Peyklilərin örüş və əkin dərdi…

Varlı bələdiyyəsinin mülkiyyətinə aid, ümumi istifadədə olan örüş sahələrinin balıq təsərrüfatları üçün ayrılması ilə bağlı məsələ araşdırılıb, fakt təsdiqini tapıb.

Source: Specify Source


Kəndlilər deyir, örüş sahələri əllərindən alınaraq balıqartırma gölləri yaradılıb, əkin sahələri isə susuzluqdan məhsul vermir

“Bir tərəfdən örüş sahələrimizi əlimizdən alıb, yerində süni balıq gölləri yaradıblar, o biri tərəfdən əkin sahələrimizi suvarmağa su vermirlər, hansını deyək? Batıb gedirik…”

Salyanın Peyk kəndinin sakinləri Meydan TV-yə əsas məşğuliyyətləri olan heyvandarlıq və əkin işlərindən məhrum olduqlarını deyirlər. Onların sözlərinə görə, kənddə məmur özbaşınalıqları üzündən əhali işsiz-gücsüz, ac-susuz qalıb, üstəlik də insanlar borclana-borclana gedir.


“Hara yazırıqsa, məktub gəlib başçının masasına çıxır”

Kəndlilər deyir, hələ 1990-cı illərin sonunda torpaq islahatları aparılarkən kəndin örüş sahəsi kimi 2200 hektar yer ayrılıb. Kəndlilər uzun illər orada heyvanlarını otarıblar. Ancaq sonradan Varlı bələdiyyəsi sahə əllərindən alınaraq böyük hissəsində balıq gölü yaradılıb.

Kənd sakini, 2-ci qrup əlil Fazil Zeynalabdinov danışır ki, dəfələrlə toplaşaraq müxtəlif qurumlara müraciət ediblər, ancaq faydası olmayıb:

“5-6 ildir ki, heyvanlarımızı otarmaq üçün örüş sahələrinə yaxın düşə bilmirik. Hara müraciət ediriksə, şikayətimiz gəlib icra başçısının masasına çıxır. O da guya komissiya yaradır, adamlar göndərir, gəlib sahəyə baxırlar, deyirlər, heç bir qanunsuzluq yoxdur, sahibkar sahədən qanuni şəkildə istifadə edir. Deyirik, bu sahələrin təyinatı sənəd üzərində örüş ərazisi kimi qeyd olunub. Deyirlər, nə olsun, başçı təyinatını dəyişib. Halbuki, bir torpaq sahəsinin təyinatı yalnız Nazirlər Kabinetinin qərarıyla dəyişdirilə bilər. Başçının bunu etməyə səlahiyyəti yoxdur. Bir sözlə, baçşıdan olan şikayətimizi elə başçı “araşdırır”, axırda da deyir, hər şey qanunidir”.


Heyvanlar tövlələrdə tələf olur

Fazil Zeynalabdinov 10 baş mal, 400 baş qoyun saxlayır. Ancaq onları otarmağa yer tapmır. Deyir, örüş sahələrinə getmək istəyən kəndlilər döyülür. Məsələn, bir dəfə polislər onu da döyüb: “Örüşə getmək üçün bir körpü var, kəndlilər o körpüdən keçib gedirdi. Balıq gölləri yaradılanda o körpünü yerli-dibli ləğv etmək istəyirdilər, kənd sakinləri toplaşıb, qarşısını ala bildi. Bir dəfə həmin körpünün üstüylə örüşə tərəf keçmək istəyəndə polislər qarşımı kəsdilər, tələb etdilər ki, geri qayıdım. Məni zorla geri qaytarmaq istəyəndə telefonu çıxarıb çəkmək istədim, tutub özümü döydülər, telefonu da əlimdən aldılar”.

Kənddə azı 250 ailə təsərrüfatı var və hər bir ailənin də azı 100-150 heyvanı var. Kəndlilər heyvanları otarmağa yer tapmadıqları üçün tövlələrdə saxlamalı olurlar. Yemi, suyu pulla almalı olurlar. Heyvanlar havasızlıqdan və yem azlığından tələf olur.

Fazil Zeynalabdinov bu problemlərin həlli üçün 1-ci vitse-prezident Mehriban Əliyevanın qəbuluna gedib, onun köməkçisi ilə görüşüb. Bundan sonra ona 5 hektar otlaq sahəsi təklif olunub, o isə razılaşmayıb.

“Təklif etdikləri yerlər şoran torpaqlardır, ot bitmir. Üstəlik də bildirdim ki, 400 başdan çox heyvanın otarılması üçün 5 hektar ərazi çox kiçikdir. Balıq göllərinə 400-500 hektarlarla yer ayıran bələdiyyə kəndin minlərlə heyvanını otlaqsız qoyub, mənim problemim tək öz heyvanlarımdan ibarət deyil, bütün kəndin otlaq sahəsi özünə qaytarılmalıdır”.

Kənd sakinləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə İdarəsinə, rayon prokurorluğuna, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə idarəsinə və prezidentə müraciət ediblər.


“Su yoxdur, məhsul məhv olur”

Kəndlilərin dərdi təkcə örüş sahələri deyil. Deyirlər, necə ki, heyvandarlıqla məşğul ola bilmirik, eləcə də əkindən uzaq düşmüşük. Səbəb də susuzluqdur. Məsələn, Fazil Zeynalabdinov deyir, icarəyə götürdüyü torpaqda əkin işləri aparıb, ancaq məhsul götürə bilməyib:

reg_pryk_kendinde_heyvanlar_otlaq_sahelerine_buraxilmir.jpg
Dəfələrlə başçının qəbulunda olmuşuq, bizim yanımızda məmurlara tapşırıq verib ki, kanal qazılsın, əkin sahələrinə su çəkilsin, heç bir nəticəsi yoxdur.

“İcarəyə torpaq götürdüm, 50 qəpikdən toxum alıb səpdim, 10 hektar sahədə arpa əkdim, hamısı quşlara yem oldu. Su yoxdur. Dəfələrlə başçının qəbulunda olmuşuq, bizim yanımızda məmurlara tapşırıq verib ki, kanal qazılsın, əkin sahələrinə su çəkilsin, heç bir nəticəsi yoxdur. Kanal var, ancaq su dibindədir, yalnız heyvanların suvarılmasına görədir. Əkin sahələrinə gedib çıxmır. İndi mən həm torpağın icarəsinin pulunu verməliyəm, həm toxum almışam, həm texnika icarələyib sahədə işlətmişəm. Bu boyda xərcimin qarşılığında sahə susuzluqdan yandı. Hər gün gedirəm sahəyə, toxumları dənləyən quşlara tamaşa eləyib geri qayıdıram”.


Rəsmi qurumlar da qanun pozuntusu olduğunu təsdiqləyir

Salyan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, örüş sahəsini balıq təsərrüfatı üçün kənd bələdiyyəsi ayırıb, buna görə prokururluqda araşdırma aparılır. Söhbət bələdiyyə torpaqlarından getdiyi üçün icra hakimiyyətinin bu məsələyə qarışmaq səlahiyyəti yoxdur: “Ancaq son məlumatlara görə orada göllər boşaldılıb və hazırda təsərrüfat fəaliyyət göstərmir. Bu məsələ prokurorluqda araşdırılır. Su məsələsinə gəlincə isə bu problem əsasən yayda olur. Yay quraqlıq keçəndə sahələrə su gedib çıxmır. Hazırda isə yağış yağır, kanallar su ilə dolur, sahələrə gedir. Yenə də aidiyyəti qurumlar qarşısında bu məsələni həll edərik”.

Meydan TV müxbiri məsələyə Varlı bələdiyyəsindən münasibət öyrənə bilməyib. Ancaq Ədliyyə Nazirliyinin kəndlilərə göndərdiyi məktubda da qeyd olunub ki, Salyan rayonu, Varlı bələdiyyəsinin mülkiyyətinə aid, ümumi istifadədə olan örüş sahələrinin balıq təsərrüfatları üçün ayrılması ilə bağlı məsələ araşdırılıb, fakt təsdiqini tapıb. Qanun pozuntularıyla bağlı toplanmış materiallar Salyan Rayon Prokurorluğuna göndərilib.

Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili Üzrə Dövlət Agentliyi də kəndlilərə rəsmi məktub göndərib. Məktubda qeyd olunub ki, Peyk kəndi ərazisində ümumi istifadədə olan örüş sahəsinin Varlı bələdiyyəsi tərəfindən satılması, orada süni balıq gölləri yaradılması məsələsi araşdırılıb. Agentliyin Şirvan ərazi şöbəsinin əməkdaşları mübahisəli sahədə olublar. Məlum olub ki, Varlı bələdiyyəsi ərazinin 70 hektarını bir hissəsini rayonun Qarabağlı kənd sakini Cəlal Novruzova balıqçılıq və qoyunçuluq məqsədilə ayırıb. O da həmin ərazidə süni göllər düzəldərək, balıqçılıq təsərrüfatı yaradıb. Buna görə də İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq cərimələnib.

Salyan Rayon Prokurorluğundan bildirilib ki, fakt üzrə araşdırma aparılır. Nəticəsi barədə kənd sakinlərinə rəsmi məktubla məlumat veriləcək.

Kəndlilərsə iddia edirlər ki, gölün suyu mövsümə uyğun olaraq təzələnmək üçün boşaldılıb. Ərazi hələ də mühafizə olunur və kənd sakinləri heyvanlarını otarmaq üçün əraziyə keçirə bilmir.

image_from_ios (1).jpg
Kənddə azı 250 ailə təsərrüfatı var və hər bir ailənin də azı 100-150 heyvanı var
Ana səhifəBölgəPeyklilərin örüş və əkin dərdi…