Yeni Yasamalda həbs olunan qardaşlardan birinin cəzası dəyişdi

Anası Gülər Süleymanovanın bildirdiyinə görə, K.Süleymanlı həbsindən bir müddət əvvəl ciyərindən əməliyyat olunmuşdu.

Source: Meydan TV


Kərim Süleymanlı cərimə ödəyəcək

İyunun 8-də səhər saat 7 radələrində polislərin Yeni Yasamalda evindən geyimsiz apardığı Elvin Süleymanov və qardaşının o şəkildə aparılmasına etiraz edən Kərim Süleymanlının hər birinin 15 sutka inzibati həbsi haqda Yasamal Rayon Məhkəməsinin qərarlarından verilən şikayətlərə baxılıb.

İyunun 17-də Bakı Apelyasiya Məhkəməsində E.Süleymanovun şikayətinə hakim Elmar Rəhimov, K.Süleymanlının işinə isə Mirzəli Abbasov baxıb.

Yeni Yasamalda polisə zibil atmaqda ittiham edilərək həbs olunan 11 nəfər, o cümlədən Süleymanov qardaşları polisə müqavimətdə təqsirli bilinir. K.Süleymanlı səhhətindəki problemlərlə əlaqədar iyunun 9-da azadlığa buraxılsa da, onun cəzası ləğv edilməmişdi. Sadəcə, sağlıq durumu ilə əlaqədar cəzanın çəkilməsi təxirə salınmışdı. İyunun 16-da hakim Mirzəli Abbasov onun haqqındakı 15 günlük inzibati həbs qərarını ləğv edib. Cəza 200 manat cərimə ilə əvəzlənib.

Anası Gülər Süleymanovanın bildirdiyinə görə, K.Süleymanlı həbsindən bir müddət əvvəl ciyərindən əməliyyat olunmuşdu.

Digər qardaş Elvin Süleymanov haqqında qərar isə qüvvədə saxlanıb, onun apelyasiya şikayəti təmin edilməyib.

Onlar həmçinin evlərinə polislərin məhkəmə qərarı olmadan daxil olması, yarıçılpaq vəziyyətdə aparılmaları, Yasamal rayonu, 29-cu polis bölməsində döyülmələri ilə əlaqədar prokurorluğa şikayət ediblər. Şikayətə K.Süleymanlının üzərində xəsarətlər olduğunu təsdiqləyən həkim rəyi də əlavə olunub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev də K.Süleymanlının polisə tabesizlik göstərərkən xəsarət aldığını bildirib.

Ana səhifəSosialYeni Yasamalda həbs olunan qardaşlardan birinin cəzası dəyişdi