Daxmada tənha yaşayan təqaüdçü: Hətta tualetə də qonşuya gedirəm…

İçməli su xətti çəkilməyib, qadın hər dəfə lazım olanda qonşulara ağız açır

Source: meydan tv


''Bir gün gəlib gördüm ki, bir neçə ilan evin ortasındadır''

Kürdəmirin rayon mərkəzinə çox da uzaq olmadığı deyilən Atakişili kəndinə xeyli piyada getmək lazım gəlir. Zenfira Süleymanova orada yaşayır. Tənha qadının daxmasının adicə qapısı da yoxdur.


“Həyat yoldaşım rəhmətə gedəndən sonra lap pis günə qaldım”

Zenfira Süleymanovanın daxması evlərin arasında tamam itib-batıb. Hərçənd, qonşu evlər də nimdaş görünür. Hiss olunur ki, kənd camaatı çox da yaxşı yaşamır. Elə özləri də deyir ki, kənddə işsizlik böyükdür. Amma Zenfira qədər vəziyyəti ağır olan yoxdur.

Daxmanın yaşı çoxdur. Qadın danışır ki, bura qayınatasından qalıb. Qayınata vəfat edəndən sonra həyat yoldaşı ilə bir müddət onun evində yaşayıb. Ev çox pis vəziyyətdə imiş, tezliklə uçub. Ağır şərtlər altında yaşadıqlarından, bərpa edə bilməyiblər. Bu daxmaya köçüblər. Birotaqlı, qaranlıq, döşəməsi torpaq, damı qamış olan yeri ev də adlandırmaq olmur.

Zenfira Süleymanova danışanda kövrəlir: “Həyat yoldaşım beş ildi rəhmətə gedib. Onunla yaşayanda da vəziyyətimiz ağır idi. Yeməkxanada işləyirdi, günə 3-5 manat qazanırdı. O, rəhmətə gedəndən sonra lap pis günə qaldım. Övladımız olmayıb. Tamamilə təkəm, köməyim yoxdu”.

image_from_ios (2).jpg
Zenfira Süleymanovanın evi


“Gecə qorxa-qorxa yatıram, it, çaqqal gəlir”

Zenfira Süleymanova deyir ki, daxmanın olduğu ərazi başqa adamındır. Buradan getməsi üçün qadına dəfələrlə xəbərdarlıq edib: “Deyir ki, iki oğlum var, böyüyüblər, evləndirməliyəm. Çıxmağımı istəyir. Bu damın yerində ev tikəcəyini deyir”.

Daxmada yaşayış üçün heç bir şərait yoxdur. İçməli su xətti çəkilməyib, qadın hər dəfə lazım olanda qonşulara ağız açır. Diqqətdən qaça biləcək əsas məqamlardan birini Zenfira xatırladır: “Hamam yoxdu. Hətta tualetə qonşulara gedirəm”.

Zenfira Süleymanova işləmir. Onsuz da kənd camaatının iş tapmaq şansı, demək olar, yoxdur. Qadın 160 manat pensiyanın ümidinə qalıb. Bunun da bir hissəsini kommunal borclara xərcləyir.

“O pulla dolanmaq mümkün deyil. Çatmır. Heç işıq, qaz pulunu ödəyə bilmirəm. Gücüm çatanda verirəm, nə qədər borclu qalıram. O qapıda-bu qapıda yemək yeyirəm. Gecə gəlib qapını bağlayıb yatıram. Yatanda da qorxa-qorxa. Qardaşım qonşu kənddə yaşayır, iki uşağı var. Deyir, uşaqlardan birini apar yanına. Necə aparım? Qız uşağıdı, qorxar. Neçə dəfə həyətə sahibsiz it, çaqqal gəlib, özüm qorxmuşam. Bir gün gəlib gördüm ki, bir neçə ilan evin ortasındadır”.

image_from_ios (5).jpg
mətbəx


“Bacıma görə ürəyim ağrıyır”

Zenfiranın qardaşı İxtiyar ailəsi ilə Xırdapay kəndində ata evində yaşayır. Görüşüb söhbətləşirik. Deyir ki, acınacaqlı vəziyyətdə yaşayırlar. İş tapmağa çox çalışsa da, heç nə alınmayıb. Sosial yardım almaq cəhdləri də boşa çıxıb. Analığının təqaüdü sayəsində acından ölmürlər.

Həyətin ərazisi kiçikdir. Zenfiranın istəyi burada bir otaq tikməkdir. Deyir, hökumət inşaat materialları versə, tikə bilər: “Qonşular hər cür kömək eləməyə hazırdır. Gəlib təmənnasız işləyərlər”.

İxtiyar problemləri haqda danışmaq istəmir. Heç şəklini çəkməyimizə də imkan vermir. Deyir, əsas bacısıdır, onun problemi həll olunsun: “Onun vəziyyətinə baxa bilmirəm. Ürəyim ağrıyır”.

Kürdəmir Rayon İcra Hakimiyyətindən Meydan TV-yə məsələni diqqətdə saxlayacaqlarını bildiriblər.

image_from_ios (6).jpg
Z.Süleymanovanın evi
Ana səhifəBölgəDaxmada tənha yaşayan təqaüdçü: Hətta tualetə də qonşuya gedirəm…