Pərviz Quluzadə ictimai asayişin pozulmasında günahlandırılır
Daxili İşlər Nazirliyi (DİN) “Paster” ləqəbli repçi Pərviz Quluzadənin saxladığını təsdiqləyib.
DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya deyib ki, dekabrın 26-da Pərviz Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib.
“Ancaq Quluzadə polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib”, – Ehsan Zahidov deyib.
Bildirilib ki, Binəqədi Rayon Məhkəməsi P.Quluzadəni İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək barəsində 30 sutka həbs qərarı çıxarıb.
Ancaq Pərviz Quluzadənin yaxınları dünən
Meydan TV
-yə bildirib ki, repçi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.
Onun artıq dörd gündür “Bandotdel” kimi tanınan həmin idarədə saxlanıldığı bildirilir.
Buna səbəb, onun dekabrın 9-da yazdığı “Gang” adlı repində “Paşabank” haqqında “Götürəcəyəm ölkəni necə Paşabank” deməsi göstərilir.
Yaxınları Quluzadəyə saxlanıldığı zaman təzyiq göstərildiyini güman edir.