Əli Kərimli Beynəlxalq Maqnitski Mükafatına layiq görülüb

Əli Kərimli – Foto: Meydan TV

Həbsdə olan AXCP sədri “Görkəmli müxalifət siyasətçisi” nominasiyası üzrə 2026-cı ilin qalibi seçilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli 2026-cı il Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatına layiq görülüb.

Bu barədə mükafatın təşkilatçıları rəsmi internet səhifəsində məlumat yayıblar.

Əli Kərimli demokratiya və insan hüquqları uğrunda uzunmüddətli fəaliyyətinə görə “Görkəmli müxalifət siyasətçisi” nominasiyası üzrə qalib elan edilib.

Təşkilatçıların təqdimatında Kərimlinin Azərbaycanda demokratik islahatlar, korrupsiyaya qarşı mübarizə və vətəndaş azadlıqlarının müdafiəsi istiqamətində uzun illər fəaliyyət göstərdiyi vurğulanıb.

Qeyd olunub ki, müxalifət lideri 2025-ci ilin noyabrında həbs edilib. Təşkilatçılar ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildiriblər.

Təqdimatda Kərimlinin həbsdə pis rəftara məruz qaldığı, səhhətinin pisləşdiyi və beynəlxalq insan hüquqları təşkilatlarının onun azadlığa buraxılmasını tələb etdiyi də qeyd olunub.

Maqnitski Mükafatı nədir?

Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatı 2015-ci ildən təqdim olunur. Mükafat Rusiyada korrupsiya faktlarını ifşa etdikdən sonra həbs edilən və 2009-cu ildə həbsxanada ölən hüquqşünas Sergey Maqnitskinin xatirəsinə təsis edilib.

Mükafat insan hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizə və ifadə azadlığı sahəsində fəaliyyət göstərən siyasətçilərə, jurnalistlərə və hüquq müdafiəçilərinə verilir.

Mükafatın təsis edilməsi təşəbbüsü beynəlxalq Maqnitski kampaniyasının rəhbəri, britaniyalı maliyyəçi Bill Brauderlə bağlıdır.

Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatına bundan əvvəl Azərbaycandan araşdırmaçı jurnalist Xədicə İsmayıl və hüquq müdafiəçisi Jalə Bayramova layiq görülüblər.

Xədicə İsmayıl 2017-ci ildə korrupsiya araşdırmalarına, Jalə Bayramova isə 2024-cü ildə insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətinə görə mükafatlandırılıb. Əli Kərimli bu mükafata layiq görülən üçüncü azərbaycanlı kimi təqdim olunur.

Əli Kərimlinin həbsi

AXCP sədri Əli Kərimli 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamı irəli sürülüb.

Kərimli ittihamları qəbul etmir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun və AXCP üzvü Məmməd İbrahimin işi üzrə məhkəmə prosesi başlayıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Əli Kərimli Beynəlxalq Maqnitski Mükafatına layiq görülüb