Tətil: Azərbaycanda, qonşu ölkələrdə və Avropada…

Rəqəmlərdən görünür ki, orta statistik azərbaycanlının yeni ili keçirmək üçün gücünün çatdığı yeganə xarici ölkə Gürcüstandır.

Foto: arxiv


Yeni il tətilini qeyd etmək cibə uyğundurmu?

Azərbaycanda 31 dekabr – 6 yanvar aralığında yeni il tətili olacaq. Nə az, nə çox düz 7 gün iş olmayacaq. Bu tətili kimi Azərbaycanın bölgələrində, kimi evində, kimi də xaricdə keçirməyi planlaşdırır.

Hələ nə edəcəyini planlamayanlar da var. Onlara kömək olmaq üçün həm Azərbaycanın bölgələrindəki, həm də xaricdəki qiymətləri hesablamışıq.

“Booking.com” otel axtarış saytı göstərir ki, 31 dekabr və 6 yanvar (rəsmi tətil günləri) tarixlərində Qəbələdə ən ucuz mehmanxananın 6 gecəsi 460 manatadır. Qiymətə səhər yeməyi daxil deyil.

Qubada isə həmin tarixlərə ən ucuz mehmanxananın 6 gecəsi 590 manatadır. Burada da qiymətə səhər yeməyi daxil deyil.

31 dekabr – 6 yanvar tətilini Qusarda keçirmək istəsəniz, 900 manatı gözdən çıxarmalısınız. Bu qiymətə səhər yeməyi daxil deyil, sadəcə gecələmək mümkündür.

Lənkəranın qiymətləri digərlərinə baxanda ucuzdur. 6 günlük tətili buradakı mehmanxanalarda 240-390 manat arasıdır. Bəzi mehmanxanalarda qiymətə səhər yeməyi də daxildir.

Tətili Qaxda keçirmək istəsəniz, mehmanxanaya 420-600 manat arası bir rəqəm ödəməli olacaqsınız. Qiymətə səhər yeməyi daxil deyil.

1.jpg
İstirahət mərkəzi



Bəs xaricdə?

Xarici ölkələrə gəlincə, azərbaycanlılar yeni ili daha çox Dubay, Tbilisi və Moskvada keçirməyi sevirlər. Avropa ölkələrindənsə, Fransa, İtaliya, Hollandiya və Çexiyanın qiymətlərini hesablamışıq.



Dubay, Birləşmiş Ərəb Əmirlikləri

Azərbaycan Hava Yolları ilə (AZAL) 30 dekabr – 6 yanvara olan Bakı-Dubay-Bakı uçuşunun qiyməti 1478 manatdır. Bu, həmin tarixlərin ən ucuz reysidir.

Eyni tarixdə həmin uçuşu “United Arab Emirates” Tbilisi hava limanından 342 dollara (580 manat) həyata keçirir. O ki qaldı harada qalacağınıza, Dubayın şəhər mərkəzinə 6 km-lik məsafədə olan ən ucuz 3 ulduzlu mehmanxananın 6 gecəlik qiyməti 231 dollardır (391 manat).

Hosteldə qalmaq istəsəniz, bu qiymət 54 dollara (91 manat) qədər azalır.

Bu səyahət sizə Tbilisidən uçub, hosteldə qalmaqla 671, Bakıdan uçub, oteldə qalmaqla 1869 manata başa gələcək.



Tbilisi, Gürcüstan

Bakıdan Tbilisiyə avtobus, qatar və təyyarə ilə gedə bilərsiz. Avtobusla gedib-gəlmək 30, qatarla (kupe) 68 manata başa gələcək. Yeni il ərəfəsində Tbilisiyə ən ucuz təyyarə biletini AZAL və Türk Hava Yolları (birgə uçuşdur) təklif edir: gediş-gəliş 725 manata.

Tbilisidə qala biləcəyiniz ən ucuz 3 ulduzlu mehmanxananın 6 gecəsi 121 manatadır. Aşağı qiymətlə (avtobusla gediş) hesablansa, cəmi 151 manat edir. Beləliklə, yeni ili Tbilisidə qarşılamaq sizə 151 manata başa gələcək.

Gürcüstan
Tiflis



Moskva, Rusiya

Bakıdan Moskvaya həm qatar, həm də təyyarə ilə gedə bilərsiz. Qatarla gediş-gəliş təxminən 360 manata başa gəlir. 30 dekabr – 6 yanvar tarixlərində Bakıdan Moskvaya ən ucuz gediş-gəlişi Türk Hava Yolları və AZAL təklif edir (birgə reysdir) – 645 manata.

Belorusun “Belavia Airlines” şirkətinin həmin tarixlərə olan Tbilisi- Moskva-Tbilisi reysinin qiyməti isə 451 manatadır.

Yeni il ərəfəsində Moskvanın şəhər mərkəzinə yaxın ən ucuz mehmanxananın 6 gecəlik qiyməti 202 manatdır. Qiymətə səhər yeməyi daxil deyil. Hosteldə qalmağı seçsəniz, qiymət 35 manata enir.

Deməli, ən ucuz qiymətlərlə, Tbilisidən gedib, hosteldə qalmaqla yeni ili Moskvada keçirmək sizə 653 manata başa gələcək. Bakıdan gedib, oteldə qalsanız bu qiymət 847 manat edir.

1200px-Moscow-City_(36211143494).jpg
Moskva



Paris, Fransa

31 dekabr – 6 yanvar tarixlərində ən ucuz Bakı-Paris-Bakı uçuşunu “Aeroflot” həyata keçirir – 1071 manata.

Həmin tarixlərə ən ucuz Tbilisi-Paris-Tbilisi uçuşu “Pegasus” təklif edir – 593 manata.

Yeni il ərəfəsində Parisin ən ucuz 3 ulduzlu mehmanxanasının 6 gecəlik qiyməti 825 manatadır. Hosteldə qalmaqla qiymət 390 manat ödəmək mümkündür. Beləliklə, Parisdə 7 günlük yeni il tətili Bakı uçuşu və otel qiyməti ilə 1896, Tbilisidən uçmaqla və hosteldə qalmaqla 983 manat edir.



Roma, İtaliya

30 dekabr – 6 yanvarda ən ucuz Bakı-Roma-Bakı uçuşunu da Türk Hava Yolları təklif edir. Təxminən 1066 manata. Milli hava yolları olan AZAL Bakıdan Romaya uçuş təşkil etmir.

Eyni uçuş Tbilisi Hava Limanından Türk Hava Yolları ilə 631 manatdır.

Romada ən uyğun mehmanxananın 6 gecəlik qiyməti 828 manatdır. Ən aşağı qiymətlə yeni ili Romada qarşılamaq sizə Bakıdan uçuşla 1894, Tbilisidən uçuşla 1459 manata başa gələcək.

рим-париж.jpg
Roma və Paris



Praqa, Çexiya Respublikası

30 dekabr – 6 yanvar tarixlərində ən ucuz Bakı-Praqa-Bakı reysinin qiyməti 1041 manatadır. Uçuşu Türk Hava Yolları təşkil edir. “Pegasus”un həmin tarixlərə olan Tbilisi-Praqa-Tbilisi reysinin qiyməti isə 563 manatdır.

Praqada şəhər mərkəzinə yaxın mehmanxananın 6 gecəlik qiyməti 394 manatdır. Beləliklə, Praqada keçirəcəyiniz 1 həftəlik yeni il tətili sizə Bakıdan uçuşla 1435, Tbilisidən getməklə 957 manata başa gələcək.



Amsterdam, Hollandiya

30 dekabr – 6 yanvar tarixlərində ən ucuz Bakı -Amsterdam-Bakı reysini də Türk Hava Yolları şirkəti təklif edir – 901 manata. Həmin tarixlərə ən ucuz Tbilisi-Amsterdam-Tbilisi uçuşunun qiyməti isə 544 manatadır. Bu uçuşu da Türk Hava Yolları həyata keçirir.

Məlum tarixlərə Amsterdamın mərkəzə yaxın, ən ucuz mehmanxanasının 6 gecəsi 1134 manatdır.

Beləliklə, yeni ili Amsterdamda qarşılamaq sizə Bakıdan uçuşla 2035, Tbilisidən getməklə isə 1678 manata başa gələcək.

Bu saydığımız yerlər ən məşhur yeni il şənliklərinin keçirildiyi şəhərlər idi. Adları çox çəkilməyən, ancaq yeni il üçün sərfəli olan yerlər də var. Gürcüstanın Kutaisi şəhərindən “WizzAir” Hava Şirkəti müxtəlif Avropa şəhərlərinə uçuşlar təşkil edir. Kutaisidən olan uçuşların qiyməti isə bir istiqamətə təxminən 80 -200 manat arası dəyişir.

prague-river-bridges.jpg
Praqa və Amsterdam



Tətil cibə uyğundurmu?

Dövlət Statistika Komitəsinin ən son açıqladığı məlumata əsasən, Azərbaycanda orta aylıq əmək haqqı 585,2 manatdır. Rəqəmlərdən görünür ki, orta statistik azərbaycanlının yeni ili keçirmək üçün gücünün çatdığı yeganə xarici ölkə Gürcüstandır.

Azərbaycan bölgələrindən isə Lənkəran və Qax ucuzdur. Gürcüstanın paytaxtı Tbilisi Azərbaycan bölgələrinə baxanda, orta statistik azərbaycanlının büdcəsinə daha uyğundur.

Ümumiyyətlə, qonşu ölkəyə il ərzində gedənlərin sayı çoxdur. Belə ki, Gürcüstanın Milli Turizm Administrasiyasının rüblük hesabatından (iyun-sentyabr) a məlum olur ki, Gürcüstana səfər edən azərbaycanlı ziyarətçilərin sayı 7 faiz artıb.


Azərbaycandan Gürcüstana

gedən hər turist ortalama 524,5 lari (302,32 manat), Ermənistandan gedən hər turist isə 553,9 lari (319,27 manat) xərcləyib.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 milyon 404 min 28 nəfər olub.

Hesabatda bildirilir ki, illik müqayisədə qonşu ölkəyə yollanan azərbaycanlı ziyarətçilərin sayı 92 min 121 nəfər və ya 7 faiz artıb.

Ana səhifəSosialTətil: Azərbaycanda, qonşu ölkələrdə və Avropada…