Ət və süd məhsullarının idxalı niyə ilbəil artır?

Paradoks olsa da, ölkədə əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu bir zamanda ət və süd məhsullarının idxalı ilbəil artır.

Source: Foto: arxiv

Yerli məhsullar daxili bazarda özünə yer tapa bilmir

Son zamanlar respublikaya ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalında çox ciddi artım müşahidə olunur. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin tələbatı qədər kənd təsərrüfatı məhsulu və ərzaq malları istehsal olunmur. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-noyabr aylarında yeyinti məhsullarının idxalı 1 milyard 486,6 milyon dollar təşkil edib (Diaqram 1). Azərbaycan tarixində heç zaman ölkəyə bu qədər yeyinti məhsulları idxal edilməyib.

Bu ilin 11 ayı ərzində yeyinti məhsullarının idxalı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz, 2015-illə müqayisədə isə 69,7 faiz artıb.

Diaqram 1. Yeyinti məhsullarının idxalı (yanvar-noyabr ayları), milyon dollar. Mənbə: DGK

121900008531.jpg
Diaqram 1. Yeyinti məhsullarının idxalı (yanvar-noyabr ayları), milyon dollar. Mənbə: DGK

Digər məhsullarla yanaşı heyvandarlıq məhsullarının idxalında da çox ciddi artım var. Son 4 ildə ət idxalı dəyər ifadəsində 4,2 dəfə, süd idxalı 2,5 dəfə, kərə yağı idxal isə 3 dəfə artıb. Əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı son 4 ildə 6,4 milyon dollar dəyərində artıb. Belə ki, 2015-ci ilin yanvar-noyabr aylarında diri heyvanların idxal dəyəri 46,3 milyon dollar, 2018-ci ilin eyni dövründə 51,9 milyon dollar, 2019-cu ilin 11 ayı ərzində isə 52,7 milyon dollar təşkil edib. Ət istehsalında az da olsa artım göstərilməsi ölkəyə kəsim üçün idxal olunan diri heyvanların hesabına mümkün olub.

Bu ilin yanvar-noyabr aylarında respublikaya 71,6 milyon dollar dəyərində 46,2 min ton ət idxal edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 8 milyon dollar, fiziki çəkidə isə 3 min ton çoxdur. 2015-ci ilin yanvar-noyabr aylarında ölkəyə cəmi 17 milyon dollar dəyərində, yəni indikindən 4,2 dəfə az ət idxal edilib.

Nazirlər Kabineti 2016 -ci ildə Azərbaycana ev toyuğu ətinin (təzə, soyudulmuş və dondurulmuş) və ondan hazırlanan məmulatların idxalına 1 ABŞ dolları (1 kq.-a görə) məbləğində gömrük rüsumu tətbiq edib. Rüsum dərəcələri 1 noyabr 2018-ci il tarixinədək qüvvədə olub. Sonradan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin 2018-ci il 7 noyabr tarixli 476 nömrəli qərarına uyğun olaraq, quş əti idxalına tətbiq olunan spesifik rüsumların qüvvədə olma müddəti 2019-cu ilin 15 dekabr tarixinədək uzadılıb. Gömrük idxal rüsumlarının artırılmasında məqsəd ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması, yerli sahibkarların fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın qorunması olsa da, real olaraq bu müddətdə quş əti idxalı artıb (Cədvəl 1). Cədvəldən də göründüyü kimi, quş əti idxalına tətbiq edilən yüksək gömrük rüsumu eyni adda məhsulun idxalını nəinki azaltmayıb, əksinə, 2015-ci ilə nisbətən 2018-ci ildə quş əti idxalı 33 min 668 ton, yəni 24,9 dəfə artıb. İstehsalda isə həmin dövr ərzində artım cəmi 11,9 min ton təşkil edib.

screenshot_20200104-185032_samsung_internet.jpg
Cədvəl 1. Quş əti və mal əti istehsalı və idxalı, ton. Mənbə: Dövlət Statistika Komitəsi

Cədvəl 1-də eyni ilə mal əti idxalında da istehsalla müqayisədə ciddi artım olduğu görünür. 2016-cı ildən başlayaraq iribuynuzlu mal-qaranın sayı azalmaqda davam edir. Son üç ildə respublika üzrə iribuynuzlu mal-qaranın sayı 49 min 500 baş azalıb. Ola bilsin ki, bu qədər mal-qaranın kəsimə verilməsi həmin dövrlərdə ət istehsalının nisbətən artımına səbəb olub. Lakin heyvandarlıqda məhsuldarlıq səviyyəsini artırmadan ət, süd istehsalını artırmaq mümkün olmayacaq.

Süd və süd məhsulları idxalında da ciddi artım müşahidə edilir. Belə ki, 2019-cu ilin yanvar noyabr aylarında respublikaya 63,6 milyon dollar dəyərində 12,46 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə fiziki çəkidə 1860 ton (südə çevirdikdə təxminən 42780 ton), yəni 18 faiz çoxdur. Bununla yanaşı, bu ilin 11 ayı ərzində idxalçılar kərə yağı və süddən hazırlanmış digər yağların idxalı üçün əvvəlki ilə nisbətən 1,6 milyon dollar daha çox vəsait xərcləyiblər. Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı dəyər ifadəsində 2015-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata görə, son illər kərə yağı ehtiyatlarında, istifadələrində və istehsalında ciddi azalma müşahidə edilir (Cədvəl 2). Belə ki, 2014-cü ildə kərə yağı ehtiyatları 53,6 min tondan 2018-ci ildə 35,3 min tona, ərzaq məhsulu kimi istifadə isə 44,4 min tondan 32 min tona düşüb. 2016-cı ildə kərə yağı istehsal 25,6 min ton təşkil etdiyi halda, iki il sonra 2018-ci ildə istehsal 2 min ton azalaraq 23,6 min ton təşkil edib.

screenshot_20200104-192233_samsung_internet.jpg
Cədvəl 2. Kərə yağı ehtiyatları və istifadələri, ton. Mənbə: Dövlət Statistika Komitəsi

Süd idxalı əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə eyni həcmdə (8 min ton) olsa da, dəyər ifadəsində 2 milyon dollar artıb. Belə ki, 2018-ci ilin 11 ayı ərzində ölkəyə 11 milyon, 2019-cu ilin eyni dövründə isə 13 milyon dollar dəyərində ölkəyə süd idxal edilib.

Azərbaycanda ölkə tələbatının 52 faizi qədər süd və süd məhsulları, 42 faizi qədər isə ət və ət məhsulları istehsal olunur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına ət norması il ərzində 78 kiloqram olduğu halda, Azərbaycan il ərzində adambaşına 33 kiloqram, yəni təlabatın yalnız 42 faizi qədər ət istehsal edir. İdxal olunan ət və ət məhsulları ilə birlikdə isə ümumi təlabatın yalnız 51 faizi təmin olunur. Belə ki, 2018 –ci ildə ölkədə adambaşına 39, 8 kiloqram ət və ət məhsulları istehlak olunub.

Azərbaycanda süd istehsalı da tələbatdan xeyli aşağı səviyyədədir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının qida normasına uyğun olaraq il ərzində adambaşına 405 kiloqram süd və süd məhsulları müəyyən olunsa da, Azərbaycan 2018-ci ildə adambaşına 212 kiloqram süd istehsal edib. İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin tələbatının yalnız 52 faizini təmin edib. Respublikaya idxal edilən süd və süd məhsulları ilə birlikdə 2018-ci ildə adambaşına süd məhsulları istehlakı 240,2 kiloqram təşkil edib ki, bu da ümumi istehlak tələbatının 59 faizi qədərdir. Keçən il 2014-2015-ci illərə nisbətən süd və süd məhsulları istehlakı adambaşına 6 kiloqram azalıb.

1440750999_et.jpg
süd və ət

Paradoks olsa da, ölkədə əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu bir zamanda ət və süd məhsullarının idxalı ilbəil artır. Ümumiyyətlə, idxalla bağlı statistik rəqəmləri nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, respublikanın yeyinti məhsullarına olan tələbatı idxaldan asılı vəziyyətə salınır. İdxalda marağı olan inhisarçıların maraqlarına uyğun olaraq bu asılılıq get –gedə artmaqda davam edir. Daxili bazarda özünə yer tapa bilməyən yerli məhsul isə bazarlardan sıxışdırılaraq çıxarılır. Elə bu kimi səbəbdən də kənd təsərrüfatı məhsulları istehsalı ilbəil azalır. Heyvandarlıq məhsulları istehsalından yerli fermerlərin yaxşı gəlir əldə etmək imkanı olduğu halda, çox təəssüflər olsun ki, bu imkanlar əldən verilir. Ət, süd məhsullarırın idxalı üçün hər il ölkədən yüz milyonlarla dollar vəsait çıxarılır. Halbuki, heyvandarlıq məhsullarının istehsalı üçün elə də böyük həcmdə investisiya qoyuluşu tələb olunmur. Azərbaycan özünün heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına tam ödəyə bilər. Bunun üçün görüləcək vacib işlər var. Əsasən görüləcək işlər hevanların cins tərkibinin yaxşılaşdırılması, möhkəm yem bazasının yaradılması və sahə üzrə peşəkarların, mütəxəssislərin hazırlanmasından ibarət olmalıdır.

Ana səhifəİqtisadiyyatƏt və süd məhsullarının idxalı niyə ilbəil artır?