Gülnarə Həbibova: “Ay Azərbaycan dövləti, bizi ölümdən qurtar!”
Xaçmazda fəaliyyət göstərən “Arzu” Özəl Ticarət Mərkəzinin qətlə yetirilmiş sahibəsi Nəcimə Babayevanın övladları Baş prokurora müraciət ediblər.
Onlar ötən həftə Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin ofisində keçirdikləri mətbuat konfransında da bu barədə məlumat veriblər. Gülnarə və Fuad Həbibovlar analarının qətlinin sifarişçisi və killer haqda Baş prokurora müraciət etdiklərini açıqlayıblar.
Gülnarə Həbibova deyir ki, analarının qətlinə qədər ona qarşı atılan qərəzli addımlar bu gün onlara qarşı da atılır:
“Mənim müraciətim Azərbaycan dövlətinədir. Azərbaycan dövləti mənim vətəndaş olaraq mülkiyyət hüququmu təmin eləsin. Azərbaycan dövləti Əmlak Komitəsinin sifətində mən Gülnara Həbibovaya 1182608 nömrəli Çıxarış verib. Həmin Çıxarış mənim mülkiyyət hüququmun Azərbaycan dövləti adından tanındığının təsdiqidir. Ona görə də mən bu gün Azərbaycan dövlətindən kömək istəyir, əmlakıma olan və yaxın günlərdə planlaşdırılan qəsdin – böyük bir cinayətin qarşısının alınmasında yardım istəyirəm”.
Gülnarə Həbibovanın sözlərinə görə, Xaçmazda onlara məxsus bazarın əllərindən alınmasına çalışan şəxslərin dairəsini bilməyən yoxdur:
“Bir neçə gün əvvəl bazarımızın ərazisini – baxın, mülkiyyət hüququnu təsdiqləyən bu sənəddə göstərilən ərazidən söhbət gedir – məhkəmənin xüsusi qərardadı əsasında hasara almışıq.
Amma indi hasarın sökülməsinə hazırlıq gedir. Bizim – mənim və qardaşlarımın həyati təhlükəsi var. Bunu sıradan bir söz olaraq demirəm. Anam Nəcimə Babayevanı məhz bu bazara görə sifarişlə öldürüblər. İndi isə bizim əmlakımıza və həyatımıza qəsd hazırlanıb.
Ay Azərbaycan dövləti, bizi ölümdən qurtar! Bizim mülkiyyət hüququmuza qəsdin qarşısını al!
2019-cu ilin martına qədər dözüb susmuşuq. Anam Nəcimə Babayevanın qətli ilə bağlı təfərratları ictimailəşdirməmişik. Düşünmüşük ki, dövlət gez-tez bu məsələnin üstünü açacaq. Bütün bu illər ərzində anamızın qətli barədə danışmamağımızın səbəbi istintaq orqanının israrlı şəkildə bizdən gözləməyimizi xahiş etməsi idi. Vəd olunmuşdu ki, qatil və sifarişçi tapılaraq istintaqa cəlb ediləcəklər. Lakin bu baş vermədi, əvəzində isə 2017-ci ilin aprelindən etibarən bizim ailəmizə qarşı təxribatlar başlayıb və bu gün də davam edir”.
Gülnarə Həbibova dövlət rəsmilərindən xahiş edir ki, Xaçmazda onlara qarşı baş verən cinayətlər araşdırılsın: “Anamız Nəcimə Babayevanın qətl işi açılsın, – sifarişçi və qatil – hansılar ki, kimlikləri haqda Baş prokuror Zakir Qaralova rəsmi məlumat vermişik.
Siz təsəvvür edin, 2017-ci ildə mənə, yəni Gülnara Həbibovaya qarşı saxta əsasla Xaçmaz rayon prokuroru Elxan Əbdülrəhmanlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə qərəzli şəkildə cinayət işi başlatdı.
Müxtəlif bəhanələrlə cinayət işinin araşdırılmasını 2 il uzatdı, 2019-cu ilin yanvar-fevral aylarında E.Əbdürrəhimov məni aldadaraq, təqsirləndirilən şəxs elan edərək işi məhkəmə göndərmək üçün cəhd etdi. Amma təcili ölkə hüdudlarını tərk etməyim bu planları boşa çıxartdı. Yalnız 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun qəbulunda olduqdan 2 ay sonra – sentyabrın 27-də işdə cinayət tərkibi olmadığına görə icraata xitam verildi. Cəmi 12 gün sonra həmin cinayət işinin əsas fiquru olan Qurban Sadıxov “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinə direktor təyin olundu. Məhz bu məqam növbəti dəfə təsdiqləyir ki, bizə – anam Nəcimə Babayevanın ölümünə qədər aparılan, sonra da biz övladlarına qarşı davam edən təqiblər eyni mərkəzdən idarə olunur.
Anam “Arzu” Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətlindən 9 il ötməsinə baxmayaraq, ölüm işi açılmamış qalır.
İstədikləri də budur ki, biz susaq, anamızın qətlinin üstünün açılmasını tələb etməyək, bazarı da aparıb Şəmsəddin Xanbabayevin istədiyi adamlara təhvil verək.
Buna görə də bizim canımıza qəsd etmək planları var. Öldürməsələr, şərləyib həbsə atdırmaq, bazarı ələ keçirmək istəyirlər”.
Gülnarə Həbibovanın sözlərinə görə, anasının Rusiyanın konkret hansı şəhərindən kimin sifarişi ilə gətirilən killer tərəfindən öldürülməsi barədə məlumat əldə ediblər və hüquq-mühafizə orqanlarından cinayət işinin açılması üçün əməli tədbirlər görmələrini gözləyirlər:
“Bizim – mənim və qardaşlarımın həyati təhlükəsi var. Bunu sıradan bir söz olaraq demirəm. Anam Nəcimə Babayevanı məhz bu bazara görə sifarişlə öldürüblər. İndi isə bizim əmlakımıza və həyatımıza qəsd hazırlanıb”.