“İlham Əliyevin Vasif Talıbovu mükafatlandırması etik deyil”

“Bu, seçki kampaniyasının pozulması deməkdir”

Source: Foto: prezident.az


Ölkə başçısının addımını seçkiyə təsir kimi qiymətləndirirlər

Prezident İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

“Azərtac”-ın məlumatına görə, İlham Əliyev Vasif Talıbovu 60 illik yubileyi münasibəti ilə “Şərəf” ordeni ilə təltif edib.

Vasif Talıbov həm də 1 saylı Şərur-Sədərək Seçki dairəsindən deputatlığa namizəddir.

Ölkə başçısının deputatlığa namizədi ordenlə təltif etməsi seçkiyə müdaxilə hesab oluna bilərmi?

Meydan TV-nin sualını cavablandıran Demokratik Təşəbbüslər İnstitutunun (IDI) direktoru Akif Qurbanov hesab edir ki, Vasif Talıbovun seçki kampaniyası zamanı ordenlə mükafatlandırılması etik baxımdan doğru deyil:

Hüquqşünas  Akif Qurbanov
Akif Qurbanov

“Ancaq həmin situasiyada Talıbovun namizəd, yoxsa Ali Məclis sədri kimi təltif olunmasına baxmaq lazımdır. Çünki mövcud vəziyyətdə Talıbovun vəzifəsinin davam etdirməsi halı da var. Eyni zamanda, 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən deputatdır və deputatın hazırkı dövrdə fəaliyyətinin davam etmə zamanı da var. Əgər mükafat verilən zaman namizədliyi vurğulanıbsa, ciddi mənada seçkiyə müdaxilə sayıla bilər. Yəni prezident onun xeyrinə ictimai rəyə təsir göstərir. Ümumiyyətlə, seçki bitəndən sonra da mükafatı vermək olardı. Prezident nəzərə almalıydı ki, Talıbov namizəddir, onun bu cür mükafatlandırılması və ictimai dəstək kimi göstərilməsi seçiciləri tərəfindən yozuma çevrilər, istər-istəməz mübahisəyə açıq olar. Bu baxımdan Prezidentin Talıbovu publik şəkildə qəbul edib mükafatlandırılması və göstərilməsi arzuolunan hal deyil. Təəssüf ki, Azərbaycanda nə siyasi, nə seçki etikasını nəzərə alan var, nə də qanunvericiliyə diqqət yetirən olur”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də həmkarının fikirlərini bölüşərək Prezidentin Vasif Talıbovu seçki kampaniyası zamanı mükafatlandırılmasını etik saymayıb:

“Ancaq hələ bəlli deyil ki, Talıbovun ölkə başçısı tərəfindən qəbul edilməsi onun xeyrinə, yaxud əleyhinə işləyən amildir. Sadəcə, burda favoritizm var, bir namizədin digər namizədlərlə müqayisədə önə çəkilməsidir”.

36042829_1572920592834854_2424081934159183872_n.jpg
Anar Məmmədli

Anar Məmmədli hesab edir ki, seçki dairələrindən, məntəqələrdən İlham Əliyevin şəkilləri yığışdırılmalıdır. Çünki prezident YAP-ın sədridir. Bu, seçki kampaniyasının pozulması deməkdir.

Vəkil Fuad Ağayev də bu halın etik baxımdan doğru olmadığını düşünür:

“Real seçki olsaydı, Vasif Talıbovun mükafatlandırılması əks effekt verərdi. Sadəcə, Azərbaycanda real seçki yarışı, kampaniyası keçirilmir. Bütün hallarda seçki kampaniyasının qızğın vaxtında YAP-ın əsas namizədinin mükafatlandırılması etik baxımdan doğru deyil, amma müvafiq qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət yoxdur”.

Фуад Агаев
Fuad Ağayev


Xatırlatma

"Şərəf" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

– Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;

– Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;

– iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə;

– elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.

Ana səhifəSiyasət“İlham Əliyevin Vasif Talıbovu mükafatlandırması etik deyil”