Presklub.az” portalının baş redaktoru Arif Əliyev son hadisələrin baş verməsində bir neçə amilin rol oynadığını düşünür. O hesab edir ki, hər iki tərəfdə toplanan gərginlik nə vaxtsa üzə çıxmalıydı və 2016-cı ildən sonra gərginlik artırdı:
“Amma ümidlər də vardı ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra nələrsə baş verəcək. Ümid qırıqlığı həmin gərginliyi həddən artıq yüksək səviyyəyə çatdırdı. İkinci amil odur ki, gərginliyin faktiki olaraq qoşunların təmas xəttindən sərhədə köçürülməsi çox ciddi proseslərdən xəbər verirdi. Üçüncü, xarici və yerli mediaların gərginliyin artmasında da rolu oldu. “Fake” texnologiyası 3-4 ildə belə inkişaf etməmişdi. Son bir neçə ildə “fake” xəbərlər artır və cəmiyyətlərin əhval-ruhiyyəsinə təsirini göstərir. Sadalananlar indiki mənzərəni yaratdı”.
Arif Əliyev nəticəsiz danışıqların həddən artıq uzanmasını da çox təhlükəli amil sayır:
“Faktiki olaraq, cəbhə xətti Qafqazdan kənara çıxaraq Avropa və ABŞ-a yönəlib. Beş ildən sonra indiki vəziyyət hansı formanı alacaq sualı yaranır. Allah etməsin, terror formasını da ala bilər. Gərginlik, problem mövcuddur və həll olunmur, ictimai orqanizmin hansı hissələrini zədələcəyini də bilmirik. Ona görə də beynəlxalq təşkilatlar, Minsk Qrupu problemi “göz altına” almalıdırlar. Başa düşməlidirlər ki, müharibə uzaq Qafqazda getmir. Onun törəmələri Avropaya və Amerikaya çıxıb”.
Arif Əliyev problemin ərazi münaqişəsindən milli münaqişəyə çevrilərək təhlükəli hal almasından narahatlığını ifadə edib:
“Biz öz milli maraqlarımız naminə bunu dayandırmalıyıq. Hardasa erməni belə aqressiv hərəkət edibsə, bu, qisas tədbirinə səbəb olmamalıdır. Xüsusilə buna çağırışları dayandırmaq lazımdır. Onsuz da ermənilərin bir neçə hərəkətə yol verməsi onların dünyadakı ictimai nüfuzuna ciddi zərbəydi. Məsələn, Belçikada azərbaycanlılara qarşı hücumda iştiraka görə 15 nəfərin həbsi oldu. İndi biz onu özümüzə qarşı çevirməməliyik. Toplanmış qəzəbi, hirsi və gücü tamamilə başqa istiqamətə yönəltmək lazımdır. Əgər bu baş verərsə, həmişə uduzduğumuz cəbhələrdə, informasiya, diasporaların qarşıdurmasında üstünlüklər əldə edərik. Bax, o xətti qorumalıyıq. Biz qeyri-insani hərəkətlərdən qaçmalıyıq”.
Arif Əliyev “Gallupın Global Emotions” təşkilatının 2019-cu ildə apardığı sorğuda Ermənistanın dünyanın ən acıqlı ölkə kimi birinci yerə çıxmasının son olaylarda təsiredici amil olması barədə suala belə cavab verib:
“İnsan niyə acıqlı olur? Ömrü boyu basqının və qorxunun altında yaşayırsa. Bu, yaxınını itirmək, aclıq, sabahkı günə əmin olmamaq qorxusudur. Yoxsa öz-özlüyündə hamıdan acıqlı və yaxud mülayim xalq yoxdur. İstənilən xalqı ağır şəraitdə yaşadıb aqressiv topluma çevirmək olar. İstənilən xalqa rahat insani həyat bəxş edib onu xoşbəxt də etmək mümkündür. Tarix göstərib ki, bir əsrdə necə aqressiv olub dünyanı bərbad günə qoyan xalqlar, sonradan xoşbəxst həyat qurublar. Çox təəssüf ki, Ermənistanın rəhbərləri öz xalqını hara apardıqlarını görmürlər. 10-15 il də belə davam etsə, hansı mənzərənin yaşanacağını heç kim bilmir”.
“Erməni diasporası Azərbaycan diasporasını qorxutmaq xəttini götürüb”
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov bildirib ki, döyüş bölgəsində müharibəni çox uzatmaq həm Ermənistan, həm də Azərbaycan tərəfi üçün mümkün olmur. Onun fikrincə, səbəb beynəlxalq ictimaiyyətin tərəfləri sülhə çağırışıdır:
“Faktiki olaraq, müharibəni qarşı tərəf başlamışdı. Ona görə Ermənistan tərəfi münaqişə eyforiyasının uzun müddət davam etməsində maraqlıydı və erməni diasporası da buna qoşuldu. Nəzərə alın ki, diaspora Ermənistan hakimiyyətinə təsir imkanlarından bir az məhrum olub. Çünki diasporanın əsas özəyini Daşnakstyun Partiyası təşkil edir. Son illərdə Köçəryan və Sarkisyan tərəfdarları da diasporaya qoşulublar”.
Əvəz Həsənov hesab edir ki, diaspora prosesi qızışdırmaqla iki məqsədə nail ola bilər:
“Birinci, diaspora Dağlıq Qarabağ məsələsində dünya ictimaiyyətinə və Azərbaycana gücünü göstərir. Bununla onlar Azərbaycan diasporasını qorxutmaq xəttini götürüblər. Onlar maliyyə və intelektual resurs baxımından özlərini güclü sayırlar. Azərbaycan diasporası isə yeni-yeni formalaşır və onlar qədər güclü deyil. İkinci, erməni diasporası hazırkı Ermənistan hakimiyyətinə özlərinin güc və qüvvə olduqları mesajını verirlər. Diaspora bu cür tədbirlərlə Ermənistanda baş verənlərə istənilən an təsir edə bilər və rəsmi Yerevan diasporanın mövqeyini nəzərə almalıdır”.
Konfliktoloqun fikrincə, çox qəribə haldır ki, bu hadisələr ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərdə baş verir, ABŞ-da, Avropa Birliyinin paytaxtı Brüsseldə və Moskvada. Ona görə də Azərbaycanın həmsədrlərlə təmasda olan rəsmiləri açıq şəkildə deməlidirlər ki, Azərbaycan səfriliyi 5 min erməninin qarşısına 50 nəfər çıxartmışdı. Yəni Azərbaycanın aksiyada güc tətbiqi planı və imkanı olmayıb:
“Onlara deyilməlidir ki, indi görün sizin ölkələrinizdə bizim dinc aksiyalara necə münasibət var. Siz bu problemi həll edə bilmədən bizim münaqişəni həll edə bilməzsiniz. Azərbaycan səfrilikləri, ATƏT-in Parlament Assambleyasında ola nümayəndəmiz brifinq keçirib elan etməlidir ki, azərbaycanlıları həmsədrlərin ölkəsində döyürlər. Operativ iş aparılmalıdır, sakit, seyrçi qalmaqla heç nəyə nail ola bilməyəcəyik”.
“Bu cür küçə davaları heç kimə başucalığı gətirmir”
Ermənistanda fəaliyyət göstərən jurnalist-konfliktoloq Mark Qriqoryan isə Meydan TV-yə deyib ki, tərəflər arasında münaqişənin qızışmasına səbəb sosial şəbəkələrdə aparılan müzakirələrdir:
“Yəqin orijinal olmayan bir fikir səsləndirəcəm ki, əsas günahkar azərbaycanlılarla ermənilər arasında sosial şəbəkələrdə gedən çox vaxt mənasız, amma qızğın mübahisələrdir. Nəzərə alın ki, mən sosial şəbəkələri deyil, məhz mübahisələri günahlandırıram, hansılar ki, demək olar dərhal söyüşlərə keçir. Bu insanlar adətən bir-birilərini eşitmir. İndiki zəmanədə sosial şəbəkələrdə baş verən “hadisələr” adətən küçələrə keçir. Bu dəfə də belə oldu… Fikrimcə, daha bir səbəb yalançı dəyərlər oldu, çünki “düşmən” millətdən olan insanları fərq qoymadan döymək tamamilə yalançı dəyərdir. Amma bir çox nümunələrdə gördüyümüz kimi təəssüf ki, yalançı dəyərlər adətən insanları yoluxdurur”.
Mark Qriqoryanın fikrincə, potensial olaraq bu proseslərdən yaxşı heç nə gözləməyə dəyməz:
“Bu, çox təhlükəli proseslərdir. İstərdim ki, yaşlı nəslin nümayəndələri məsələyə müdaxilə edib bu başı alovlu insanları özünə gətirsin. 11 il Böyük Britaniyada yaşamışam və burada daima azərbaycanlılarla ünsiyyətdə olmuşam. Müxtəlif xalqlara mənsub olduğumuz üçün münaqişə eləmək ağlımızın ucundan belə keçmirdi. Biz mübahisə edə bilərdik, bir-birimizlə razılaşmaya bilərdik, amma heç vaxt açıq münaqişəyə getməyi düşünməmişik. Bu, sadəcə mümkünsüz idi. Bu cür küçə davaları heç kimə başucalığı gətirmir – onları dayandırmaq lazımdır. Hadisələrin başqa cür gedişatı mənim üçün sadəcə yolverilməzdir”.
“Nəhayət, danışıqlara başlayın!”
“Biz millətçi skinhedlərin fəallaşdığını müşahidə edirik, özü də erməni və azərbaycanlı millətlərindən olan qruplar paralel hərəkət edir”, – Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan Meydan TV-yə açıqlamasında belə deyib.
“Hər bir ayrıca hadisədə aqressor və qurban olduğu halda, ümumi mənzərədə ikitərəfli mesaj verilir: bir nəfər də olsun erməni və bir nəfər də olsun azərbaycanlı özünü təhlükəsiz hiss etməməlidir. Bu prosesə kim rəhbərlik edir? Cəmiyyət, bütün vətəndaşlar, bütün dünya bu suala açıq cavab ala bilsəydi, problem özü-özünə həll olunardı. İndi üzdə ancaq icraçılardır və onlar qədim qladiatorlardan fərqli olaraq, özləri də bilmir ki, sahibləri kimdir. Çox çətin, sağlam düşünən insanlar üçün dözülməz vəziyyət yaranıb. Əsas problemə illərdir sürən etinasızlıq bu yerə gətirib çıxardı. Qarabağ münaqişəsi bizi, ayrılıqda hər birimizi insana layiq həyat hüququndan məhrum edir. Skinhedlərin müharibəsi istənilən an dayana bilər, bəlkə də artıq dayanıb… Elə cəbhədəki atışmalar kimi. Bizi genişmiqyaslı müharibəyə hazırlayırlar və ya sadəcə ümumiləşdirilmiş erməni/azərbaycanlı obrazına yeni ştrixlər əlavə edirlər?
Bunu zaman göstərəcək”.
Hüquq müdafiəçisi danışıqlara başlamağın vacib olduğunu deyir:
“Əclaflar hər yerdə var. Bu sakitləşdirici ifadə kifayət eləmir. Aqressiyadan imtina da kifayət eləmir. Nəhayət, danışıqlara başlayın! Nəyi güzəştə getməyə hazır olduğunuzu, hər birinizin hansı güzəştlərlə razılaşacağınızı deyin. Şəxsi rifahınızdan imtina etməyə və öz şəxsi kiçik dünyanızı müdafiə etməkdən imtina eləməyə, “özünüzünkülərə qarşı” çıxmağa hazırsız? Və bu cür insanlar neçə nəfərdir? Qarabağ münaqişəsində status-kvonu dəyişəcək planın gerçəkləşməsində şəxsən hazır olduğunu deyənlər.
Böyük Rusiya varvarının çəkməsinin altından bircə çıxış yolu var. Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar. Əks halda öz bayraqlarımızın olmasına və bir-birinizi yer üzündən silmək prespektivinə səfeh kimi sevinərək, siyasi təkamülün ən aşağı pilləsində qalacağıq”.
Xatırlatma
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır. Atəşkəs dövründə hər iki tərəfdən xeyli sayda itki var.