Cahangir Hacıyevin bacısı: Ədliyyə Nazirliyi bütün məhkəmələrə təsir göstərir

“Cahangir Hacıyevə qarşı heç bir sübut ortaya qoya bilmədilər”.

Foto: Meydan TV


“Bütün məhkəmələr qeyri-rəsmi şəkildə bildirirlər ki, Ədliyyə Nazirliyinin rəhbərliyi göstəriş verib”

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2015-ci ilin dekabrından həbsdə olan sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva iddia edir ki, Ədliyyə Nazirliyinin rəhbərliyi onun qardaşıyla bağlı işlərə baxan bütün məhkəmələrə təsir göstərir. Onun sözlərinə görə, hətta vərəsəlik hüququnun təsdiqi kimi siyasi olmayan məsələlərdə belə, obyektiv qərar çıxarılmasına imkan verilmir.

“Cahangir Hacıyevin birinci hökmdə mühakimə edildiyi maddələrə sonradan dəyişiklik edilib, cəza müddətləri azaldılıb. Cinayət Məcəlləsinə dəyişikliklər 2017-ci il oktyabrın 20-də edilib. O vaxta qədər mühakimə edilən şəxslərin işinə yenidən baxılıb, cəzalara dəyişiklik edilib. Amma Cahangir Hacıyevə münasibətdə bu, mümkün deyil. Çünki Ədliyyə Nazirliyinin rəhbərliyi buna imkan vermir”, – deyə Ə.Hacıyeva Meydan TV-yə açıqlamasında bildirib.

Həbsdə saxlanılan şəxslərin həftədə iki dəfə telefonla danışmaq, ailə üzvlərilə görüşmək hüququ var. Onun sözlərinə görə, başqalarından fərqli olaraq, C.Hacıyevin bu hüquqları da məhdudlaşdırılıb: “İlyarımdır ki, Cahangir Hacıyevin telefon danışıqları hüququ məhdudlaşdırılıb. Hətta övladları ilə də danışa bilmir. Onları beş ildir görmür. Dörd ildir ki, mən anamın mülkiyyətilə bağlı vərəsəlik hüququ əldə edə bilmirəm. Nə qədər məhkəmələrə müraciət etmək olar? Bütün məhkəmələr qeyri-rəsmi şəkildə bildirirlər ki, Ədliyyə Nazirliyinin rəhbərliyi göstəriş verib. Göstəriş olmasaydı, Konstitusiyanı, qanunları pozub, Cahangir Hacıyevin yeganə yaşayış yeri olan evini müsadirə eləməzdilər ki…”

Qardaşının səhhətindəki problemlər üzündən müalicəyə ehtiyacı olduğunu deyən Ə.Hacıyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyindən də narazıdır. Deyir ki, C.Hacıyevin durumuyla maraqlanmaları üçün dəfələrlə onlara müraciət edib, amma nəticəsi olmayıb:

“Cahangir Hacıyevə qarşı heç bir sübut ortaya qoya bilmədilər. İddia edirlər ki, bu qədər kredit verilib, mənimsənilib. Bəs bankın fəaliyyətinə nəzarət edən Müşahidə Şurası hara baxırdı? Beynəlxalq Bankın Müşahidə Şurasının sədri maliyyə nazirinin müavinidir. Ondan niyə hesabat istəmirlər? Deməli, sifarişdir, Cahangir cəzalanmalıdır, vəssalam. Cahangir Hacıyevin dövründə verilən kreditlər hesabına nə qədər uğurlu müəssisələr yaradılıb. Gəlir gətirən həmin müəssisələrin hamısı ələ keçirilib. Müəssisələri də götürüblər, krediti də ödəmirlər. Pulu da Cahangir Hacıyevin üzərinə qoyurlar. Bu, necə olur?! Bankın bütövlükdə kredit portfeli 6 milyard manat olubsa, bu necə 4.7 milyardı mənimsəyib? Bu halda, bank mövcud ola bilməzdi”.

C.Hacıyevin 16 il 6 ay, dostu, keçmiş deputat Dünyamin Xəlilovun isə 14 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verdikləri şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. C.Hacıyevin haqqındakı hökmün cinayət qanunvericiliyinə edilən dəyişikliklərə uyğunlaşdırılması barədə ərizəsinə isə fevralın 7-də Qaradağ rayon Məhkəməsində baxılacaq.

Penitensiar Xidmət təcridxanada C.Hacıyevin telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması barədə bacısının dediklərini təkzib edib.

Ana səhifəSiyasətCahangir Hacıyevin bacısı: Ədliyyə Nazirliyi bütün məhkəmələrə təsir göstərir