Qarabağ əlili: Birbaşa İlham Əliyevdən kömək istəyirəm

Mən torpaq üçün vuruşub sağlamlığımı itirmişəm, bu uşaqlarsa şəraitsizlikdən günbəgün sağlamlıqlarını itirirlər

Source: meydan.tv


Gündüz Xasməmmədovun evi qəzalı vəziyyətdə olduğundan, o, ailəsilə çadırda yaşamağa üstünlük verir

“Evimiz iki dəfə qrunt suları altında qalıb. Hər dəfəsində suyu çəkib, otaqları qurudub, yenə içərisinə yığışmışıq. Divarlar rütubətdən ot bağlayıb, nəfəs almaq mümkün deyil. Şəraitsiz evdə azyaşlı və xəstə uşaqlar yaşayır. 4 ildir müharibə əlili kimi ev növbəsindəyəm, hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar”.

Bunu Meydan TV-yə Zərdabın Əlvənd kənd sakini Gündüz Xasməmmədov deyir. O, sağlamlığını torpaq uğrunda itirib, ikinci qrup əlildir.


“Nə edək, necə edək, bilmirik”

Qəzalı mənzildə yeddi nəfərdən ibarət ailə yaşayır. Böyük övladı hərbi xidmətdədir, digər övladları isə azyaşlıdır, onlardan biri ruhi xəstədir, üçü isə məktəblidir. Gündüz Xasməmmədov qəzalı evdə yaşayışın çətinliyindən danışır:

“Bu ev 1960-cı ildə tikilib. Dediyim kimi, iki dəfə qrunt suları altında qalıb. Bir neçə dəfə güclü dolu yağması nəticəsində dam örtüyü sıradan çıxıb. Şiferləri özüm bacardığım kimi yamaqlamışam. Xəstə övladımla mənim pensiyam iynə-dərmana gedir, yarıac, yarıtox, birtəhər yaşayırıq, maddi imkanım yoxdur ki, evin üstünü düzəltdirəm, heç olmasa yağış yağanda otaqlar su ilə dolmasın. Ev zorla ayaqda dayanır. Taxtanı divarın bu tərəfindən itələyirsən, o tərəfindən çıxır. Nə edək, necə edək, bilmirik”.


“Bizi görsünlər, bizi eşitsinlər”

Gündüz Xasməmmədov yaxın günlərdə çadır qurub ailəsini içərisinə yığmaq fikrindədir:

sekil1.jpg
“Mənə kömək eləsinlər, ev tikilməsi üçün göstəriş versinlər, bu tifilləri böyüdüb bir yerə çıxara bilim”

“Bir çadır quracağam, içərisinə də bir odun sobası quraşdıracam. Xəstə uşaqları da toplayacam çadıra. Başqa əlacım yoxdur. Körpə uşaqları yağış sularının içərisində necə saxlayım axı? Qarşıdan qış, şaxta gəlir, aidiyyəti qurumlar bizi görsünlər, ruhi xəstə olan uşağımızı görsünlər, səsimizi eşitsinlər, istədiyimiz bir evdir, kömək eləsinlər, tikək, yığışaq içərisinə… Uşaqlarım illərdir ki, əziyyət çəkir. Böyük oğlum hərbi xidmətdədir, evdə daha üç oğlum böyüyür, 18 yaşına çatanda qapını döyüb, bir-bir onları da hərbi xidmətə çağıracaqlar. Mən torpaq üçün vuruşub sağlamlığımı itirmişəm, bu uşaqlarsa şəraitsizlikdən günbəgün sağlamlıqlarını itirirlər”.


“Eyni məzmunlu cavablardan bezmişəm”

Zərdab Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Gündüz Xasməmmədov 2015-ci ildən mənzil üçün növbəyə dayanıb. İlk fürsətdə o, mənzillə təmin olunacaq. Ancaq bunun üçün bir müddət səbrlə gözləməlidir. Gündüz Xasməmmədov deyir, ona da qurumdan bu tipli ümumi cavablar verilir:

“Hər dəfə də bir-birini təkrarlayan, ümumi məzmunlu cavablar almaqdan bezmişəm. Axı vətəndaşa nə qədər nağıl danışmaq olar? Mən deyirəm, evim başıma dağılmaq üzrədir, biri ruhi xəstə olmaqla dörd azyaşlı uşağın hər an dağıntı altında qalmaq təhlükəsi var, bunlar deyir, səbrli ol, gözlə… Hara yazıram, cavab gəlir ki, bilirik, ev növbəsindəsən, növbən çatanda ev tikiləcək. Ancaq bu, nə vaxt olacaq, deyən, yazan yoxdur. Mən birbaşa İlham Əliyevdən, Mehriban Əliyevadan kömək istəyirəm. Mənə kömək eləsinlər, ev tikilməsi üçün göstəriş versinlər, bu tifilləri böyüdüb bir yerə çıxara bilim. Belə şəraitdə nə uşaq saxlayarlar, nə də ruhi xəstə…”

Gündüz Xasməmmədov Prezident Administrasiyasına da yazıb, ancaq hələ də məktubuna cavab almayıb. Aidiyyəti qurumlar tədbir görməsə, onu qışboyu azyaşlı övladlarıyla birgə çadır həyatı sürmək gözləyir.

Ana səhifəBölgəQarabağ əlili: Birbaşa İlham Əliyevdən kömək istəyirəm