Kürdəmir sakini: Hökumətimizin bizə də yazığı gəlsin

10 nəfərlik ailə qəzalı vəziyyətdə olan evdə yaşayır

Source:


10 nəfərlik ailə qəzalı vəziyyətdə olan evdə yaşayır

Kürdəmirin Muğanlı kəndinin sakini Sahibə Əhmədova 10 nəfərlik ailəsi ilə birgə qəzalı vəziyyətdə olan evdə yaşayır. O, buna görə müraciət etmədiyi dövlət orqanının qalmadığını söyləyir. Ancaq bugünədək problemi həll edilməyib.

Evin divarları çatlayıb, bünövrəsi çöldən ovulub, tökülür. Sahibə Əhmədova deyir ki, azı 70 ilin evidir. O, bu evə gəlin köçüb. Kənddə bu cür evlər çox olub. Son 5 ildə dövlət həmin qəzalı evlərin əksəriyyətini yenidən tikib. Onlar da evlərinin tikilməsi üçün müraciət ediblər, ancaq nədənsə baxan olmayıb:

“Bir baxın, belə də ev olar? Az qala başımıza uçacaq. 10 nəfər sakini var. Bir gün ev uçsa və biz altında qalsaq, bunun cavabını kim verəcək? Yazmadığımız yer qalmayıb. Gəldilər, baxdılar və qəzalı olmadığını söylədilər. Siz çəkin, göstərin, qoyun insanlar desin, bu ev qəzalıdır, ya yox”.

S.Əhmədova heç yerdə çalışmır. Təqaüdlə dolanır. Oğlanlarından biri Bakıda fəhləlik edir, digəri gözdən əlildir. Ölən oğlunun iki övladına da o baxır. Deyir, çətindir, yeməklərini, geyimlərini güclə ödəyir, ev tikmək onların yuxusuna girməyəcək qədər bahalı prosesdir.

“Mənim heç təmirə gücüm çatmır, qaldı, ev tikdirəm. Yanından yel ötür qorxuruq, göydən təyyarə keçir, ev, pəncərələr silkələnir. Mən bu evin altında nə qədər uşaq böyüdürəm, vallah, günahdır”.

S.Əhmədova həyətində bir neçə mal-heyvan və toyuq-cücə də saxlayır. Pensiyasını da üstünə gələndə, birtəhər dolandıqlarını söyləyir. Deyir, bunlardan başqa gəlir yerləri yoxdur. Onunla da ev tikmək heç cür mümkün deyil:

“Divarları görürsünüz, az qala üstümüzə aşır. Hər yeri partlayıb, dağılır. Keçən dəfə əlacım kəsildi, usta çağırdım. Dedim, canım cəhənnəmə, kredit götürüb, ödəyərəm. Bir balaca əl gəzdirsinlər. Dedi, yox, ələ gəlməz, boşuna xərc çəkməyin. Sökülüb yenidən tikilməlidir. Mən bu yetimlərə təhsil verim, yemək, geyim alım, yoxsa ev tikdirim? Hansını edim, bilmirəm. Ancaq dolanışığımızı ödəyə bilirik, vəssəlam. Torpağımız balacadır, nə qədər heyvan saxlamaq olar ki? Yemi də pulla alırıq, dolana bilmirik”.

S.Əhmədova deyir ki, kömək üçün ağız açacağı imkanlı qohumu, tanışı da yoxdur. Tək ümidi dövlətdir, ona müraciət edir:

“Mən də yaddan, özgədən istəmirəm, hökumətimdən istəyirəm, Mənə yardım etsinlər, xahiş edirəm. Heç kimə demirəm ki, gəlin məni dolandırın, maddi dəstək olun. Qəzalı vəziyyətdə olan evdir. Sakini isə 10 nəfərdir. Təhlükəlidir, qorxuludur. Hökumətimizə deyirəm, nolar, bizə də yazığınız gəlsin, evimizi yenidən tikin”.

Sahibə Əhmədova
Sahibə Əhmədova

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Ümumi şöbədən bildiriblər ki, icra hakimiyyəti ev tikən, evin qəzalı olub-olmamasını yoxlayan qurum deyil:

“Biz insanlara ev tikmirik. Düzdü, icra hakimiyyəti tərkibində Fövqəladə Hallar Komissiyası fəaliyyət göstərir. Bəlkə xanım onunla səhv salıb. Ancaq evi qəzalıdırsa, mütləq Fövqəladə Hallar Nazirliyinə müraciət edilməlidir”.

Fövqəladə Hallar Nazirliyindən isə bildirdilər ki, işə əvvəlcə rayondakı Fövqəladə Hallar Komissiyası baxmalı, evin qəzalı olub-olmamasını müəyyənləşdirməlidirlər:

“Evin qəzalı olub-olmadığı, qəzalı vəziyyətə düşmə səbəbi və s. araşdırılmalıdır. Bölgələrdəki nümayəndəliklər bunun üçündür. Xanım müraciət etsin, gəlib evinə baxsınlar. Həqiqətən ciddi problem varsa, onlar bizə bildirəcəklər”.

45891

Ana səhifəBölgəKürdəmir sakini: Hökumətimizin bizə də yazığı gəlsin