“Sağlamlığım, psixi durumum yerində, əmək fəaliyyəti ilə məşğul olmağım üçün heç bir fiziki, psixi əngəlim yoxdur, normal insanam, illərlə başqa ölkədə işləyib, gətirib balalarımı saxlamışam. Ancaq rayona qayıdandan iş tapa bilmirəm. Məmurlar prezidenti aldadırlar ki, Saatlıda minlərlə iş yeri açılıb, işsiz qalmayıb. Saatlıya gəlsəniz, mən sizi minlərlə işsizlə tanış edərəm, hansı ki, mənim kimi, iş üçün burunlarının ucu göynəyir”.
Saatlı rayonu, Saatlı 2 qəsəbəsində yaşayan Kənan Abbasov Meydan TV-yə işsizlikdən gileylənir. İllərlə Rusiyada “Qazel” makralı şəxsi yük maşınıyla yük daşımaqla məşğul olub, ailəsini dolandırıb. Bu ilin iyulunda sənədlərindəki çatışmazlıqlara görə Rusiyadan deport olunub. Rayona qayıdandan vacib məsələ olan işsizliyi hələ də həll edə bilməyib. Bu isə onun ailə durumuna mənfi təsir göstərir.
“Biri ayaqqabı aldı, bir paltar, biri çanta…”
“Uşaqlardan birinin 8, digərinin 10 yaşı var. Onları məktəbə yaxşı adamların yardımıyla göndərdim. Biri ayaqqabısını aldı, biri paltarını, biri çantasını… Uşaqlar axşamdan necə ac yatırlarsa, səhər yuxudan oyanıb məktəbə ac gedirlər. Vaxtilə Rusiyada qazanıb ailəmi saxlayırdım, indi süfrəyə qoymağa bir parça çörəyim yoxdur. Balaca evi Rusiyada işləyib qazandığım pulla tikdim, ancaq sonradan gəlib burda işsiz qaldım deyə, hər işim kimi, evimin işləri də yarımçıq qaldı. Uşaqlar xəstələnir, dərman almağa pul tapmırıq. İş üçün rayonda müraciət etmədiyim idarə, qurum qalmayıb”, – Kənan Abbasov deyir.
“Prezident Administrasiyası da məni yola verdi”
Onun sözlərinə görə, əlindən sürücülük, qaynaq, rəngsaz, suvaq işləri gəlir. Məşğulluq Mərkəzinə və icra hakimiyyətinə iş üçün etdiyi müraciətlərinə müsbət cavab almayanda Bakıya – Prezident Administrasiyasına üz tutub:
“Səhv etmirəmsə, oktyabrın 12-si idi, uşaqları da yığıb getdim Bakıya, Prezident Administrasiyasında məni bir xanım qəbul etdi, dedi, bura niyə gəlmisən, burda iş paylamırlar, qayıt rayona, icra hakimiyyətinin başçısına tapşıracağıq, sənə iş verəcəklər. Rayona qayıdan kimi birinci icra hakimiyyətinə getdim, başçı ilə görüşmək istəsəm də, qəbul etmədi. Dedim, məni başçının qəbuluna buraxın, o boyda Prezident Administrasiyası tapşırıb ki, başçı mənə iş versin, niyə yanına buraxmırsız? Güldülər, dedilər, sən yenə Məşğulluq Mərkəzinə müraciət elə, başçıda iş yoxdur”.
“İş üçün gedirsən, deyirlər, get, otur evdə…”
Kənan Abbasovun deməsinə görə, iki həftədir ki, Məşğulluq Mərkəzinə müraciət edib. Ona bildirilib ki, əziyyət çəkib mərkəzə gəlməsin, iş olanda özləri zəng vurub məlumat verəcəklər. Kənan Abbasov da iki həftə ərzində zəng gözlədikdən sonra oktyabrın 29-da yenə Məşğulluq Mərkəzinə gedib:
“Qapıdan girəndə də soruşurlar, sən yenə gəldin? Sənə dedik axı, otur evdə, uyğun iş olanda zəng vurub xəbər edəcəyik. İş orasındadır ki, hara iş üçün gedirsən, deyirlər, get, otur evdə… Hamı evə yola salır. Başa sala da bilmirsən ki, evdə bir dişlək çörək yoxdur, mən ora əliboş necə qayıdım? İş verin, işləyim, heç olmasa bir qarın çörəyin pulunu qazanım, tifillərim acından ölməsin”.
“İş olanda məlumat verəcəyik”
Saatlı rayon Məşğulluq Mərkəzindən Meydan TV-yə bildirilib ki, Kənan Abbasov iş üçün yeni müraciət edib, o, özünə sürücü işi axtarır: “Rayonda sürücü işi üçün daha əvvəl müraciət edən işsizlər var, işçi axtaranlar müraciət etdikcə, işsizlərə iş yerləri təklif olunur. Kənan Abbasova uyğun iş olanda məlumatlandırılacaq, başqa heç nə deyə bilmərik”.
Hökumət elan edib ki, 2030-cu ilədək işsizlik səviyyəsini beş faizdən dörd faizə endirəcək. Düz bir il əvvəl – ötən il oktyabrın 30-da prezident İlham Əliyev bu barədə sənədi – Məşğulluq Strategiyasını imzalayıb. Sənəd 2019-2030-cu illərdə işsizliyi azaltmaq üçün tədbirləri nəzərdə tutur. Ancaq elə həmin vaxt tənqidçilər sənədi sual altına alaraq iddia edirdilər ki, işsizlik statistikası reallığı əks etdirmir. Hökumətin iddia etdiyi kimi, ölkədə işsizliyin səviyyəsi 5 yox, 30 faizə yaxındır.