Taleh Bədəlov: ''Yerli icra hakimiyyəti Zərifə Əliyeva adına park salınacağını deyərək, mağazamızı sökdü və yerini başqalarına satdı''
“Hər gün evimdən çıxıb əlimdən alınmış mülkümün yerində başqasının mağazasını görəndə ölüb-dirilirəm. Bunlar məni müflisləşdirdilər, ürək xəstəsi elədilər, bütün həyatım alt-üst oldu”.
Bərdə sakini Taleh Bədəlov 1985-ci ildən sahibkarlıqla məşğul olub. Bərdənin mərkəzində ərzaq, un məmulatı, hədiyyələrin satışı şöbələri olan iri ticarət obyekti fəaliyyət göstərib. 2011-ci ildə yerli icra hakimiyyətindən sahibkara bildirilib ki, obyektin yerləşdiyi ərazidə Zərifə Əliyeva adına parkın inşasına başlanacaq, buna görə də ərazidəki obyektlər sökülür. Beləcə, Taleh Bədəlovun və bir neçə sahibkarın şəxsi mülkiyyətində olan obyektləri sökülüb. Ancaq illər keçsə də, ərazidə heç bir iş aparılmayıb. Bir müddət əvvəlsə sahibkar görüb ki, keçmiş mağazasının yerində başqa ticarət obyekti tikilir. O, müxtəlif qurumlara və prezidentə şikayət edəndən sonra tikinti dayandırılıb, yarımçıq tikili sökülüb. Əvəzində isə həmin yerdə dəmir konstruksiyadan ibarət olan, içərisində meyvə-tərəvəz satılan yeni dükan fəaliyyətə başlayıb.
“Başçı dedi, kimin nə həddinədir ki, etiraz etsin”
Taleh Bədəlov danışır:
“Eyni ərazidə mağazaları olan mənim kimi 8 sahibkar aldadılıb, hamıya bildirilmişdi ki, burada Prezidentin anasının adına park salınır və kimin nə həddinədir ki, etiraz etsin. Biz də səsimizi çıxarmadıq, düşündük ki, yəqin sökülən mülklərimizə görə kompensasiya ödəniləcək. Ancaq səs-səmir çıxmadı. Mən icra hakimiyyətinə get-gəl etməyə başladım. Elə həmin ilin noyabrında icra hakimiyyətinin binasından əsəbi vəziyyətdə çıxanda huçumu itirib yıxıldım, ayaqlarım sındı. 8 aydan çox xəstəxalarda müalicə aldım. İcra hakimiyyəti ilə döyüşə-döyüşə 2014-cü ildə ürək xəstəliyinə də tutuldum, ağır cərrahiyyə əməliyyatı olundum. Bundan sonra guya mənə yazıqları gəldi, Qaradağlı kəndində mağaza üçün yer ayırdılar”.
“Mağazamı sökməkləri yetmədi, üstəlik 6 min pul aldılar”
Sahibkarın deməsinə görə, ona ayrılan sahəyə görə bələdiyyəyə və icra hakimiyyətinə 6 min manat xərci çıxdıqdan sonra həmin yerdən imtina edib:
“Bələdiyyə hər dəfə dedi 300 ver, 500 ver… İcra hakimiyyətinin memarı dedi, bilirsən ki, başçıya şirinlik verməsən, orda heç nə tikə bilməyəcəksən… Layihəyə görə pul, ona pul, buna pul… Gördüm ki, 6 min manatım gedib, ortada heç nə yoxdur. Üstəlik, araşdırdım ki, həmin ərazidə elə də yaşayış yoxdur, orada mağaza tikmək mənasızdır. Həm də axı niyə o mağazanı mən tikməliyəm? Mənim Bərdənin mərkəzindəki mağazamı söküblər, əl-ayaqdan uzaq bir kənddə guya yer ayırıblar, həm öz cibimin puluyla mağaza tikməliyəm, həm də bunlara şirinlik paylamalıyam. Getdim icra hakimiyyətinin binasının qarşısına, saatlarla dirəşdim, səs-küy saldım, dedim, bu saat burdan Prezident Administrasiyasının qabağına gedirəm. Başçı yanıma adam göndərdi, 6 min manatımı qaytardılar, dedilər, get, sakit otur yerində…”.
“Mağazaların sökülməsinə görə nə sərəncam var, nə qərar…”
Taleh Bədəlov uzun müddət məhkəməyə müraciət edə bilməyib. Bunun da səbəbi varmış. İcra hakimiyyəti mağazanın söküntüsüylə bağlı ona hər hansı rəsmi sənəd verməyibmiş. Nəhayət, o, rayonun deputatına müraciət edib, deputat da icra hakimiyyətinə vətəndaşın problemi ilə bağlı rəsmi müraciət edib. Həmin müraciətə rəsmi cavab verilib, cavabın bir surəti də Taleh Bədəlova gəlib. Yalnız bundan sonra sahibkar həmin rəsmi cavabı da iddia ərizəsinə əlavə edərək Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət edib:
“Təsəvvür edirsiz, məhkəmədə üzə çıxıb ki, mağazaların sökülməsi ilə bağlı nə bir rəsmi sərəncam, nə bir qərar var… İcra hakimiyyətinin hüquqşünası məhkəməyə adamların şəxsi mülkiyyətində olmuş mağazaların sökülməsinin səbəbini göstərən bir parça kağız təqdim edə bilmir. Eləcə deyir ki, mağazanı sahibkarlar özləri söküb. Hakimə deyirəm, mən dəli olmamışam ki, özüm öz mağazamı söküb yerə qoyum, çörəyimə təpik vurum?”
Taleh Bədəlov deyir, o, hazırda yalnız bir mağazaya görə məhkəməyə müraciət edib. Faha bir neçə mağazası da sökülüb, ancaq həmin obyektlərin sənədləri qaydasında olmadığı üçün hələlik məhkəməyə müraciət edə bilmir.
“Əllərindəki imkanlar, pula hərislikləri…”
Taleh Bədəlov hazırda özünün iddia etdiyi kimi, baş verənlərin nəticəsində tutulduğu ürək xəstəliyinə görə təqaüdlə dolanır. Deyir, vaxtilə mülkiyyətində olan mağazalardan gələn gəlirlə xeyli imkansız ailəyə əl tuturmuş. İndi isə özü müflis və kasıb vəziyyətdə yaşayır:
“Pula hərislik gözlərini o qədər tutub ki, əllərindəki imkanlardan yalnız vətəndaşın həyatını alt-üst etmək üçün istifadə edirlər. Vaxtilə özümə yaxşı ev-eşik düzəltmişdim. Mağazalarımı əlimdən alıb sökəndən və məni xəstəliyə düçar edəndən sonra evimi bir şirkətə kirayəyə vermək məcburiyyətində qaldım. Özüm isə ailəmlə qohum evinə sığındım. İki ildir ki, şirkət evi qaytarıb və daha kirayəyə də verə bilmirəm. Hazırda İrandan xırdavat gətirib satmaqla başımızı dolandırıram. Halbuki, o mağazalardan neçə-neçə imkansız ailə dolanırdı. Şəhid ailələrinə baxırdım. Prokurorluğa müraciət etdim, dedi, mən başçıyla bacara bilmirəm, yerli məhkəməyə müraciət etdim, dedi, sən Allah, get, başqa məhkəməyə ver, məni xataya-bəlaya salma… Mən hər gün evimin qapısından çıxanda sökülmüş mülkümün yerində başqasının mağazasını görürəm, hər gün ölüb-dirilirəm. Sahibi olmayan ölkədə mən necə gələcək nəsil yetişdirim? Obyektləri sökülmüş o biri sahibkarlar gördülər ki, bunlarla mübarizə aparmaq əsəb və vaxt itkisidir, baş götürüb çıxıb getdilər. Elə mənim də bircə ümidim ona qalıb ki, evimi satıb, ailəmi də götürüb başqa ölkəyə köçüm, övladlarımın, nəvələrimin gələcəyi üçün…
Evimlə mağazanın arası 500 metrdir. Çıxıb görürəm, ürəyim ağrıyır. Ölkə rəhbərliyinə 40-a yaxın teleqrama vurmuşam, bir cavab yoxdur. Orda adam var, məktubları, teleqramı gizlədirlər. Bir cavab yoxdur. Gedən məktubların qəbzi var, ancaq bir dənəsinə də cavab yoxdur. Gedib Bakıdan da teleqram vurmuşam, cavab gəlməyib”.
Bərdə Rayon İcra Hakimiyyətindən Meydan TV-yə Taleh Bədəlovun iddialarının əsassız olduğunu deyiblər. Bildiriblər ki, ona vaxtilə başqa yer təklif olunub və imtina edib. Qurumdan mağazanın hansı əsasla söküldüyü barədə məlumat verməyiblər. Yalnız onu vurğulayıblar ki, hazırda sahibkarın quruma qarşı iddiası əsasında Gəncə İnzibati-İqtisad Məhkəməsində hakim Kamil Rzayevin sədrliyi ilə məhkəmə keçirilir. Növbəti məhkəmə iclası avqustun 20-də davam edəcək. Məhkəmə nə qərar çıxarsa, icra hakimiyyəti həmin qərarı icra edəcək.