“Komissiya adından gələn mənə deyir: “Yaxşı oğlan yerindəcə çıxarıb 200 manatı ödəyər””
Zaqatalanın 28 May küçəsində yerləşən bina 79-un sakinlərinin şikayəti var. Onlar “Azərsu” ASC-nin sakinlərə deməmiş, özbaşına evlərə sayğac quraşdırdığını, üstəlik, həmin sayğaclara istədikləri qədər borc yazdığını söyləyirlər.
Sakinlərdən Samir İsgəndərov deyir ki, onlara 150-300 manatarası borc yazılıb və bu borcla bağlı onlara heç kim qəbz təqdim edilmir. Eləcə deyilir ki, filan qədər borcunuz var. Ödəmədən imtina edən sakinlərin isə suyu kəsilir:
“Evlərdə qoca, uşaq var. Su elə şeydir ki, onsuz bir gün də yaşamaq olmaz. Hamımız aztəminatlı ailələrik. Hardan alaq bir günün içində 300 manata qədər pulu? Deyirik, bəlkə hissə-hissə ödəyək, ona da razı deyillər. İndi biz nə edək, bilmirik”.
Sakinlər deyirlər ki, sayğacı 2 ay öncə qoyublar, amma həmin vaxt heç bir sakinin qapısı döyülməyib. Səhər durublar ki, həyətlərdə sayğac var. Hətta hansı sayğacın hansı qonşuya aid olduğunu müəyyənləşdirmək üçün xətləri izləməli olublar:
“Halbuki sayğac qoyulması bir neçə sakinin iştirakı ilə həyata keçirilməlidir. Bunu etməyiblər. Azmış kimi 2 ay ərzində heç kimin qapısı döyülməyib. Bu aylar ərzində heç kimə borc bildirişi verilməyib. Birdən-birə gəliblər ki, kiminin 150, kiminin 200, kiminin də 300 borcu var. Deyirik, yaxşı, ödəyərik, bizə qəbz verin. Deyirlər: “qəbz yoxdur”. Biz də inanmırıq, deyirik, ödəməyəcəyik. Bu zaman da suyumuzu kəsirlər. Hara müraciət edəcəyimizi bilmirik”, – sakinlər deyir.
Samir İsgəndərovun sözlərinə görə, bir neçə gün öncə qara cip avtomobili ilə bir neçə nəfər gəlib. Onlardan təcili borcların ödənməsini tələb ediblər. Yenə qəbzi sual edəndə, “yoxdur”, – cavabını veriblər:
“Gələnlər Oğuzdan gəldiklərini, komissiya olduqlarını iddia edirdilər. Komissiya vətəndaşın üstünə niyə gəlir? Getsin “Azərsu”nu yoxlasın. Mən onlara niyə inanmalıyam? Eynilə qonşular da mənim kimi. İnanmırıq. Gələn mənə deyir: “Yaxşı oğlan yerindəcə çıxarıb 200 manatı ödəyər”. Bunun yaxşı oğlan olub-olmamağa nə aidiyyatı var? Etdikləri qanunsuzluqdur, mentalitet, nə bilim, boş-boş söhbətlərlə ört-basdır etməyə çalışırlar. Düşünürlər ki, hə, belə desək, çıxarıb ödəyər. Dövlət işçisi belə cümlə qurmağa utanmır?”
Sakinlər deyirlər ki, onlara nə zamansa qəbz təqdim edilməyənəcən bir qəpik də ödəməyəcəklər:
“Normalda aybaay yazılmalı olan qəbz niyə birdən -birə gəlməlidir? Gizli sayğac qoyublar, indi də istədikləri rəqəmi oxuyurlar. Üstəlik, sayğac quraşdırılandan sonra da üstündə müəyyən rəqəmlər var idi. Biz buradan Prezident İlham Əliyevə müraciət edirik. Bildirmək istəyirik ki, bölgələrdə insanların başına bax belə oyun açırlar. Bu problemin aradan qaldırılmasına göstəriş versin”, – Zaqatalanın 28 May küçəsinin sakinləri belə deyirlər.
“Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsindən Meydan TV-yə deyiblər ki, onlar sakinlərin bu şikayətini qeydə aldıqlarını, problemlə maraqlanacaqlarını söyləyiblər.
“Azərsu”nu ASC-nin “qaynar xətti”ndən isə bildiriblər ki, həmin məhəllədəki sayğaclar nə zaman qoyulub deyə bilməzlər. Ancaq abonent kodları yeni açılıb və sistemdən belə görünür ki, deyildiyi qədər borcları yoxdur.
Sakinlər deyirlər ki, belə olan halda az qala hər həftə qapılarına gələn və özlərini “Azərsu” işçiləri kimi tanıdan həmin insanlar onlardan nə istəyir?
“Azmış kimi istədikləri vaxt suyumuzu da kəsib gedirlər. Hər yoldan keçənin bunu etmək hüququ varmı? Hara baxır “Azərsu”nun rəhbərliyi?”