İcra Hakimiyyəti: “Evi qəzalı olan vətəndaş özü-öz başına bir çarə tapmalıdır”
Göyçayın 20 Yanvar küçəsindəki 28 saylı mənzildə yaşayan Qasımovlar ailəsinin problemi var. Onlar yeganə övladlarının xəstəlikdən əziyyət çəkdiyini, müalicə etdirə bilmədiklərini deyirlər. Ata Mehman Qasımov heç yerdə işləmir və gözdən əlilliyi var. Buna görə də ehtiyacları qarşılamaqda əziyyət çəkir. Bir tərəfdən də yaşadıqları ev qəzalı durumdadır. Ailə onun da bir çarəsini tapa bilmir.
“Bircə oğlumuz var, məktəbə göndərə bilmirik”
“Gözümüzün ağı-qarası bircə oğlumuz var, Aydın. 6-cı sinifdə oxumalıdır, 3 ildir məktəbə göndərə bilmirik. Skaliozdur, beli təmiz əyilib. Bu il bir az pul tapıb, masaja aparmışıq. Həkim üzü görməyib bu uşaq. Biz də istəyərik normal müalicə etdirək və məktəbə getsin. Vaxtının çoxu yataqda keçir. Evdə normal bir şəraitimiz də yoxdur ki, müəllim gəlib, dərs keçsin”, – 59 yaşlı Mehman Qasımovun sözləridir.
“Bütün günü qorxumuzdan eyvanda otururuq”
Evin xanımı, 50 yaşlı Rübabə Manafova da yaşayışından, şəraitindən şikayətçidir. Deyir, evlərinə həyat yoldaşı Mehman Qasımovun əlillik müavinətindən başqa pul gəlmir. Onunla da həm yoldaşının, həm də oğlunun müalicə olunması mümkün deyil. Üstəlik, ev şəraitləri də yaxşı deyil. Onu təmir edəcək imkanları da yoxdur:
“Evimiz başımıza uçur. O qədər pis gündədir ki, bütün günü qorxumuzdan eyvanda otururuq. Mətbəxin və yataq otağının qapısını isə az qala bir ildir bağlamışıq. Çünki orada nə heyvan istəsən var. İlan, kərtənkələ, kəsəyən doludur. Hələ evin başında bir böyük, xallı kərtənkələ növü var ki… Ən qorxduğum odur. Tavan deşilir, tökülürlər evin içinə. Gecəni səhərəcən yata bilmirəm ki, girib bizə nəsə edər. Onsuz da istidən, bürküdən yatmaq olmur”.
“İstinin günündə pəncərəni, qapını aça bilmirik”
Rübabə Manafova oğlu ilə bərabər masanın altında yatır ki, birdən gecə ilə ev uçsa, heç olmasa, başlarına nəsə olmasın:
“Bu istinin günündə pəncərəni, qapını aça bilmirik. Bu azmış kimi masanın altında yatmaq lap işgəncədir. İmkanımız da yoxdur ki, nəsə əl gəzdirək. Güc-bəla ilə yoldaşımı əməliyyat etdirdik. Yenə də yaxşı görmür, əlildi, işləmək qabiliyyəti yoxdur. Özüm də ki, nevroloji xəstəlikdən əziyyət çəkirəm. Onların xəstəliyi öz dərdimi unutdurub”.
“110 manatla ailə dolanar?”
“50 ilin evidir, tökülür. İmkan yox, heç yerdə işləmirəm, bir qəpik almıram. Əlilliyə görə cəmi 110 manat təqaüd köçür. Onu da bilmirəm nəyə xərcləyəm. 110 manatla ailə dolanar? İcra Hakimiyyətinə getdim ki, evim qəzalıdır. Gəldilər, şəklini çəkib getdilər. Bir səs-soraq çıxmadı. İnanın, çörək almağa pulumuz yoxdu. Biz necə ev tikək?”- evin kişisi danışır.
“Xəstəliklər, pulsuzluq, imkansızlıq, çox çarəsizəm”
Rübabə Manafova hələ də anlamış deyil ki, Allah niyə ona belə bir şərait, həyat qismət edib:
“Səhərdən oturub eyvanda ağlayıram. Yoldaşımın gözü, oğlumun beli, mənim də başım. Çox çarəsizəm. İş yox, güc yox, pul yox. Vallah, bəlkə də bu ölkədə ən pis yaşayan ailə bizik. Ölürük acından. Özüm də yetim qız olmuşam. Kimsəm yoxdur ki, əlimdən tutsun. Cehizim də ki, bir sandıqdır, vəssəlam. O da qalıb uçub-tökülmüş otaqda”.
“Evi qəzalı olan vətəndaş özü-öz başına bir çarə tapmalıdır”
Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildiriblər ki, bu gün rayonda, kəndlərdə o qədər evi qəzalı olan, onlara şikayət edən var ki. Ancaq onların hamıya bir-bir ev tikmək imkanları yoxdur:
“Harda görülüb ki, icra hakimiyyəti vətəndaşa fərdi ev tiksin? Bizim belə bir büdcəmiz yoxdur axı. Evi qəzalı olan vətəndaş özü-öz başına bir çarə tapmalıdır”.