”Hansı əsrdə yaşayırıq ki, odunla sinif otaqları qızdırılsın?”

Ülgüc kənd sakini: ”İndi şikayət edənin özünü tutub, basırlar içəri”

Source:


Ülgüc kənd sakini: ”İndi şikayət edənin özünü tutub, basırlar içəri”


“Uşaqlarımıza normal təhsil verə bilmirik. Çünki kəndin məktəbi acınacaqlı durumdadır. Hər gün uşağı məktəbə göndərəndə, yalvarır ki, soyuqdan donuram, nə olar, bu gün dərsə getməyim. Qalırsan, çıxılmaz vəziyyətdə”.

Bunu Meydan TV-yə Ağsu rayonu, Ülgüc kənd sakini Yaqut Vəzirova deyir. Söyləyir ki, şəhid Zahid Hüseynovun adını daşıyan tam orta məktəb uçulub-dağılmaq üzrədir. Onun sözlərinə görə, məktəbin istilik sistemi yoxdur, uşaqlar növbə ilə odun aparırlar ki, sinif otağını isitsinlər:

“Hansı əsrdə yaşayırıq ki, odunla sinif otaqları qızdırılsın? İki övladım var, xəstə düşüblər. Sizdən nə gizlədim, çox vaxt özüm məktəbə getməyə qoymuram ki, xəstələnirlər. Sinif otaqları o qədər soyuqdur ki, oturmaq mümkün olmur. Məktəbə gedirlər, soyuqdan qrip olurlar, getməyəndə də dərslərdən geri qalırlar. Mənim də elə imkanım yoxdur ki, onları müəllim yanına göndərim. Məktəbdə pul yığırlar ki, sinifləri təmir edəcəyik, biz də veririk, amma ortalıqda heç nə yoxdur. Qorxumuzdan da səsimizi çıxara bilmirik”.

“Dillənməyə qorxuruq, kimə nə deyəsən? İndi şikayət edənin özünü tutub, basırlar içəri”, – adını açıqlamaq istəməyən kənd sakini belə deyir:

“Yollarımız, məktəbimiz pis gündədir. Dolanışığımız yoxdur. Əlimizi artıq hər yerdən üzmüşük. Qışda kəndin yolları dizə kimi palçıq olur. Uşaqlar zülm-müsibətlə məktəbə gedib-gəlirlər. Məktəbin də ki, işi Allaha qalıb. Döşəməsi çürüyüb, divarlardakı çatları gizlətmək üçün müxtəlif rənglərdə yamaq vurulub, damı dağıldığından yağan yağış birbaşa sinif otaqlarına tökülür. Qırılan pəncərə şüşələrini taxta parçaları, sellofan vurulub. Təhlükəli vəziyyət yaranıb, divarlar hər an şagirdlərin üstünə uça bilər. Üstəlik, yağışdan sonra vəziyyət daha da pisləşir. Məktəb ərazisindəki yol da bərbad vəziyyətdədir. İllərdir məktəbdə təmir-bərpa işləri aparılmır. Sonra da deyirlər ki, Azərbaycan sürətlə inkişaf edir. Dizə kimi palçığa bata-bata məktəbə gedən, dərsdə də soyuq otaqda titrəyə-titrəyə oturan uşağın gələcəyi nə olacaq? Budur, inkişaf? Aidiyyəti olan qurumların bizə kömək göstərməsini xahiş edirik”.

“77 şagirdin təhsil aldığı binanın nə zaman inşa olunduğu bəlli deyil. Çünki tikili uyğunlaşdırılmış məktəb binası kimi fəaliyyət göstərir. Məktəb heç vaxt əsaslı təmir olunmayıb”, – bu sözləri Meydan TV-yə Ağsu Rayon Təhsil Şöbəsi Metodkabinetinin direktoru Elnur Fərzəlizadə deyir:

“Ağsu rayonunun Göydəlləkli kəndində yeni ümumi orta məktəbin açılışı oldu. Sanqalanda da hazırda modul tipli ümumi orta məktəb tikilir. Həmçinin Hacmanda da modul məktəb var. Həqiqətən də Ağsuda elə məktəblər mövcuddur ki, onların modul məktəblə əvəz edilməsinə ehtiyac var. Onlardan biri də Ülgüc məktəbidir. Plana salınıb, həmin kənddə də məktəb inşa olunar”.

Son illər xüsusilə kəndlərdə məktəblərin tikintisinə daha az vəsait sərf edilməsi məqsədilə, qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Modul tipli məktəblərdə şagird sayına uyğun sinif otaqları, kitabxana, sanitar qovşağı olur, istiliklə təmin edilir. Bu tipli məktəblər istənilən vaxt başqa əraziyə köçürülə, yaxud genişləndirilə bilər.

Elnur Fərzəlizadə valieynlərdən təmir üçün pul yığılması iddiasını əsassız sayır. Bunun həqiqəti əks etdirmədiyini bildirir:

“Çünki biz ərazi məktəbləri ilə mütəmadi işləyirik. Valideynlərdən yığılan pulla məktəbə nə etmək olar? Həmin məktəbə əsaslı təmir lazımdır. Dövlət tərəfindən lazım olan məqamda vəsait ayrılacaq və inşa işlərinə başlanılacaq. Bəli, məktəb odunla qızdırılır. Ağsu rayonu Təhsil Şöbəsi ilə Meşə Təsərrüfatı İdarəsi arasında müqavilə var. Həmin sənəd əsasında, məktəb odunla təmin olunub. Uşaqların özləri ilə məktəbə odun daşıması da doğru deyil. Qış fəsli ərzində sinif otaqlarının isti olmasına nəzarət yetiriləcək”.

Ağsu Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi İzay İnayətov bildirib ki, Təhsil Nazirliyi problemli, qəzalı vəziyyətdə olan məktəblərlə bağl məlumatlandırılıb. Həmçinin kənd camaatına nazirlik səviyyəsində söz verilib və müəyyən işlər görüləcək:

“Ərazidə yerləşən məktəblərin tikintisi Ağsu Rayon İcra Hakimiyyəti və rayonun Təhsil Şöbəsinin ixtiyarında deyil. Məktəblərin tikintisi və bərpasını, ölkə başçısının sərəncamı ilə, birbaşa Təhsil Nazirliyi həyata keçirir. Keçən il Göydəlləklidə, Hacmanda pilot layihə olaraq, modul məktəb tikildi. Məktəblərin ərazilərinə gəlincə, mərhələli şəkildə, çınqıl verilir. Bir sıra kənd məktəblərinin ərazisində asfaltlaşma işləri aparılır. Bunu Təhsil Nazirliyi həyata keçirir. Nazirlik, həmçinin yeli İcra Hakimiyyəti tərəfindən müsbət mənada işlər görülür. Gücümüz çatan qədər köməklik edirik”.

Təhsil Nazirliyindən 2019-ci ilin investisiya proqramında Ağsunun Ülgüc kəndində modul tipli məktəbin quraşdırılmasının nəzərdə tutulub-tutulmamasını öyrənmək mümkün olmadı.

Ana səhifəBölgə”Hansı əsrdə yaşayırıq ki, odunla sinif otaqları qızdırılsın?”